Uşaqlığını, gəncliyini müharibə ilə iç-içə yaşayan qadın

“Kürəyimdəki qəlpəni çıxartdılar, ayağımdakı hələ də mənimlədir”.

Source: Specify Source


“O gecə Xocalıda soyqırım oldu və biz bir də məktəbə getmədik”

“Deyirlər, “1988-ci ildən başlayıb müharibə”. Çox xatırlamıram, uşaq idim. Sizə müharibəni qavradığım gündən danışmaq istəyirəm – 1992-ci il fevralın 25-dən”.

Ağdam sakini Maya Quliyeva deyir ki, həyatı müharibələr içində keçib. Söyləməsinə görə, insan ağır günləri həyatının başında yaşadısa, ona gələcəkdə zaval yoxdur. Öhdəsindən gəlməyəcəyi çətinlik olmur:

Uşaqlığını, gəncliyini müharibə ilə iç-içə yaşayan qadın

“Axı odun-alovun içindən gəlir, hansı cəhənnəm onu yandıra bilər? Bəli, ağır günləri həyatımın başında yaşayanlardanam. Həmin gün – 1992-ci il fevralın 25-də müharibənin başlayacağını anlamışdıq. Ağdamın Saybalı kənd məktəbində oxuyurdum. Həmin gün dərsdən çıxanda dedilər: “Ağdərə-Xocalı istiqamətində dəhşət atışma gedir”. Bir sinif yoldaşım var idi, Bağmanlar kəndindən. Hündür oğlan idi, bizdən yaşda böyük, dəfələrlə sinifdə qalmışdı, dərsi, məktəbi sevmirdi. Dərs çıxışı əllərini göyə açdı və “İnşallah, bu gün məktəbə gəlişimizin son günü olar”, – dedi. Həmin situasiya heç vaxt yadımdan çıxmaz. O gecə Xocalıda soyqırım oldu və biz bir də məktəbə getmədik”.


“İlk dəfəydi ki, canlı avtomat görürdüm”

Maya Quliyeva xatırlayır ki, bundan sonra anası könüllü hərbiyə yazılıb. Elə həmin gündən də müharibə həyatlarına daxil olub:

“Sonra kəndimizdən xeyli tanıdığım insan da könüllü hərbiyə yazıldı. Həmin ilin Novruz Bayramını xatırlayıram. Anamın dostları bizə gəlmişdi. İlk dəfəydi ki, canlı avtomat görürdüm, gözlərimi bərəldib baxırdım. Bəli, sinif yoldaşım Bəylərin o sözü, Xocalı soyqırımı və müharibə. Hər şey bu ardıcıllıqla başladı”.


“Dönsək də, daha orada bizi gözləyən bir evimizin olmadığını bilirəm”

Maya bundan sonrakı prosesləri gecə-gündüz durmayan atışmalar, evlərini itirmələri və köçkünlük kimi xatırlayır:

“O gün anam badımcan dolması hazırlamışdı. Bişməsi üçün asta odda qazın üstünə qoymuşdu. Bu zaman anamı təcili çağırdılar ki, ermənilər hücuma keçib. Sonra ara qızışdı, anam qayıtmadı. Bir neçə saat sonra nənəm mənim dalımca gəldi. Düşündüm ki, yarım saata dönəcəyik bir neçə dəfə etdiyimiz kimi. Buna görə yeməyin altını belə keçirmədim. Yadımdadır, iyulun 4-ü idi. O evimizdən son çıxışım oldu. Günlər həftələrə, həftələr aylara, aylar da 30 ilə gəlib çatdı və dönsək də, daha orada bizi gözləyən bir evimizin olmadığını bilirəm”.

image_from_ios (3).jpg
“Dönsək də, daha orada bizi gözləyən bir evimizin olmadığını bilirəm”


“O çoxuna uzaq görünən müharibə bizim evimizin içində idi”

Maya Quliyeva televiziyada tez-tez verilən bir xəbərin reallığından danışır. Deyir: “Biri var xəbəri televiziyadan dinləyəsən, biri də var, özün o xəbərin içində olasan”.

“Deyirlər: Təmas xəttində atəşkəs rejimi pozulub”. İnsanların televiziyadan eşitdiyi bu cümlə həmişə mənim həyatımın içində olub. 20 dəfə, 30 dəfə, 40 dəfə pozulub eləmi? Bəli, biz bir o qədər diksinmişik, əlimizdəki işimizi yerə qoymuşuq, həyəcanlanmışıq, səksəkə içində yatmışıq, narahatlıq keçirmişik. Çünki o çoxuna uzaq görünən müharibə bizim evimizin içində idi. 30 ili bacı-qardaş kimi yaşamışıq”.


“Sonuncu müharibə sentyabrda yox, iyunda başlamışdı”

Mayaq Quliyeva deyir ki, bu 30 ildə elə bir gün olmayıb ki, kiminsə evinə tabut getməsin. 30 illik atəşkəs dövründə ölən insanların sayı sonuncu müharibədə həyatını itirənlərdən çox olub:

“Onsuz da uşaqlar ölürdü, analar ağlar qalırdı. Bu dəfə 44 gün ərzində kütləvi hal aldı. Məncə, sonuncu müharibə sentyabrda yox, iyun hadisələrindən, generalımız Polad Həşimovun ölümündən sonra başlamışdı. Minlərlə gəncimiz gedib orduya könüllü yazılmışdı. Sonda da olan oldu”.

image_from_ios_4_mtjt0s2
“O evimizdən son çıxışım oldu”


“Müharibə başlamışdı və biz yenə onun içində idik”

Qəhrəmanımız sonuncu müharibəni daha yaxşı xatırlayır və deyir ki, indiyə qədər həyatında olan heç bir müharibə ona belə təsir etməyib:

“Sentyabrın 27-də Bakıda idim. Kiçik oğlum zəng etdi ki, atəşkəs pozulub, deyirlər, müharibədir, nənəmlə Quzanlıya gedirik”. Tələsik Bakıdan gəldim, artıq ilk şəhidimiz vardı, Toğrul. Sonra necə oldu, heç bilmədim. Ayıldıq ki, qızğın müharibədir. Sanki hər şey qəribə bir axınla gedirdi. Müharibə başlamışdı və biz yenə onun içində idik. Evimiz hərbi hissəyə çevrilmişdi. Arxa tərəfdə hərbi maşınlar var idi və biz evimizi hərbçilərin üzünə açmışdıq. Ev həm yardımların, ərzaqların toplandığı baza, həm də əsgərlərin yemək yediyi, çay içdiyi, dincəldiyi bir məkana çevrilmişdi. Məndən bir neçə gün sonra qardaşım gəldi Bakıdan. Gəldiyi günün səhərisi o da, oğlum da gedib könüllü yazıldılar hərbiyə. Bir gün sonra böyük oğlum Xalidlə Quzanlıya getmişdik. Elə mənim yanımda ona zəng gəldi. Dedilər ki, səfərbərlik dayandırılıb, lazım olsa, çağırılacaqsınız. Çox pis oldu”.


“Oğlum oktyabrın 8-də çağırıldı və sevinə-sevinə getdi”

Maya Quliyeva deyir ki, oğlu Xalid müharibənin başladığı ilk gündən döyüşə getmək və sırf Ağdam istiqamətindən vuruşmaq istəyirmiş:

“Nəhayət, oktyabrın 8-də çağırıldı və sevinə-sevinə getdi. 10 günlük təlimdən sonra Suqovuşan-Talış istiqamətində döyüşlərə qatıldığı xəbərini aldıq. Kəşfiyyatçı idi. Bilirəm, bu, müharibənin ən çətin və məsuliyyətli işlərindən biridir. Noyabrın 4-də oğlumun şəhid olduğu xəbərini aldım. 806-cı yüksəklik deyirlər, Kəlbəcər yüksəkliyi. Şuşa yolunun üstüdür deyəsən. Orada vurulub”.


“Kürəyimdəki qəlpəni çıxartdılar, ayağımdakı hələ də mənimlədir”

Maya Quliyeva deyir ki, bundan sonra ümumiyyətlə, müharibə onu qorxutmayıb. Artıq itiriləsi bir həyatının qaldığını düşünmürmüş və bu, onu həyəcanlandırmırmış:

image_from_ios (2).jpg
” Analar neçə uşağı varsa, o qədər hissəyə bölünür”

“Həyətimizə mərmi də düşdü, anam və mən yaralandıq da. Hamısı film kimi gözümün önündə canlanır. Anamı xəstəxanaya güclə çatdırmışdım. Ora çatanda bilmişdim ki, özüm də ayağımdan və kürəyimdən yaralanmışam. Kürəyimdəki qəlpəni çıxartdılar, ayağımdakı hələ də mənimlədir”.


“Yarımçıq olsa da həyat davam edir”

Maya Quliyevanın Xaliddən kiçik bir oğlu da var – Ömər. Deyir, artıq onun üçün yaşayır:

“Bir parçam gedib, digəri buradadır, şükür. Analar neçə uşağı varsa, o qədər hissəyə bölünür. Mən də iki hissədən ibarət idim, indi yarım qalıb. Yarımçıq olsa da, həyat davam edir. Şəhid olan o 3000-dən artıq qəhrəman bizə qalibiyyəti yaşatdı. Torpaqlarımızı işğaldan azad etdilər. İndi bizim üçün odlu silahla olan müharibə bitib. Bundan sonra qazilərimiz, şəhidlərimiz qarşısındakı öhdəliklərimizi yerinə yetirməliyik. Ən azından bunun üçün yaşamaq lazımdır”.


“Həmin torpaqlarda şəhidlərimizin adını yaşatmalıyıq”

Maya Quliyeva deyir ki, işğaldan azad olunan torpaqlarda müharibədə həyatını itirmiş hər bir şəxsin adını yaşatmaq lazımdır:

“Qazilərimizə dəstək olmalı, onlara işğaldan azad olunmuş ərazilərdə yaxşı həyat qurmalı, həmin torpaqlarda şəhidlərimizin adını yaşatmalıyıq. Və bütün bunlar üçün yaşamaq lazımdır”.

Ana səhifəBölgəUşaqlığını, gəncliyini müharibə ilə iç-içə yaşayan qadın