”Uşaqların cinsə görə seçilməsi bizi narahat edir”

BMT nümayəndəsi problemin Azərbaycan da daxil olmaqla, bütün Cənubi Qafqaza aid olduğunu deyib

Source:
Fərid Babayev
Fərid Babayev


BMT nümayəndəsi problemin Azərbaycan da daxil olmaqla, bütün Cənubi Qafqaza aid olduğunu deyib

“Uşaqların cinsə görə seçilməsi problemi bizi çox narahat edir. Əvvəllər yalnız Cənub-Şərqi Asiyada müşahidə edilən bu problem artıq Azərbaycan da daxil olmaqla bütün Cənubi Qafqaz və Şərqi Avropanın bir sıra ölkələrində özünü biruzə verir”.

Bu açıqlamanı BMT-nin Əhali Fondunun baş müşaviri Fərid Babayev Azərbaycanda Gender əsaslı cinsi seçimin qarşısının alınması və aidiyyəti cavab tədbirlərinin görülməsinə dair Milli Fəaliyyət Planı layihəsinin təqdimatı zamanı deyib (

report.az

).

Fərid Babayev bildirib ki, tədqiqatlar ailənin sosial-iqtisadi vəziyyətindən asılı olmayaraq, mövcud patriarxal münasibətlər sistemində valideynləri mütləq şəkildə oğlan övladına sahib olmağa vadar etdiyini göstərir. Bu vəziyyət gələcəkdə əhalinin ümumi strukturu və dinamikası baxımından çox xoşagəlməz nəticələrə gətirib çıxara bilər.

Onun sözlərinə görə, kişilərin sayının həddən artıq çoxalması onların ailə qurmaq üçün partnyor tapa bilməməsi, eyni zamanda ölkədə zorakı davranış hallarının geniş yayılması nəticəsində ümumi kriminogen durumun ağırlaşması, gəlin qaçırma, erkən nikah, insan alveri və s. bu kimi bir sıra mənfi hallarla sıx şəkildə əlaqəlidir.

Əmək və əhalinin sosial müdafiəsi naziri

Sahil Babayev

ölkədə demoqrafik sabitliyin hökm sürdüyünü deyib:

“Respublikada davam edən inkişaf dinamikası ölkədə müsbət demoqrafik vəziyyətin, o cümlədən əhalinin sabit artım tempinin mövcud olması ilə tamamlanır”.

Sahil Babayev doğulanların cins strukturunda 1990-cı illərin əvvəllərindən doğulanlar arasında qız uşaqlarına nisbətdə oğlan uşaqlarının artımı, cins nisbətinin pozulması müşahidə olunur: “Son illərdə cins nisbətinin pozulması göstəricisində azalma meyli mövcud olsa da, nisbət fərqi yenə də nəzərəçarpan dərəcədədir”.

Sahil Babayev
Sahil Babayev

S.Babayev vurğulayıb ki, insanlar yaşlı vaxtında həyatlarına davam etmələri üçün adətən oğlan uşağının olması daha arzuolunan olur: “Biz bu streotipləri qırmaq istəyirik”.

Nazir bildirib ki, yeni hazırlanan Dövlət Proqramı layihəsində də doğulanlar arasında cins nisbətinin pozulmasının aradan qaldırılması məsələlərinə ayrıca bölmə kimi yer ayrılıb.

İqtisadçı Qubad İbadoğlu “Facebook” səhifəsindəki yazısında, Azərbaycanda yaxın 10 ildə demoqrafik artım templərinin dayanacağını qeyd edib.

Rəsmi statistikaya əsaslanaraq, Q.İbadoğlu bildirib ki, əhalinin təbii artımında 2011-ci ildən başlayan enmə son 3 ildə daha sürətli templə müşahidə olunmaqdadır.

“Dövlət Statistika Komitəsinin son açıqlamalarına görə, bu ilin əvvəlindən ölkə əhalisinin sayı 0,5 faiz artaraq 2018-ci il sentyabr ayının 1-i vəziyyətinə 9 milyon 950 min 512 nəfərə çatıb. Halbuki, ötən il Azərbaycan əhalisinin təbii artım tempi 0,9 faiz olub”.

Qubad İbadoğlu
Qubad İbadoğlu

O hesab edir ki, ölkədə ölümün cavanlaşması isə doğulanda gözlənilən ömür uzunluğunun azalmasına gətirib çıxarır.

“Son illər ana bətnində olan qız uşaqlarına görə abortların kütləviləşməsi demoqrafik inkişaf üçün vacib olan brutto-təkrar istehsal əmsalını da pisləşdirir. Bu əmsal reproduktivlik dövründə bir qadının orta hesabla doğduğu qız uşaqlarının sayını və doğulan uşaqların müəyyən vaxtdan sonra yeni valideyn nəsli ilə əvəz edilməsini göstərir”.

İqtisadçı bildirir ki, 2011-ci ildə əhalinin təbii artımı 122 min 310 nəfər, 2012-ci ildə 119 min 452, 2013-cü ildə 118 min 288, 2014-cü ildə 114 min 855, 2015-ci ildə 111 min 513 nəfər, 2016-cı ildə 102 min 816 nəfər, 2017-ci ildə 86 min 932 nəfər olub.

“Hesablamalar göstərir ki, əhalinin təbii artımı bu templə azalarsa onda yaxın 10 ildə Azərbaycan əhalisinin artımı dayanacaq və əhalinin təbii artımı azalma fazasına daxil olacaq”.

Ana səhifəXəbərlər”Uşaqların cinsə görə seçilməsi bizi narahat edir”