Uşaq sualları

Dədə, niyə bizdə rayon icra başçıları başqa xarici ölkələrdəki kimi seçilmir?

Source:
Şərti foto
Şərti foto

– Dədə, niyə bizdə rayon icra başçıları başqa xarici ölkələrdəki kimi seçilmir? Niyə Azərbaycanda icra başçılarını prezident təyin eləyir?

– Oğlum, bizim xalq demokratiyaya hələ hazır deyil. Savadı az, siyasi mədəniyyəti aşağıdı. Çoxusu da lap avam. Xalqı özbaşına qoysan gedib axmaq, savadsız, fırıldaq, əclafın birini seçəcək. Ona görə də təyin edilir. Möhtərəm cənab prezident İlham Əliyev bilən məsləhətdi. Yaxşısını o bilir, təyin eləyir.

– Bə Gəncənin icra başçısı Elmar Vəliyevi prezident İlham Əliyev təyin eləməmişdi?

– … Eləmişdi, hə. Amma o möhtərəm cənab prezidentin etimadını doğrultmadı. Ona görə də işdən çıxarıldı.

– Prezidentin etimadını doğrultmaması Elmar Vəliyevə güllə dəyəndən sonra bilindi ki?

– … Yeri get dərsini oxu, böyüklərin işlərinə burnunu soxma!

– Gedirəm, dədə. Bir şey də soruşum, gedim.

– Lazım deyil, get. Yenə gic-gic sual verəcəsən.

– Dədə, bircəciyini də soruşum, gedirəm. Son sualımdı.

– Di yaxşı, soruş, amma ağıllı sual ver.

– Bizim xalq demokratiyaya hazır deyilsə, özü də savadsız, avamdısa, onu niyə prezident seçkisinə buraxıllar? Xalq prezident seçkisində İlham Əliyevi seçməyib?

– Xalq möhtərəm cənab prezident İlham Əliyevi seçib, bəli. Ona görə də Azərbaycan bu gün belə inkişaf edir. Ona görə Qafqazın lider dövlətidi də.

– Bə niyə prezident seçkisində xalq avam olduğuna baxmayaraq möhtərəm presidenti düz seçə bilir, amma icra başçısı seçkisində gedir savadsız, fırıldaq, əclafın birini səs verir?

– O başqa, bu başqa. Bir var prezident seçkisi, bir də var rayon icra başçısı seçkisi.

– Dədə, axı prezident seçkisi icra başçısı seçkisindən çətin olsun gərək?

– Başın xarab olub? Böyüklərin işinə burnunu soxma! Yeri get dərsini oxu, dedim! Çoxdandı döyülməmisən!


Yazı müəllifin fikirlərini əks etdirir və Meydan TV-nin mövqeyi ilə üst-üstə düşməyə bilər.

Ana səhifəMənim FikrimcəUşaq sualları