Məhkəməyə gəlməyən daha 9 nəfər teleqram göndərərək istintaqdakı ifadəsini təsdiqləyib
Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatda Baş Polis İdarəsinin rəisi, general Emin Şəkinskinin keçmiş həyat yoldaşı Gülnarə Şəkinskaya və dörd qızının ölkədən qaçmasıyla bağlı məhkəmə araşdırmaları davam edir. Məhkəmə qarşısına çıxarılıb mühakimə olunan təqsirləndirilən şəxs isə generalın keçmiş qaynı Fərid Yusubdur.
Martın 5-də Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə şahidlər Şaban Hüseynov, Tahir Hüseynov, Adəm İsgəndərov və Pərvin Dadaşov ifadə verib.
Taksi sürücüsü olduğunu bildirən Şaban Hüseynov ifadəsində deyib ki, bu hadisəyə görə üç il əvvəl məhkum edilmiş Pənah Dadaşovu Gürcüstana aparıb. Ona görə bundan əvvəl də bu iş üzrə şahid qismində dindirilib.
Digər şahid Tahir Hüseynov özü isə bu işə görə təqsirli bilinərək məhkum edilib. Ona şərti cəza verilib. T.Hüseynov təsdiqləyib ki, Gülnarə Şəkinskaya və uşaqları ölkədən çıxıb Gürcüstana gedərkən onlarla birlikdə olub. Onlar Gürcüstanda otelə yerləşəndən sonra geri qayıdıb. Lakin orada G.Şəkinskayanın qardaşı Fərid Yusubu görməyib.
Şahid Adəm İsgəndərov ifadəsində bildirib ki, generalın uşaqları onun övladlarının sənədləri ilə ölkədən çıxarılıb. Lakin özü Gürcüstana getməyib, ancaq qızlarının sənədlərindən istifadə olunub.
Daha bir şahid Pərvin Dadaşov da bu iş üzrə əvvəl mühakimə edilib, şərti cəza alanlardandır. O, generalın uşaqlarının anaları ilə birlikdə ölkədən çıxması üçün saxta sənədlər hazırlanmasında iştirak edib.
Hakim elan edib ki, şahid qismində tanınan, amma məhkəməyə gəlməyən daha 9 nəfər teleqram göndərib. Onlar istintaqdakı ifadələrini təsdiqlədiklərini yazıblar.
Məhkəmə də bununla kifayətlənib.
Daha sonra zərərçəkmiş E.Şəkinskinin vəkili çıxış edərək, müvəkkilinin təqsirləndirilən şəxsdən şikayətçi olmadığını, onu bağışladığını bildirib. Hakim bunu təsdiqləyən yazılı ərizə istəyib. Vəkil bildirib ki, növbəti məhkəmə iclasına E.Şəkinskinin keçmiş qaynına qarşı şikayət və tələbinin olmaması barədə ərizəsini təqdim edəcək.
Bu səbəbdən məhkəmə martın 15-nə qədər təxirə salınıb.
E.Şəkinskinin keçmiş həyat yoldaşı və uşaqlarının 2014-cü ildə ölkədən qaçmasına görə bundan əvvəl 12 nəfər cinayət məsuliyyətinə cəlb olunub. Həmin vaxt daha iki nəfər – generalın keçmiş qaynı Fərid Yusub və “Azərbaycan Miqrasiya Mərkəzi” İctimai Birliyinin rəhbəri Əlövsət Əliyev isə beynəlxalq axtarışa verilib. Hüquq müdafiəçisi Ə.Əliyev Almaniyada sığınacaq alıb. O, axtarışla əlaqədar sonradan Ukraynada saxlansa da, Azərbaycana təhvil verilməyib və bir neçə gün sonra azad edilib.
F.Yusub isə ötən il Rusiyada saxlanaraq, Azərbaycana gətirilib. İttihama görə, bacısı özü və uşaqlarının qaçırılması üçün onunla məsləhətləşmələr aparıb.
F.Yusub özünü təqsirli bilmir, bacısı uşaqlarının qaçmasından xəbərsiz olduğunu deyir.