Hər dəfə sosial şəbəkələrdə, keçmiş ailə şəkillərimizdə və ya hansısa köhnə xalq musiqilərinin kliplərində Göygölü görəndə qəribə duyğu gəlir içimə. Qarabağlılar öz yurd-obalarını həmin vasitələrlə görəndə necə hisslər keçirir, məncə eyni hisslərdir məndəki də. Çünki artıq 10 ilə yaxındır oralar bizdə deyil axı. Sanki düşmən işğal edibmiş kimi, əsgər postları ayırır oranı bizdən. Səbəblərə sonra gələcəm. Xatirələrimi bölüşmək, dərdimi danışmaq istəyirəm azca.
Uşaqlıqda Göygölün 40 kilometrliyində qalırdıq deyə, demək olar yaylarda ən azı 10 dəfə gedirdik, bütün başqa rayonlardan gələn ailə qonaqlarımızı da ora aparırdıq. Hətda darıxırdıq deyə Göygölsüz qışda da bir-iki dəfə gedirdik. Göl təmiz buz tutur, gözəlliyi təsvir etmək mümkün deyil, Göygölü canlı görənlər yaxşı başa düşər məni. O biri dünya üçün dindarlar cənnəti təsvir edəndə, oralar gəlir gözümün qabağına. Göygöl tək deyil, ondan yuxarı tərəfə daha 6 göl sıra ilə bir-birini əvəzləyir. Sanki mənzərəni tamamlamaq istəyirlər. Ən son Maralgöldür, hamısını Ağsu çayı birləşdirir. Elə bil, Gəncədə 8 əsr qabaq baş vermiş zəlzələnin məqsədi orda cənnəti qurmaq olub. Bu xatirələri danışanda özümün indi ora gedə bilməməyimə çox pis olsam da, həyatında bir dəfə də olsa görməyən azərbaycanlıların olmasını biləndə dəhşətə gəlirəm. Necə yəni Azərbaycanın olan bir əraziyə, milli parka, qoruğa vətəndaşlar gedə bilməsin?! İsveçrənin göllərindən bəh-bəhlə danışan turistləri niyə oranı göstərib susdurmayasan ki…
ABŞ-da yaşayan vaxtı evimizin yaxınlığında təxminən Göygöldən bir az balaca göl var idi. Tez-tez gedirdim. Amerikalılar ordan necə zövq aldığını görəndə içim acıyırdı ki, niyə mənim xalqım bundan qat-qat gözəl, Kəpəz dağının meşə ilə, meşənin qoynunda göl ilə qovuşmuş cənnəti görə bilməsinlər?! Səbəb çox sadə, amma dəhşətlidir. Bəlkə çoxunuz bilirsiniz, amma bu səbəbi yenidən yazmalıyam, tarixə keçirməliyəm, mütləq, biz sussaq da, bu səbəbə tarix susmamalıdır, susmayacaqdır.
Bəli, Göygölü nə ermənilər işğal edib, nə də ora getmək təhlükəlidir. Orda cənab prezidentin malikanəsi yerləşir və ildə 2-3 günlük istirahət üçün ora gəlir. Hərdən ABŞ-da olanda istəyirdim ki, amerikanlılara yaxınlaşım deyim “bəs bizim gölümüz var, burdan qat-qat gözəldir, amma prezidentimizin orada evi var deyə biz ora 10 ildir gedə bilmirik” Amma sonra dəli-filan deyib güləcəklərindən çəkinirdim. Çünki normal ölkədə ağıllı adam nə bu məsələyə inanardı, nə də etdirməzdi. Hərdən azərbaycanlılardan səbrim artıq daşır məsəlini eşidəndə gülməyim gəlir. Bizim səbr stəkanımız deşikdir, axıdır yanından, heç vaxtda dolub daşmayacaq kimi gəlir adama. Yoxsa, Göygölü görməməyə heç bir səbr-filan dözməz. Aşağıda cənab prezidentin Göygöldəki malikanəsinin şəklini qoyuram, baxın köks ötürün. Elə bilməyin, kimsə turist kimi gedib çəkib, yox yox bunu orada işləyən, vicdanı sızıldayan bir fəhlə çəkib, elə bil Azərbaycan xalqına mms-lə göndərib demək istəyib ki, “vicdanınız olsun, necə dözürsünüz!”
Sonda. Cənab rəhbərlər, həqiqətən dəyərmi 3-4 günlük istirahətə görə 10 ildir milyonlarla insanı o gözəl məkana buraxmamağınıza? Turizmi inkişaf elətdirmək istəyirsiniz, Azərbaycana gələn turisti birinci elə yerlərə aparmaq lazım deyilmi? Neynəyir 2 min illik daş-divarın içində böyümüş avropalı bizim ağardılmış, yanan, saxta, penoplastlı binalarımızı? Mən bu oyunları təşkil etsəydim, ölkəmizə gələn qonaqlara Göygölü göstərərdim. Amma üzr istəyirəm, heç olmasa həmin ərəfədə sizin villanızın üstünü ağaclarla filan kamuflyaj etmək lazımdır, yoxsa parklarında səkilərə belə daş vurmayan avropalıya necə başa salasan ki, biz milli parkda villa tikirik, ağacları kəsirik, heç kimi buraxmırıq?!
Yazıdakı fikirlər müəllifə məxsusdur və onlara görə Meydan TV məsuliyyət daşımır.