Uşaq və əlillik

Əlilliyinə görə məhv edilən uşaqlar…

Source:

Bu ölkədəki uşaqların gələcəyi günü-gündən məhvə doğru gedir. Uşaqların hər gün doğum zamanı ölmə sayının digər ölkələrdən yüksək riskli statistik göstəricisi, istismar edilməsi, az yaşda evləndirilməsi, cani və manyak-psixopatlar tərəfindən zorlanması, öldürülməsi və aidiyyatı qurumların naşılığı sayəsində iqtisadi və digər bu cün ünsürlərin qurbanı olması sizə gələcək haqda nə deyir? Təzəlikcə iqtisadi cəhətdən hər gün daha da inkişaf edən Çin haqqında bir məlumat öyrəndim.

Çinin əhalisi ilə on milyon artır. Əvvəllər hər bir evli cütlüyə bir uşaq sahibi olmaq məhdudiyyəti qoyulsa da, artıq bu rəqəm ikiyə çevrilib. Yuxarıda qeyd etdiyim statistika bir uşağa sahib olma məhdudiyyətinə qədər olan vaxta kimi idi. indi yəqin ki, insanların artma sayı daha da çoxalacaq. Çində əhalinin bu artmağına birinci səbəb doğum zamanı uşaqların ölməməsi səviyyəsinə görə dünyada ilk sıralarda olmasıdır. Orda doğum zamanı uşaqların ölməsinə çox az rast gəlmək olar. Çünki tibbi-ginekoloji-doğum sahəsi çox yaxşı inkişaf edib. Ona görə uşağa sahib olma məhdudiyyətinə baxmayaraq Çində əhalinin sayı normal şəkildə artır. Azərbaycan isə doğularkən uşaq ölümlərinin statistikasına görə yüksək yerlərdə qərar tutur. Bir dəfə ANS TV də bu haqda geniş reportaj hazırlamışdılar. Verilişin ortasında eşitdiklərimdən çox pis olduğuma görə, kanalı çevirdim. Hələ 2 ay qabaq məlum binada (19 may, 2015ci il) “penoplastlar”-a görə yanıb-boğulan uşaqlarının xəyali ah-naləsi və ağlaması düşüncələrimdən bir gün də olsa silinmək bilmir. Gül kimi uşaqlar yoxdur artıq bu dünyada.

Bir xanım tanışım var. Uşağının əlilliyi var. Uşaqda fiziki məhdudiyyətdən əlavə, zehni problem də var. Təsəvvür edin, uşaq dünyaya gələn kimi, məhz uşağın əlilliyinə görə xanımın yoldaşı həm uşağı həm də yoldaşını atıb, başqa ölkəyə qaçır. Rəsmi şəkildə də boşanır. Xanıma aliment verməyən ata övladını bir də görmək istəmədiyini vurğulayır. Adam dəhşətə gəlir. Xanım sınmır, öz evlərini satır və uşağı xarici ölkələrdə müalicə etdirir. Təəssüfki həmin müalicələr çox az effekt verir. Ümumiyyətlə, həmin uşağa mütamadi müalicə lazımdır. Müalicə olunmasa, daha da vəziyyəti pisləşir.

Həmin xanım uşağı üçün özünü hər gün oda-közə atır. Əvvəl iki işdə işləyirdi. Həmin yerlərdən öz xoşu ilə çıxdı. Xanım gözəl olduğu üçün hansı iş yerinə gedir, onun dul olduğunu öyrənən şərəfsiz kişilər pis-pis təkliflərlə onu ələ almağa çalışırlar. Bir dəfə hətta çalışdığı şirkətlərdən birində həmin o tip kişiciklərdən olan direktor onun uşağına kömək etməyə başlayıb. Gündəlik müalicəyə yollayıb, bahalı avadanlıqlar alıb. Bu xanımın təəccübünə səbəb olub. Amma sonda ona bağa əylənməyə getməyi təklif edəcəyi şübhəsinə düşməyib saflıqdan. Xanım hətta bu yaxında getdiyi tibb məntəqələrindən birində uşağına təmənnasız reabilitasiya keçmək üçün “padxod” edən kişi ilə qarşılaşıb.

Bilirsiniz, həmin uşaq əlilliyinə görə nə qədər sosial müavinat alır? 67 manat. Bəli, bu yaxında baş tutacaq Avropa oyunlarına görə 8 milyard manat xərcləyən “kasıb” hökümətimiz həmin uşağa hər ay heç bir iqtisadi göstəricisi olmayan 67 manat verir. Görəsən dillərinə “sosial rifah və ədalət” kəlimələrinin alanda rəsmilərin dilləri niyə qurumur?! Bu sətirləri yazarkən belə, ağlamamaq üçün özümü güclə saxlayıram.. Həmin uşağın hər ay qəbul etməli olan dərmanın qiyməti 50 manatdır. Onu da burda olmadığı üçün Türkiyədən sifariş verir. Sifarişə görə də, əlavə pul xərclənir təbii ki. Mən hələ həmin uşağın gündəlik işlətdiyi bezləri, digər dərmanları, müalicə, yemək-içmək və s. pulunu qeyd etmirəm.

İndi xanım ali təhsilli olmağına rəğmən, yeni düzəldiyi işdə səhər tezdən axşamacan işləyir. Uşağa nənə-babası baxır. Xanımın durumunu bir anlıq təsəvvür etməyə çalışın. Bu qədər məhrumiyyət, məhdudiyyət və ədalətsizlik. Hər kəs bu qədər əzmli və iradəcə güclü deyil. Niyə a biz öz zəngin ölkəmizdə sanki hansısa realiti şounun kimsəsiz ekzotik adaya düşmüş iştirakçıları kimi, həyatda qalmaq mücadiləsi aparmalıyıq?! Bilirəm, həyat zatən mücadilədir, amma hamı da iradəcə güclü ola bilmir axı. O xanım kimi. Və nəticədə ölkəmizdə intihar edənlərin sayı günü-gündən artır.

Belə uşaqla həyat mücadiləsi az deyil zavallı ölkəmizdə. Dövlət Statistika Komitəsinin 2013-cü il üçün hazırladığı hesabata görə ölkədə sağlamlıq imkanları məhdud uşaqların sayı 62866 nəfərdir. Bu uşaqlara əlilliklərinə görə ödənilən sosial müavinətlərin məbləği 2013 ilin sentyabr ayına kimi 60 manat 50 qəpik olmuşdur. Sentyabrda həmin məbləğ 6 manat 50 qəpik artırılaraq 67 manat təşkil etmişdir. Bu uşaqları gələcəyə qazandırmaq, xüsusi tipli müəssisələrə verilməsinin qarşısını almaq, ailə mühitində yaşamalarını təmin etmək və əlilliklərinin ağırlaşmasının qarşısını almaq üçün ciddi addımlar atılması çox vacibdir. Təbii ki, valideynlərin yuxarıda göstərilən 67 manat məbləği ilə bunu etməsi mümkünsüzdür.

Biz hətta keçən ilin iyul ayında bir qrup əlilliyi olan şəxslər və həmin uşaqların valideynləri ilə Prezident Aparatına getmişdik ki, sağlamlıq imkanları məhdud uşaqların 67 manat olan gülməli müavinətləri artırılsın. Qəbul etdilər, dinlədilər, söz verdilər amma nəticə sıfır!

Əlillik özü də müxtəlif olur. Bəzi uşaqlarda öyrənmə və qavrama çətinliyi olur. Valideynlər əksər hallarda onlardan imtina edir. Dövlət müəssisələrində isə vəziyyət yumşaq desək, heç də ürəkaçan deyil. Dövlət müəssisələrində yetkinlik yaşına çatanları qocalar evinə yerləşdirirlər. Bu, bizdə də belədir. Amma bu, belə olmaya bilər. Məmurların məsuliyyətsizliyi və cəmiyyətin biganəliyi olmasa… İki nəfər belə tanıdığım əlilliyi olan oğlan var Mərdəkanda yerləşən qocalar evinə yerləşdiriblər. Nə şəraiti nə də vəziyyətləri yaxşı deyil. Uşaqlardan biri həyatda qalmaq üçün dilənir, digəri isə həyatından bezib artıq. İntihar etməsə, yaxşıdır.

 Hər dəfə Qəzza bölgəsindəki uşaqların halına acıyırıq. Amma öz ölkəmizdə əlilliyi olan uşaqların vəziyyəti heç kimin vecinə deyil. Çoxu bilmir ki, bu uşaqlara dövlət ayda 67 manat müavinət verir. Onlara baxan analara isə heç bir müavinət ödənilmir. Əksər ailələr əlacsızlıqdan övladlarını xüsusi internat evlərinə verir. Yəni bizim dövlət, insanlarımız bu qədər humanistdirsə bizim uşaqlarımızın halına niyə can yandırmırlar, elə gərək mütləq güllədən, raket mərmilərindən həlak olsunlar?!

Divarlara “Uşaqlar bizim gələcəyimizdir!” yazısını vurmağı əmr edənlər öz uşaqlarının gözlərinə baxanda, ölkəmizdə bunca gələcəyi sual altında olan və hər gün bir ədalətsizliyin qurbanı olan uşaqları heçmi düşünmürlər?!

Belə biganə olsanız, gələcək nəsillər bizi lənətləyəcək və çox da haqlı edəcəklər! Lütfən buna yol verməyək, laqeyd olmayaq, lütfən insan olaq! Təbii ki, əgər həqiqətən uşaqlarla gələcəyimizi qurmaq istəyiriksə…


Yazıdakı fikirlər müəllifə məxsusdur və onlara görə Meydan TV məsuliyyət daşımır.

Ana səhifəMənim FikrimcəUşaq və əlillik