USAID Azərbaycanın xarici işlər nazirinə cavab verib

Ceyhun Bayramov. Foto: Azərtac

Agentlik Azərbaycan xalqına dəstək verməyə sadiq qalacağını bildirir

Amerika Birləşmiş Ştatlarının Beynəlxalq İnkişaf Agentliyi (USAID) Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun bir neçə gün öncə Agentliyin Azərbaycanda fəaliyyətinin dayandırılması ilə bağlı söylədiklərinə münasibət bildirib.

“Azadlıq” radiosunun sorğusuna cavab olaraq USAID-in mərkəzi ofisinin mətbuat xidmətindən bildirilib ki, Agentlik Azərbaycan xalqına dəstək verməyə sadiq qalır.

“Üç onillikdən çoxdur ki, USAID Azərbaycan xalqı ilə birgə iqtisadi imkanların təşviqi, yerli səhiyyə sistemlərinin gücləndirilməsi və vətəndaşların ictimai həyata daha fəal cəlb olunması istiqamətində çalışıb. Biz Azərbaycan xalqına dəstək verməyə, regional sülhün təmin olunması və iqtisadi inteqrasiya istiqamətində işləməyə sadiqik”, – ABŞ Beynəlxalq İnkişaf Agentliyinin cavabında bildirilib.

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov yanvarın 16-da mətbuat konfransında bildirib ki, ölkədə USAID-in fəaliyyəti 2024-cü il iyunun 1-dən etibarən de-yure dayandırılıb.

Nazirin sözlərinə görə, USAID-in Azərbaycanda yardımları ABŞ-nin mənafeyi üçün edilirdi:

“Buna görə də biz ABŞ ilə sazişlərə xitam verilməsini, USAID-in layihələrinin dayandırılmasını tələb etdik”.

Azərbaycanın XİN-dən daha öncə də USAID-in layihələri ilə bağlı tənqidlər səslənib, bu layihələrin şəffaf olmadığı, Azərbaycanın maraqlarına cavab vermədiyi bildirilib.

Bu tənqidlər, əsasən, 2023-cü ilin sentyabrında rəsmi Bakının Qarabağda birgünlük hərbi əməliyyat keçirməsindən sonra başlayıb.

Onda USAID-in rəhbəri Samanta Pauer demişdi ki, həmin əməliyyat nəticəsində yüz mindən çox insan evlərini tərk etməyə, Ermənistana köçməyə məcbur olub.

2023-cü ilin noyabrında ABŞ Dövlət Departamenti Azərbaycan XİN-in USAID ilə bağlı ittihamlarına cavab vermişdi:

“USAID-in yardım layihələri ilə bağlı bu cür ittihamlar yalandır və bizim yardımın məqsədini kökündən yanlış xarakterizə edir. Hər zaman olduğu kimi, bizim köməyimiz şəffafdır. Bütün USAID proqramları azad və dinc cəmiyyətlərə yönəlmiş demokratik dəyərləri təbliğ edir”.

Son illər ABŞ və Azərbaycan arasında münasibətlər soyuyub.

ABŞ-dən Azərbaycanda ictimai fəalların, jurnalistlərin həbsindən narahatlıq ifadə edilib, rəsmi Bakı isə bunu onların daxili işinə qarışmaq kimi dəyərləndirib.

Azərbaycan Prezidenti İlham Əliyev isə son müsahibələrində ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Trampla bağlı ümidlə danışıb, ABŞ ilə münasibətlərin strateji səviyyəyə çatdırıla biləcəyini deyib.

Ana səhifəSiyasətUSAID Azərbaycanın xarici işlər nazirinə cavab verib