Ana 3 ildir qızını axtarır. Tarixçə ondan başlayır ki, Qırğızıstan vətəndaşı Merim Beyşekiyeva 2010-cu ildə Azərbaycan vətəndaşı Davud Bağırovla ailə həyatı qurur. 2012-ci ildə Amerikada onların Ceyla adlı qızları dünyaya gəlir. Daha sonra cütlük Dubay Əmirliyində yaşamağa başlayır. 2015-ci ildə ailədə mübahisələr yaranır, Merim boşanmaq üçün Dubay məhkəməsinə müraciət edir. Həmin müddətdə Davud Bağırov uşağı anasının icazəsi olmadan Dubaydan Türkiyəyə qaçırır. Uşaq oradan da Azərbaycana gətirilir. Amerika vətəndaşı olan Ceyla necə olur ki, vizasız Azərbaycana gətirilir?
Merimin hüquqlarını müdafiə edən Abdulla Əfəndizadənin sorğusu əsasında məlum olur ki, Davud Bağırovun bacısı, Azərbaycanda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Uşaq problemləri şöbəsinin müdiri Cəmilə Bağırova da Dubaydan Bakıya qədər qardaşını müşayiət edib.
“Davud Azərbaycan Konsulluğuna gedib ki, uşaq üçün viza alsın. Onlar bundan imtina ediblər, viza verməyiblər. O, uşaqla İstanbula gedib. Bir neçə gün sonra oradan Bakıya gəlib. Bütün bunlar onun bacısı və anasının müşayiəti ilə baş verib. Onun bacısı Cəmilə Bağırova Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin uşaq problemləri şöbəsində işləyir. O, çoxdandır həmin Komitədə çalışır. Davudun bacısı dedi ki, nə istəyirsən elə. Sən uşağı görməyəcəksən”.
Dubay Ali Məhkəməsi qərar verib ki, uşaq anasına qaytarılsın və Davud Bağırov aliment ödəsin. Azərbaycanın Ali Məhkəməsi də bu qərarı tanıyıb. Amma D.Bağırov buvaxta qədər məhkəmənin qərarını icra etməyib. O, daxili axtarışa verilib. Merim bildirir ki, uşaq Bakıdadır, ona nənəsi və Cəmilə Bağırova baxır.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya şöbəsinin müdiri Elgün Səfərov bildirir ki, bu məsələ ilə bağlı Cəmilə Bağırova heç bir məhkəmə işinə cəlb olunmayıb. Lakin Bakı Apelyasiya Məhkəməsinin baxılan işlər siyahısında göstərilir ki, Merim Beyşekiyevanın iddiası əsasında cavabdeh tərəf kimi Bağırova Cəmilə Zöhrab qızı da cəlb olunub. İşə 24 iyul 2017-ci ildə
baxılıb.
Merim Beyşekiyeva uşağı üçün hədiyyələr gətirdiyini, amma qohumlarının onu görməyə icazə vermədiklərini deyir: “Onlar uşağı mənə verməlidirlər. Mən hədiyyələrlə gəldim, uşağı görməyə, qaytarmağa cəhd elədim. Heç hədiyyələri verə bilmədim. Onu görə bilmədim. Əvvəlcə dedilər “yaxşı”, “bir az sonra”, “bir az daha döz”, “sənə uşağı göstərəcəyik”, sonra da imtina etdilər”.
Dubay məhkəməsində uşaq oğurluğu maddəsi ilə cinayət işi açılıb. Davud Bağırov təqsirləndirilən şəxs qismində işə cəlb olunub.