2015-ci ilin məlumatına görə, ölkədə uşaq əhalisinin 92 faizi icbari dispanserizasiya tədbirlərinə cəlb olunub. Müayinələr nəticəsində uşaqların 5 faizə qədərində bu və ya digər formada sağlamlığın pozulması riski və xəstəliklər aşkarlanıb.
Trend-in məlumatına görə, bunu bu gün keçirdiyi mətbuat konfransında Azərbaycan Səhiyyə Nazirliyi Elmi Tədqiqat Pediatriya İnstitutunun direktoru Nəsib Quliyev deyib.
Onun sözlərinə görə, icbari dispanserizasiyanın əsas məqsədi uşaqlara göstərilən tibbi xidmətin keyfiyyətinin daha da yüksəldilməsi, onların mütəmadi olaraq, kompleks müayinələrdən keçirilməsi, erkən dövrdə aşkar olunan xəstəliklərin vaxtında müayinə və müalicəyə cəlb olunmasıdır.
N.Quliyev deyib ki, region ölkələri arasında icbari dispanserizasiya haqqında qanunvericilik yalnız Azərbaycanda qəbul olunub.
“Azərbaycanda uşaqların icbari dispanserizasiyası” haqqında qanun 18 yaşına qədər uşaqları, yəni 2,6 milyondan çox uşağı əhatə edir. Yeni doğulan və 3 yaşına qədər uşaqlar ildə bir necə dəfə, 3 yaşından böyük uşaqlar isə il ərzində kompleks müayinələrə cəlb olunurlar.
N.Quliyev deyib ki, keçən il respublikanın 39 rayonu üzrə 652 108 uşaq icbari dispanserizasiyadan keçib. Bunlardan sağlamlıq imkanları məhdud uşaqlar 9237, valideyn himayəsindən məhrum uşaqlar 574, cəzaçəkmə müəssisəsində olan uşaqlar 24 nəfər təşkil edib.
Uşaqların sağlamlıq qrupları üzrə bölünməsinə gəlincə, I qrup 457 618, II qrup 211 953, III qrup 31 867, IV qrup üzrə 17 430, V qrup üzrə isə 12 087 nəfər olub.
İnstitut direktoru bildirib ki, icbari dispanserizasiya zamanı nozologiyalar üzrə bölünmədə 8 373 uşaqda tənəffüs sistemi xəstəlikləri, 5 039 uşaqda qan və qanyaradıcı orqanların xəstəlikləri, 3121 uşaqda mərkəzi və periferik sinir sistemi xəstəlikləri, 2687 uşaqda endokrin sistemi xəstəlikləri, 2617 uşaqda həzm sistemi xəstəlikləri, 2452 uşaqda göz və göz aparatının xəstəlikləri, 1954 uşaqda ürək qan-damar sistemi xəstəlikləri, 1386 uşaqda dayaq-hərəkət sistemi xəstəlikləri, 931 uşaqda sidik-cinsiyyət sistemi xəstəlikləri, 722 uşaqda dəri və dərialtı toxumanın xəstəlikləri, 134 uşaqda psixi və davranış pozuntuları, 53 uşaqda onkoloji xəstəliklər aşkar olunub.