Uşaqlarınızın iştahı yoxdursa…

Bəlkə də bu mövzuda yazmağım qəribə görünəcək. Amma düşünürəm ki, bəzən biz sadə mövzularda da yazmağa xor baxmamalıyıq

Source:
Günel Mövlud
Günel Mövlud
Günel Mövlud – Banner
Günel Mövlud – Banner

Bəlkə də bu mövzuda yazmağım qəribə görünəcək. Amma düşünürəm ki, bəzən biz sadə mövzularda da yazmağa xor baxmamalıyıq.

Bir ana olaraq, uşağımın problemlərini həll etdikcə, bəzən uğursuzluğa düçar oluram. Bəzən də problemi uğurla həll edə bilirəm. Həllini tapdığım məsələlərdən biri də uşağın iştahsızlığıdır. Bu problemə bir ilə yaxın vaxt, əsəb xərcləyəndən, hansı üsulların uğurlu, hansıların uğursuz olduğunu biləndən sonra, düşündüm ki, təcrübəmi paylaşım. Hazırda yemək vaxtını həvəslə gözləyən, supu, borşu, tərəvəzləri sevən, mükəmməl həzm sisteminə sahib bir oğlan uşağının anası olaraq, məncə sizə nəsə öyrədə bilərəm.

Beləliklə, uşağınız yemirsə, nə etməli…

Birincisi, ən birincisi, ən ümdəsi, əziz analar, uşağınızdan əl çəkin. Zorla yedizdirməyə çalışmayın. Başa düşürəm, ana qayğısı, ana ürəyi-zad. Anlayıram. Amma doğrudan da, uşaqdan bir müddətlik əl çəkin. Ona heç nə təklif eləməyin. Zorla ağzına təpməyin yeməyi. Ona yedizdirilməli, kökəldilməli öküz kimi yanaşmayın. Qoyun həm də yeməkdən həzz alsın. Bunun üçünsə, imkan verin, o acsın. Açıq havada gəzdirin, çoxlu oynayın onunla, qoyun enerji itirsin. İki saat, üç saat, beş saat – bir vaxt gələcək ki, özü yemək istəyəcək. Mütləq istəyəcək.

Onun üçün aldığınız yeməkləri, meyvələri tez əlinə uzatmayın. Alın, görünən, əli çatan bir yerə qoyun. Təklif eləməyin. Bir vaxt gələcək, özü götürəcək, ya danışa bilirsə, istəyəcək.

Rejimə əməl edin. İnanın ki, mən də xaotik adamam, amma rejim kimi faydalı şey yoxdur. Uşaqda günün eyni vaxtında, eyni saatlarda iştah olsun deyə, səhər, günorta, axşam yeməklərini eyni vaxta salın. Siz süfrəni qurun, yenə yeməsə, yığışdırın və növbəti yemək vaxtına qədər heç nə təklif etməyin. Eybi yox bir öyünü buraxsın, amma növbəti öyünü öz vaxtında yesin…

Faydalı şeyləri necə yedizdirməli….Təbiət elə maraqlı bir şey qurub ki, orqanizm üçün faydalı şeylərin çoxu dadsız bitkilərdə, tərəvəzlərdə, buğdalardadı. Faydalı yeməkləri də, məsələn, borş, sup, tərəvəz püresi və s. uşaqlar həvəssiz yeyir, bəzən də imtina edirlər. Siz istəyirsiz ki, uşağınız bu şeyləri yesin.

Əgər uşaq rahat danışa bilirsə, işiniz daha asandır, ona, məsələn, Canavar və Buzov cizgi filmini göstərib, deyə bilərsiniz ki, bunları yesən bu buzov kimi tez böyüyəcəksən. Uşaqlar böyüməyi sevir, elə bilirlər, böyüyəndə ağ günə çıxacaqlar. Hər nə isə, böyüməklə şirnikdirib, brokkoli, yerkökü, kələm, çuğundur, lobya, sup, borş kimi nemətləri onlara yedizdirə bilərsiniz. Amma uşaq tam qanmırsa, məsələ bir az qəlizdir. Zorlamaq olmaz, onda ikrah doğurarsız həmin qidalara qarşı, bir də heç yeməz. Bu yerdə bəzi hiylələr sizin köməyinizə çata bilər.

Deyək ki, bəbəniz (oğlumun bu sözdən çox xoşu gəlir) kartof qızartması ya da üzüm xoşlayır. Siz onun xoşladığı şeyi evdə minimuma endirir, yığışdırırsız. Məsələn, borş yedizdirmək üçün, süfrənin ortasına bir salxım üzüm qoyursunuz. Bəbəniz üzümə sarı dartınanda, ona başa salırsınız ki, o üzümü ancaq borşu yeyəndən sonra ala bilər. Dəmir bir qayda var. Qərarınızı heç vaxt dəyişməyin. Uşaq borşu yeməsə, qəddar olun və üzümü ona verməyin. Üzümü almaq üçün, o, borşu yeməlidir.

Bir dəfə yeməyəcək, ağlayacaq, amma üzümü almayacaq. İki dəfə. Üç dəfə. Axırda anlayacaq ki, zarafat deyil, bu. Üzümü qazanmaq lazımdır. Başlayacaq borş, sup, brokkoli yeməyə. Özü də belə halda o borşa, ya tərəvəz püresinə ikrahla baxmayacaq, iş kimi, öhdəlik kimi və arzusuna çatmaqda bir vasitə kimi baxacaq. Və bu yeməyə nifrət etməyəcək. Uşağın hansısa yeməyə, tərəvəzə nifrət etməməyi çox vacibdir.

Yeməyi dadlandırın. Öz aramızdı, analar bəzən uşarlarına elə şeylər yedizdirməyə çalışırlar ki, onu özləri heç vaxt yeməzlər. Düşünün, siz bunun faydalı olduğunu bilə-bilə yemək istəmirsinizsə, uşaq tam qanmaya-qanmaya niyə yeməlidir axı? Xırda əlavələrlə, faydalı, amma dadı az şeyləri dadlandırın. Məsələn, brokkolini buxarda ya eləcə qaynadılmış verin ona, amma insaf edin, bir az da duz, qızarmış soğan qatın. Təzə göyərti doğrayın üstünə, dadlı olsun. Nə bilim, bəzi tərəvəzləri ət suyunda qaynadın. Borşu, şorbaları mütləq ət, toyuq bulyonunda bişirin. Oğlum ət bulyonunda bişirilmiş mərcimək şorbasını elə həvəslə yeyir ki.

Başının qarışmasından istifadə edin. Doğrudur, bu üsulu çox da sevmirəm. Daha yaxşı olar ki, yemək yeyəndə onun diqqəti heç nəyə yayınmasın. Amma vəziyyət lap bərbaddırsa, onun sevimli cizgi filminə baxmasında istifadə edib, mexaniki olaraq yeməyi ona yedizdirə bilərsiz. Heç başa düşməyəcək nə baş verir. Amma bir daha deyirəm ki, bu üsul ancaq uşağın davamlı iştahsızlığı, uğursuzluqla nəticələnən yorma və acdırma cəhdlərindən sonra yolveriləndir. Normalda isə uşaq yemək ritualına öyrəşməlidir. Masa, onun öz qab-qacağı, erkən yaşlardan təhlükəsiz çəngəl və qaşıq dəsti, yaxalıq… O, bilməlidir ki, ritual məhz belədir.

Söhbətlər. Çalışın, uşağınız sizinlə bir yerdə yesin. Öz iştahınızla onu həvəsləndirin. Biz tək yeməyi xoşlamadığımız kimi, uşaqlar da tək yeməyi xoşlamır. Şən, söhbətlə dolu, oynaq atmosferdə uşağın iştahı da əla olur. Buna görədir ki, tək uşaqlar iştahasızlıqdan əzyiyyət çəkdiyi halda, çoxuşaqlı ailələrdə belə problem nadirən olur. Mənim oğlum hələ ki, təkdir və biz çalışırıq ki, həmişə onunla yeyək. Hərdən süfrəyə bir konfet qoyub, deyirəm ki, yeməyini kim axıra qədər yesə, bu konfet onundur. Oğlum çalışır ki, konfet həmişə onun olsun.

Şirniyyatı zibil qutusuna atın, ya da yeyin, cəhənnəm olub qurtarsın. Şirniyyat olan evdə uşaq yemək yemir. Şirnidən tıxır, iştahası korlanır. Bizim bəxtimiz gətirib ki, şirni sevmirik, nə mən, nə uşağın atası.

Yemək vaxtından bir saat əvvəl göz qabağına soyulmuş, doğranmış meyvələr, yerkökü, xiyar qoyun. Bu şeylər iştahı artırır. Bir alma, bir yerkökü, bir xiyar yeyən uşaq mütləq bir saatdan sonra yemək istəyəcək. Yeməkdən sonra ona xoşladığı şeyləri vəd edin. Məsələn, onunla oynayacaqsız, gəzməyə aparacaqsınız, şar dombaldacaqsınız, onunla birlikdə cizgi filminə baxacaqsınız. Uşaqlar sevdikləri şeylərə bizi şərik etməyi çox sevirlər.

Göz əlaqəsini unutmayın. Onun gözlərinə baxaraq danışın. Onu inandırın. Tez-tez Mən səni başa düşürəm, amma belə lazımdır, deyin. Hətta o, tam qanmırsa, hələ lap balacadırsa.

Nəhayət. Bunu mütləq bilin ki, uşağınız sizi sevir. Biz bəzən çox dana, heyvərə, yekəbaş adamlar oluruq və uşağımızın bizi necə sevdiyini, bizə görə necə narahat olduqlarını görmürük. Amma əmin olun ki, o, sizi sevir. Uşağınız heç vaxt sizi məyus etmək, incitmək istəməz. Ona izah edin. Başa salın, göstərin ki, o, yeməməklə, ya da lazımlı şeyləri yeməməklə sizi məyus edir. Uşağınız bəzən sizdən necə küsürsə, siz də ondan elə küsün. Qoy hiss etsin ki, sizi incidir. İnanın ki, hiss edən kimi könlünüzü almağa çalışacaq. Sevmədiyi şeyləri də yeyəcək.

Məsləhətlər bura qədər. Ümid edirəm, işinizə yarayar. Analar işlərinə yaradığını bildirsələr, uşağa çimməyi necə sevdirməli barədə də təcrübəmi paylaşa bilərəm növbəti yazıların birində…



Yazı müəllifin fikirlərini əks etdirir və Meydan TV-nin mövqeyi ilə üst-üstə düşməyə bilər.

Ana səhifəMənim FikrimcəUşaqlarınızın iştahı yoxdursa…