“Uşaqlarımla məni evdən çıxarmaqla cəzalandırırlar”

“O mənzil də uşaqlara görə verilmişdi, amma şərtlə”

Source: Specify Source


Elvin Mirzəyev: “Qətiyyən belə deyil, bizi aldatdığına görə məhkəməyə verilib”

Mingəçevirdən Bakıya gəlin köçmüş Nigar İsmayılova deyir ki, evlilik dövründə dəfələrlə şiddətə məruz qalıb. Elə bu üzdən də bu evliliyə son qoymaq qərarı verib. Amma boşanandan sonra da şiddət davam edib. N.İsmayılova ötən ilin mayında keçmiş həyat yoldaşından polisə şikayət edib. Deyir ki, həmin şikayətinə görə indi iki uşağıyla birlikdə evsiz qalmaq təhlükəsiylə üzləşib. Çünki qarşı tərəf şikayətdən hiddətlənib və onu evsiz qoymaq qərarı verib.

“Şikayətimə görə qayınatam, qayınım mənə qəzəbləndilər. Deyirdilər ki, “baxarsan, bundan sonra necə davranacağıq”. Elə bir az keçdi, məhkəmədən bildiriş gəldi. Məlum oldu ki, qayınım bizim yaşadığımız evlə bağlı məhkəmədə iddia qaldırıb”, – N.İsmayılova danışır.

N.İsmayılova Elvin Mirzəyevlə 2009-cu ildə ailə qurub. Onların 2012 və 2014-cü illərdə iki övladı dünyaya gəlib. 2016-cı ildə isə rəsmi şəkildə boşanıblar. Uşaqlar ananın yanında qalıb, ataya isə onların hər ikisi üçün (hər birinə 100 manat) aliment ödəmək öhdəliyi qoyulub. Bundan əlavə, Novxanıda yerləşən bağ evi də keçmiş ər-arvad arasında bölünüb.

N.İsmayılovanın hazırda uşaqlarıyla yaşadığı və itirmək təhlükəsilə üzləşdiyi 3 otaqlı ev isə 2018-ci ilin noyabrında bağışlanma müqaviləsilə ona verilib. Rəsmi sənədlərə görə, bağışlayan tərəf keçmiş qayını Tural Mirzəyev olub. İndi məhkəmədə iddia qaldırıb, evi ondan geri istəyən də T.Mirzəyevdir.

Amma N.İsmayılova deyir ki, əslində, evi qayınatası məhz onun uşaqları üçün alıb. Sadəcə, alqı-satqıda qayınının adına rəsmiləşdirilib:

“Keçmiş həyat yoldaşımla münasibətlərimiz pis olsa da, qayınatam və qayınımla yaxşı idi. Onlar məni və uşaqları evlə təmin etmək istəyirdi, amma Elvin imkan vermirdi. Ondan xəbərsiz mənə dedilər ki, “sən ev axtar, tap, biz alacağıq”. Evi də mən axtarıb tapdım, qayınım gəlib beh verdi. Uşağın adına almaq istəyirdilər, mən razılaşmadım. Çünki yoldaşımın xasiyyətini bilirdim, gəlib deyəcəkdi ki, “çıx burdan, bura sənin evin deyil”. Atasının adına olan evdən də məni qovmuşdu. Bu məsələlərə görə qayınımın adına alındı. Sonra qayınatam dedi ki, gedib mənim adıma keçirsin. O da bağışlanma müqaviləsilə evi mənə verdi. Bildiyimə görə, Elvin bizə ev alınmasından xəbər tutanda atası və qardaşıyla dalaşmışdı”.

N.İsmayılova 2019-cu ilin yayında aliment məbləğinin artırılması üçün məhkəməyə üz tutub. Avqustda Nizami Rayon Məhkəməsinin qərarıyla uşaqların hər biri üçün alimentin məbləği 100 manatdan 160 manata qaldırılıb. Oktyabrda isə qarşı tərəf məhkəmədə iddia qaldırıb. Tələb də bu olub ki, evin bağışlanması barədə bir il əvvəlki müqavilə etibarsız sayılaraq, ləğv olunsun.

İddiada N.İsmayılova ilə yanaşı, bağışlanma müqaviləsinin bağlandığı 46 saylı notariat kontorunun xüsusi notariusu Tamilla Kərimova da cavabdeh qismində qoyulub. Cavabdehlərdən biri – notariat kontoru Səbail rayonu ərazisində (Zərifə Əliyeva küçəsi, metronun “Sahil” stansiyasının yaxınlığı) yerləşdiyindən mübahisəyə də Səbail Rayon Məhkəməsində baxılıb.

image_from_ios (1).jpg
Tərəflər arasında müqavilə

Birinci instansiya məhkəməsi T.Mirzəyevin iddiasını əsassız sayıb, təmin etməyib. Amma Bakı Apelyasiya Məhkəməsi onun şikayətini təmin edib, bağışlanma müqaviləsinin etibarsız sayılması haqda yeni qətnamə çıxarılıb.

N.İsmayılova bu qərardan Ali Məhkəməyə şikayət edəcək: “Apelyasiya məhkəməsində hələ işə baxılanda, mənim vəkilim çıxış edəndə artıq hiss edirdim ki, sanki bunların qərarı artıq hazırdır. Bizim dediklərimizə formal, məhkəmə keçirmək xatirinə qulaq asırlar. Virusla əlaqədar yaranmış vəziyyətə görə hələ Ali Məhkəməyə şikayəti təqdim etməmişik, amma yaxın vaxtlarda göndərəcəyik. Belə çıxır ki, sənə ev vermişiksə, başına nə gəlsə də, susmalısan, şikayət etməməlisən, ağzını açırsansa, evi əlindən alırıq. Bu nə deməkdir?”

T.Mirzəyev isə deyir ki, qardaşının keçmiş həyat yoldaşına evi bağışlamamışdan öncə aralarında şifahi qaydada şərt olub. Amma N.İsmayılova o şərti pozduğundan, o da müqaviləni ləğv elətdirmək qərarına gəlib. Şərtin nədən ibarət olmasına gəlincə, T.Mirzəyev bildirib ki, N.İsmayılova uşaqlar üçün ödənilən alimentdən, bir də boşanma zamanı ona çatan bağ evindəki 50 faizlik paydan imtina etməliydi.

T.Mirzəyevin sözlərinə görə, mənzil bağışlanan ərəfədə N.İsmayılova Yasamal rayon İcra və Probasiya Şöbəsinə gedib, orada alimentdən imtina etməsi haqda ərizə yazıb. Bağ eviylə bağlı məsələyə gəlincə, deyib ki, sənədlər anasıgildədir, gedib götürüb, öz payını ona bağışlayacaq:

“Bir neçə dəfə ondan soruşdum ki, bağ evini nə vaxt mənim adıma keçirir? Dedi ki, heç bir problem yoxdur, tezliklə vaxt tapıb edəcək. Həm başım öz işlərimə qarışdı, həm də ona etibar edirdim. Ona görə də bu işin üstünə ciddi düşmədim. Bir müddət sonra qardaşım gəlib dedi ki, Nigar yenə aliment tələb edir. Nigarla əlaqə saxladım, görüşüb, həm bağ evi, həm də alimentlə bağlı saziş bağlamağı təklif etdim. Amma o yayındı. Başa düşdüm ki, aldadıb. Ona görə də evlə bağlı bağışlanma müqaviləsinin ləğvi üçün məhkəməyə müraciət etdim”.

T.Mirzəyev təsdiqləyir ki, mənzil onun adına olsa da, bağışlanmamışdan az öncə onu atası alıb. Onu da etiraf edir ki, N.İsmayılova qardaşından hüquq-mühafizə orqanlarına şikayət edib. Dediyinə görə, elə bu mübahisələrə son qoymaq üçün öz təşəbbüsü ilə Nigarla görüşüb, aliment və bağın müqabilində ona ev verməyə razılaşıblar.

N.İsmayılova deyir ki, evin ona şərtlə bağışlanması və onun şifahi razılaşmanı pozması haqda deyilənlər doğru deyil. Mənzil bağışlanan ərəfədə alimentdən imtina etməsi barədə qarşı tərəfin dediklərinə gəlincə, N.İsmayılova belə izah edir:

“Bizim aramızdakı əmlak mübahisəsinə görə icra şöbəsi keçmiş həyat yoldaşımın adına olan maşının üstünə həbs qoymuşdu. Gəlib dedi ki, maşını alan adam buna görə öz adına keçirə bilmir, problemlə üzləşir. Mən özüm kiməsə problem yaratmaq istəmirəm. Həm bu, həm də bilirdim ki, gedib dediyi ərizəni yazmasam, Elvin yenə günümü qara edəcək. Gedib o ərizəyə qol çəkdim. Orada alimentlə bağlı başqa bir ərizə də yazdırdılar. Elə bildim, maşın məsələsinin həlli üçün bu da lazımdır. Ancaq icraçı Elvinə dedi ki, “söz verirsən də, ödəyəcəksən”. O da təsdiqlədi. Doğrudan da, ödəyirdi… Düzdür, bəzən gecikdirir, bəzən vermir. Bu da imkansızlıqdan deyil, sadəcə, məni uşaqların alimentini verməməklə cəzalandırır”.

image_from_ios (2).jpg
Daşınmaz əmlakın bağışlanması müqaviləsi

Mənzilin bağışlanması barədə müqaviləni bağlamış notarius Tamilla Kərimova nə özü birinci instansiya məhkəməsində prosesə gəlib, nə də nümayəndəsini göndərib. Amma apelyasiya məhkəməsində gəlib danışıb. O da iddia edib ki, tərəflər arasında şərt olduğunu bilirdi.

N.İsmayılova isə bildirir ki, adıçəkilən notarius bu işdə maraqlı tərəfdir, ona görə də T.Mirzəyevin xeyrinə danışıb. Onun sözlərinə görə, Mirzəyevlər bu notariusla yaxındır, notarial qaydada həll olunası bütün işlərini də ona elətdirirlər:

“Məhkəmədə deyir ki, bizim aramızda bağ və alimentlə bağlı şərt olmasını işçisindən eşidib. Vəkilim soruşur ki, hansı işçisi, hardadır o adam, çağırıb dindirək? Deyir ki, ərə gedib, xaricdədir. Biz notariusu da məhkəməyə verəcəyik”.

T.Kərimova özü də məhkəmədə təsdiqləyib ki, T.Mirzəyevi hələ mənzilin bağışlanma müqaviləsi bağlanmamışdan əvvəl tanıyırdı.

N.İsmayılova ilə söhbətimizdə şiddətə məruz qalması barədə polisə şikayətinin nəticəsini də soruşduq. Cavabı belə oldu:

“Şiddətə çox məruz qalmışam. Bir neçə dəfə şikayət etmişəm. Əvvəlkilərin arxasınca getməmişəm. Sonuncu dəfə şikayət edəndən sonra nəticəsilə maraqlanırdım. Eşitmişdim ki, keçmiş yoldaşım bir müddət yoxa çıxıb, çağırsalar da, gəlməyib. Bildiyimə görə, son nəticədə onu 300 manat cərimələyiblər. Mənim çəkdiklərim elə 300 manatlıqdır? İstədiyin adamı döy, sonra da 300 manatla canını qurtar…”

Keçmiş həyat yoldaşı isə N.Mirzəyevin söylədiklərinin həqiqətəuyğun olmadığını deyib. E.Mirzəyev Meydan TV-yə açıqlamasında bildirib ki, əslində, N.İsmayılova onun uşaqlarla görüşməsinə mane olur, ev məsələsində də yaxınlarını aldadıb:

“7 ay uşaqları görməyimə imkan vermədi. İndi yenə iki aydır uşaqları göstərmir. Halbuki, mən ata kimi, üzərimə düşən bütün öhdəlikləri yerinə yetirirəm. Müalicələrindən, geyimlərindən tutmuş, uşaqlarla görüşməyə qədər. O mənzil də uşaqlara görə verilmişdi, amma şərtlə. O da bağ payını bağışlayacaqdı. Bunun şahidləri, səs yazıları da var. Amma evi alandan sonra bizi aldatmaq istəyib”.

N.İsmayılovaya qarşı şiddətə, onun polisə şikayətinə görə mənzilin geri alınmasına gəlincə, E.Mirzəyev bu haqda deyilənlərlə də razılaşmır:

“Onun təqdim etdiyi kimi daim zorakılıq etmək olmayıb, yalandır. Bir dəfə keçən il məni ağır ifadələrlə təhqir etdi, əsəblərim dözmədi, əl qaldırdım, dodağı qanadı. Buna görə şikayət etdi. İnzibati xəta işi başlandı, mənə verilən cəzanı da çəkmişəm. O hadisə ilə mənzilə görə məhkəmədə iddia arasında nə qədər vaxt var. Qətiyyən ona görə olmayıb. Sadəcə, bizi aldadıb, ona görə məhkəməyə verilib”.

E.Mirzəyev Sumqayıtdakı yeni Texnologiyalar Parkının rezidentliyinə iddiaçı – “Tural-110” MMC-nin direktoru, texnika elmləri üzrə fəlsəfə doktoru Vaqif Mirzəyevin oğludur. Onun rəhbərlik etdiyi şirkət neft məhsullarının emalı və xaricə ixracıyla məşğul olur.

Ana səhifəSosial“Uşaqlarımla məni evdən çıxarmaqla cəzalandırırlar”