Uşaqlarımıza nə göstərək…

Bir ilə yaxın müddətdə oğlum evdə müəyyən saatlarda bu cizgi filmlərinə baxırdı

Source:
Günel Mövlud (illüstrasiya)
Günel Mövlud (illüstrasiya)

Oğlumun 2 yaşı tamam olanda ona həm anladan, həm də yaxşı davranış aşılayan cizgi filmləri axtarmağa başladım. Qısa bir axtarışdan sonra Azərbaycan istehsalı olan cizgi filmlərindən əlimi üzdüm. Çünki pis hallarda banallıqdan, yaxşı halda mistifikasiyalardan başqa heç nə tapmadım.

Hələ bunu demirəm ki, cizgi filmlərinin ritmi, çəkiliş keyfiyyəti o qədər pis idi ki, uşaq onlara bir dəqiqədən artıq baxa bilmirdi.

Sonra bir alman uşaq kanalına abunə yazıldıq. Bir ilə yaxın müddətdə oğlum evdə müəyyən saatlarda bu cizgi filmlərinə baxırdı. Göstərilənlər o qədər maraqlı idi ki, özüm də oturub hamısına baxırdım. Və xeyli maraqlı şeylər müşahidə elədim. Əvvəla, yaş kateqoriyaları mütləq nəzərə alınır.

Hər kateqoriyaya uyğun şəkildə maarifləndirmə yükü artırılır. Mütləq rənglər, saylar, məişət əşyaları, meyvə, tərəvəz, müxtəlif ərzaqlar, onların istifadə qaydası, xeyirləri və zərərləri barədə məlumatlar əyləncəli şəkildə süjetin içində əridilib təqdim olunur. Ən maraqlısı və çox xoşuma gələn bu oldu ki, cizgi filmlərinin qəhrəmanları mütləq uşaqları körpə yaşlardan fərqli irqlərə, millətlərə alışmaq öyrədir. Bu alman cizgi filmlərinə mütləq afroamerikalı, asiyalı, avropoid irqlərindən qəhrəmanlar olur, uşaq körpə vaxtından gözü alışır ki, dünyada başqa rəngdə, fərqli üz quruluşuna sahib insanlar var və burda təəccüblü, sıradan olmayan nəsə yoxdur. Bununla da uşağınızın gələcəkdə küçədə afroamerikalı görəndə, “aaa, qarabala!” deyə qışqırmaq kimi tərbiyəsiz hərəkətlərinin qarşısı bəri başdan alınır.

“Ac Henri” adlı cizgi filmini biz bütün ailəcə maraqla izləyirdik. Ac Henri meksikalı pişikdir. Hər dəfə bir italyan restoranına gəlir, bir yemək seçir, hər dəfə tərslikdən bir meyvə, ya bir tərəvəz çatmır, ac Henri türklərin marketinə girir, çinlilərin dükanlarına girir, alman tarla, ya bag sahibinə baş çəkir, axırda çatmayanı tapıb, kafeyə gətirir və aşpaz ona yemək hazırlayır. Bir cizgi filmində uşaq həm nəyisə əldə etmək üçün əziyyət çəkməyin lazımlığını, həm gözləməyi, həm müxtəlif millətlərin varlğını, həm də hansısa meyvənin, yaxud tərəvəzin harda və necə yetişdiyini öyrənir. Adam baxan kimi görür ki, bir süjetin üstündə psixoloqlar nə qədər işləyiblər ki, uşağı yormadan ona bu qədər informasiya ötürsünlər.

Norveçə köçəndə, uşağın rus dilini erkən yaşdan öyrənməsi üçün rus cizgi filmləri axtardıq. Açığı, çox şey gözləmirdik. Amma ruslar yaxşı mənada bizi təəccübləndirdi. Onların son vaxtlar uşaqlar üçün çəkdiyi çox gözəl cizgi filmləri var. Yeri gəlmişkən, bütün valideynlərə məsləhət görürəm. Bu sırada xüsusən “Малышарики”, “Барбоскины” və “Фиксики”, «Мимимишки» cizgilərini tövsiyə edərdim. Bu cizgi filmlərində uşaqlara gündəlik həyatımızda istifadə etdiyimiz hər şey barədə asan qəbul olunan informasiya verməklə yanaşı, onlara faydalı vərdişlər də təlqin olunur. Məsələn, dişləri yumaq, əlləri sabunlamaq, faydalı tərəvəzlər yemək, yataqlarını yığışdırmaq, başqalarını incitməmək, səhv edənd üzr istəmək və s. Bu cizgi filmlərinə baxa-baxa oğlum həmin filmlərdəki mahnıları oxuyaraq əl sabunlamağı, dişlərini səhər-axşam yumağı öyrənib. Hətta hərdən bizdən yerkökü istəyir və deyir ki, onda çoxlu “mitaminlər” var. Yerə düşən heç nəyi götürüb yemir, ya zibilliyə atır, ya da yuyur ki, “yerdə mikrobuslar var”.

Bundan başqa, qərb istehsalı olan “Вспыш и чудо машинки” də əladı. “Пороро” və “Щенячий патруль” cizgi serialları isə daha çox humanistik, etik anlayışları aşılayır. Dostluq, yardım etmə niyyəti, cəsarət, gücdən başqasını incitmək üçün istifadə etməyin, yalan danışmağın, oğurlamağın yolverilməzliyi və s.

Təbii ki, deyə bilərsiniz ki, uşağı valideyn tərbiyə etməlidir, cizgi filmi yox. Amma gəlin etiraf edək ki, əvvəla, bizim özümüzü hələ tərbiyə edən lazımdır. İkincisi, biz valideynik, uşaq psixoloqu yox, bu cizgi filmləri üzərində isə peşəkarlar işləyir. Buna görə də, yaxamızı uşağımızın tərbiyəsindən kənara çəkmədən, eyi zamanda onları günün müəyyən saatlarında peşəkarların istehsal elədiyi maarifləndirmənin ixtiyarına verə bilərik.

Şəxsən mən belə etmişəm və nəinki uşağım, özüm də çox şey öyrənmişəm.



Yazı müəllifin fikirlərini əks etdirir və Meydan TV-nin mövqeyi ilə üst-üstə düşməyə bilər.

Ana səhifəMənim FikrimcəUşaqlarımıza nə göstərək…