Meymunçiçəyi virusu Afrikada epidemiya halını alıb
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Afrikada meymunçiçəyinin yayılmasına görə fövqəladə vəziyyət elan etdiyi bildirilir.
Konqo Demokratik Respublikasından qonşu ölkələrə – Keniya, Ruanda, Burundi və Uqanda virus yayılıb və fövqəladə vəziyyət elan edilib.
Afrika Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzlərinin baş direktoru Jan Kaseyanın sözlərinə görə, artıq peyvəndlərin alınması üçün müvafiq müqavilə imzalanıb.
Saziş çərçivəsində təxminən 200.000 doza vaksin tez bir zamanda alınacaq və bütün Afrikaya paylanacaq.
Həmçinin qarşıdakı iki həftə ərzində qitənin təhlükəyə cavab tədbirləri planı hazırlanacaq.
ÜST-nin baş direktoru Tedros Adhanom Qebreyesus bildirib ki, təşkilat bununla bağlı ilkin olaraq 1,5 milyon dollar ayırıb.
Təşkilat maliyyə üçün donorlara da müraciət etməyi planlaşdırır.
2022-ci ilin əvvəlindən Afrikada 1267 təsdiqlənmiş meymunçiçəyinə yoluxma hadisəsi qeydə alınıb, eyni zamanda qitənin 13 ölkəsində 226 ölüm baş verib.
Meymunçiçəyi xəstəliyi nədir?
Meymunçiyəyi virusu ilk dəfə 1958-ci ildə meymun koloniyalarında kəşf edilib.
İlk dəfə insana yoluxma hadisəsi isə Konqo Demokratik Respublikasında 1970-ci ildə baş verib.
Bu virus yalnız meymunlardan ötürülmür. Daşıyıcıları daha çox gəmiricilər və çöl heyvanlarıdır.
Meymunçiyəyinə yoluxma riski əsasən qərbi və mərkəzi Afrika çöllərində yaşayan gəmiricilərlə təmasdan və dişləndikdə mümkün ola bilər.
Əlavə olaraq, daşıyıcı heyvanın qanından, bədən mayesindən, dərisində olan qabarcıqlar və qızarıqlardan yoluxmaq mümkündür.
Yoluxmuş heyvanın yaxşı hazırlanmamış ətini istehlak etmək də insanlarda yoluxma riskini artırır.