Uşaqların döyüldüyü yerlərdə…

Gözəl səslənən terminlərin arxasında gizlənməyək…

Source:

Azərbaycan cəmiyyətində hökm sürən, bizi daima narahat edən digər problem yəqin ki, hamının razılaşdığı çoxsaylı zorakılıq halları ilə bağlıdır. Qadına, uşağa qarşı zorakılıq halları ilə bağlı məlumatlar daima mətbuatda qarşımıza çıxmaqdadır. Problem nədədir? Cəmiyyətdə şiddətin baş alıb getməsi, daha da dərinləşməsinin səbəbləri nələrdir? Təbii ki, bu məsələ ilə bağlı əlimizdə araşdırmalar olmadığından problemə hərtərəfli baxmaq müşkülə çevrilib. Amma cəmiyyətin müəyyən həyat normalarına, yaşayış tərzinə, onun ümumi qəbul edilmiş davranış qaydalarına baxdıqda məsələ ilə bağlı müəyyən rəyə gəlmək mümkündür.

Neyro-psixoloq James Prescott problemin səbəblərini tapmaq üçün sənayə dövründən əvvəl 400 icmada araşdırma aparıb. Onun gəldiyi nəticəyə görə, mədəniyyətində fiziki zorakılığın olmadığı cəmiyyətlərdə yetişən uşaqlar, böyüdükdən sonra zorakılığa meyilli olmurlar. Uşaqlara sevgi və qayğını az göstərən, amma evlilik öncəsi cinsi münasibətlərə heç bir qadağa gətirməyən, buna pis baxmayan, bu cür yaşayış tərzini normal qəbul edən cəmiyyətlərdə də, zorakılıq halları çox aşağı olur. Prescottun fikrincə, hər bir fərd həyatının iki kritik dövründə – uşaqlıq və gənclik illərində – fiziki sevgidən yoxsul böyüyürsə, həmin fərdlərin yaşadığı cəmiyyət zorakılığa şiddətli meyili ilə fərqlənir. Fiziki sevginin təmin olunduğu cəmiyyətlərdə oğurluq, kütləvi dini qruplaşmalar və insanlarda qısqanclığa səbəb olan zənginliyi gözə soxma hallarına rast gəlinmir. Uşaqların döyüldüyü yerlərdə köləlik, cinayət, işgəncə, qadınları xor görmə, gündəlik həyatı səmavi varlıqların idarə etdiyinə olan inanc sistemləri geniş yayılır.

Presccot deyir: “Uşaqlara qarşı sevgi göstərən, evlilikdən öncə cinsi münasibətləri anlayışla qarşılayan cəmiyyətlərdə fiziki zorakılıq halları ehtimalı 2 faizidir. Bu münasibətlərin təsadüfi baş vermə ehtimalı isə birin 125,000 nisbətindədir. Vəziyyətə görə dəyişən bu nisbətin belə kəskin və yüksək rəqəmə çatdığı fərqi başqa sahədə tapmaq mümkünsüzdür”.

Hamımız razılaşırıq ki, uşaqlar sevgini aclıq kimi fiziki formada hiss edirlər. Yetkin insanlarda cinsi ehtiyac isə çox kəskin olur.

Azərbaycan ailələrində uşaqlara qarşı sevgi ilə zorakılığın nisbətini dəqiq müəyyənləşdirmək valideynlərin bilgisizliyi və uşaq psixologiyasından xəbərsizliyi baxımından olduqca çətin məsələdi. Zorakılıq edən insanlar hərəkətlərinin hansı nəticələr doğurduğundan çox zaman xəbərsiz olur. Savadsızlıq, məlumatsızlıq, stereotipik davranış (“uşaqdır, nə qanır”) sonradan Pesccotun da dediyi kimi ağır nəticələrə səbəb olur. Biz unutmamalıyıq ki, istənilən fiziki zorakılıq uşağın mənəviyyatını alçaldır, onda heç zaman unutmayacağı dərin yara açır. Özüm bu alçalmanın iştirakçısı və dəfələrlə şahidi olmasaydım, təbii ki bunu iddia etməzdim. Yaxın tanışlarımdan biri deyir ki, mənim atam çox əliaçıq insan idi, nə istəyirdik alırdı. Amma o, bir dəfə məni heç bir günahım olmadan vurdu. Buna görə mən onu heç o biri dünyada da bağışlamayacam.

Uşağın mənəviyyatının alçaldılması, “uşaqdır, heçnə qanmır” deyib keçilməsi ciddi məsələ olmasa idi, sivil dünya, uşaqların hüquqları ilə bağlı beynəlxalq sənədlər hazırlamazdı. Yeri gəlmişkən deyim ki, Azərbaycan BMT-nin Uşaq Hüquqları haqqında Konvensiyaya qoşulub.

Uşaqlarla bağlı ən dəhşətli hadisələr isə onların savad almasına kömək etməli olan məktəblərdə baş verir. Bəzən bu cür xəbərlər mətbuata çıxır. Müəllimlərin elementar uşaq tərbiyə etmək barədə məlumatının olmaması, daimi olaraq “fiziki tərbiyə” üsullarına əl atmasına səbəb olur. Uşaqların hər birinin bir fərd olduğu, onların temperamentlərinin, meyillərinin, fərqli baxışlara sahib ola biləcəyini anlamayan müəllimlər, uşaqlara fərd kimi yanaşmaqdansa, sürü kimi davranır. Nəticə isə göz qabağındadır. Bu barədə faktlar sadalamağa ehtiyac yoxdur.

Əminəm ki, bu yazını oxuyanların əksəriyyəti bir neçə dəfə ailə-daxili və məktəbdə fiziki zorakılığa məruz qalıb və iddia edirəm ki, həmin insanlar dərin mənəvi sarsıntı keçirtdiklərindən, “mən”ləri tapdalandıqlarından o hadisələri unutmayıb. Ən dəhşətlisi isə odur ki, bu hadisələri yaşayan insanlar sonradan eyni davranışı öz uşaqlarına qarşı edirlər. Nəticə isə hər gün qəzet və sayt başlıqlarına çıxarılan zorakılıq hadisələridi. Bütün bunlar yetəri sevgidən yoxsul, sevgi və qayğının xor görüldüyü cəmiyyətin həyatınının təbii qanunauyğunluğudur. Bu, bizim cəmiyyət olaraq təfəkkür və yaşayış formamızın labüd və məntiqə uyğun nəticələridi.

Evlilik əvvəli cinsi münasibətlərə gəldikdə, cəmiyyətimizdə bu yaşayış seçiminə istisna adamlar anlayışla yanaşır. Başqa sözlə, cəmiyyət bu kimi münasibətlərə çox sərt reaksiya verir, onu daima məhdudlaşdırmağa, qadağa etməyə çalışır. Konservatizm deyib, gözəl səslənən terminin arxasında gizlənmək lazım deyil, bu, açıq-aşkar insan təbiətinə zidd davranışdır və bunun adı geridəqalmışlıqdır.

Bu haqqda çox uzun-uzadı yazmaq olar, ki mövzu barədə bir çox köşə yazarımız dəfələrlə yazıb. Yazarlarımız həmin sağlam mövqelərinə görə, Azərbaycanda ən çox söyüşə, təhqirə, alçaldılmaya məruz qalmış insanlardır. Yazıda kiməsə əxlaq dərsi keçmək niyətində deyiləm, sadəcə hamını sağlam düşünməyə dəvət edirəm. Sağlam düşüncə dedikdə, bütün mənəvi imperativlərdən məhrum anlayışı nəzərdə tuturam. Hamını lüt, çılpaq formada düşünməyə dəvət edirəm. Məsələn, özünüz öz həyatınızda bunun ağrısını necə çəkdiyinizi yadınıza salmağınıza və daha sonra bu barədə düşünməyə dəvət edirəm.

Özümüzü James Prescottun araşdırdığı sənayə öncəsi icmalar kimi aparırırq. Belə bir zamanda belə yazıların yazılması bizlər üçün ayıb sayılmalıdır.

Son olaraq, bir tanışımın dediklərindən: “şəhərdə gəzən cütlüklərə baxırsan, mədəni insanlara baxırsan, hamısı yolun qırağı ilə başını aşağı salıb ürkək-ürkək yeriyir. Sanki onlar kimsə tərəfindən hücüma məruz qalacaqlarmış kimi qorxurlar”.

Uşaqlara və gənclərə hörmətlə!


Yazı müəllifin şəxsi mövqeyini əks etdirir..

Ana səhifəMənim FikrimcəUşaqların döyüldüyü yerlərdə…