Prezidentin gözü qarşısında yaşanan biabırçılığın səbəbləri araşdırılmalıdır
Bakıda keçirilən 17 yaşlı futbolçular arasında Avropa çempionatı davam edir. Ancaq Azərbaycan yığması artıq mübarizəni dayandırıb. Azərbaycanın U-17 yığması qrup mərhələsini adlaya bilməyib. Portuqaliya, Belçika və Şotlandiya ilə eyni qrupda yer alan Azərbaycan 3-cü yeri tutub.
Real durumu çılpaqlığı ilə göstərən oyun
Nəzərə alaq ki, Azərbaycanın qrupunda Avropanın adlı-sanlı yığmalarından heç biri yer almamışdı. Ona görə də mütəxəssislər yığmanın qrup mərhələsini adlamağa borclu olduğunu deyirdilər. AFFA rəhbərliyi isə yığmadan daha artığını- finala qədər irəliləməyi tələb edirdi. Ancaq elə çempionatın açılış oyununda – Portuqaliya ilə qarşılaşmada Azərbaycanın 17 yaşlı futbolçularının nəyə qadir olduğu bilindi. Ölkə prezidentinin və xanımının da izlədiyi oyunda Azərbaycan Portuqaliyaya biabırçı hesabla – 0:5 məğlub oldu. Prezident isə ilk yarıdan sonra – hesab 3:0 rəqibin xeyrinə olarkən, stadionu tərk etdi. Bu qarşılaşma Azərbaycanda uşaq futbolunun real durumunu çılpaqlığı ilə göstərdi.
Məsələ burasındadır ki, ötən il “2005-2015-ci illərdə futbolun inkişafı ilə bağlı Dövlət Proqramı”nın icrası başa çatıb. Bu uşaqlar həmin proqram qəbul olunarkən 6 yaşlarında olublar. Proqramın qəbulundan 3 il sonra -2008-ci ildə Rövnəq Abdullayev AFFA prezidenti seçilib və futbol təsərrüfatına milyardlarla vəsait axmağa başlayıb.
U-17 yığmasının heyətində olan futbolçular dövlət proqramı çərçivəsində yetişdirlənlərdi. Və məlum olur ki, proqram çərçivəsində Azərbaycanda Avropa standartlarına cavab verən futbolçu yetişdirilməyib. Ozü də bu həqiqət prezidentin gözləri qarşısında bəlli oldu.
Zəif türk futbolçulara möhtac qalan yığma
Daha bir məqam: Yığmanın heyətinə cəlb olunan 7 futbolçu xaricdən- Türkiyə və Almaniyadan dəvət olunub. 5 futbolçu Türkiyə, 2 futbolçu isə Almaniya klublarının yetirməsidi. Türkiyə yığması Bakıda keçirilən Avropa çempionatının final mərhələsinə vəsiqə qazana bilməmişdi. Bu da onu göstərir ki, Türkiyənin 17 yaşlıları zəifdi. Ancaq AFFA rəhbərliyi Türkiyənin zəif yığmasına düşə bilməyən futbolçuları Azərbaycan millisinin heyətinə dəvət edərək, onlarla uğur qazanmaq arzusundaydı. Bu, həm də o deməkdir ki, Azərbaycanda zəif türkiyəli futbolçular səviyyəsində də oyunçu yetişdirilməyib. Yoxsa yığma onlara möhtac qalmazdı.
Tahir Süleymanov: “On ilin fəsadlarını hələ bir on il də çəkəcəyik”
Futbol mütəxəssisi, “Neftçi”nin keçmiş vitse-prezidenti Tahir Süleymanov yığmanın çıxışını Meydan TV-yə şərh edib. Süleymanov deyir ki, düzgün qurulmayan işin fəsadlarını hələ bundan sonra 10 il də çəkəcəyik:
“Avropa çempionatının Azərbaycanda keçirilməsi futbolun inkişafı üçün çox müsbət məqamdır. Bu yarışı iki mərhələyə bölmək lazımdır: təşkilatçılıq və futbol baxımından millinin hazırlığı. Turnirin tam olaraq Bakıda keçirilməsi futbolun təbliğinə və inkişafına yox, federasiya ideoloqlarının öz rahatlığına, özlərini kimlərinsə gözünə soxmasına hesablanmışdı. Onların bu istəyi elə turnirin açılış oyununda, ölkə başçısının gözü qarşısında bumeranq rolunu oynadı. UEFA tərəfindən finalın Olimpiya stadionundan alınması isə tək futbol baxımından deyil, idarəçilik baxımından da federasiya rəsmilərinin naşı olmalarının göstəricisi idi. 2012-ci ildən turnirə hazırlaşan AFFA qrup oyunlarını Qəbələ, Gəncə, Lənkəran və Sumqayıtda da keçirə bilərdi. Ancaq bunun üçün hazırlıq işləri görülməliydi. Ümumiyyətlə, bu tipli yarışlar Avropa ölkələrində paytaxda deyil, bölgələrdə təşkil olunur. Millimiz qrupda 4 xal toplasa da, bunu uğur saymaq olmaz. Azərbaycanda istedadlı futbolçular hər zaman olub, bu gün də var. Sadəcə, son on ildə milyonlar xərclənməsinə baxmayaraq, uşaq futbolunda “həyata” keçirilən lazımsız “top çiləmə” layihələri gənc istedadların üzə çıxmasına imkan vermədi. Bunun əvəzinə 90 min “futbolçu”nu qeydiyyatdan keçirənlər, lazımsız türk legionerləri yığmaya cəlb etdilər. Çox az sayda istedadlı uşaqlarımızı da mənən sındırdılar. Uşaq futboluna işini bilən mütəxəssislər cəlb olunaraq, düzgün işlər aparılsaydı və turnirə hazırlıq lazımı səviyyədə getsəydi, nəinki qrupdan çıxmaq, medallar uğrunda mübarizə aparmaq olardı. Turnir Azərbaycana həvalə olunanda bu uşaqların 12-13 yaşı və kifayət qədər vaxt var idi. Millimiz Berti Foqstun və havadarlarının “mükəmməl işbirliyi” sayəsində hələ 2016-cı ildə keçiriləcək Avropa çempionatında da olmalıydı. Dövlət proqramı çərçivəsində xərclənən milyonların yox, milyardların hesabatını kimlər verdi ki?! İşlər düzgün qurulana, hərə öz işi ilə məşğul olana qədər ciddi uğurlardan danışa bilməyəcəyik. Dərk olunmalıdır, on ilin fəsadlarını hələ bir on il də çəkəcəyik. Təməl düzgün qoyulmayıbsa, deməli, indiki 17-20 yaşlı böyük futbola hazır olmayan yeniyətmə və gənclərimiz 10-12 il futbolda gün keçirməyə məhkumdurlar”.
Azərbaycanın 17 yaşlılardan ibarət yığmasına cəlb olunan əcnəbilərin siyahısını da tədqim edirik: Güler Metin, Atlam Ege, Seyliğli Hüseyin (“Beşiktaş”, Türkiyə), Öksüz Doğukan, Karakaş İsmayil (“Trabzonspor”, Türkiyə), Ekincier Barış (“Rot-Weiss Essen”, Almaniya), Mahmudov Murad (“Leyptsiq”, Almaniya).