USAGM Konqres tərəfindən ayrılan vəsaitin bir hissəsini “Azadlıq” radiosuna verməyə razılaşıb

Mənbə: Reuters

Bu o deməkdir ki, “Azadlıq” radiosu 7.46 milyon dolları alacaq

ABŞ-nin Qlobal Media Agentliyi (USAGM) Konqres tərəfindən ayrılan vəsaitin bir hissəsini “Azad Avropa/Azadlıq Radiosu”na verməyə razılaşıb.

Bu, martın 24-də “Azadlıq” radiosunun agentlik rəhbərliyinə qarşı iddiası üzrə təyin edilmiş məhkəmə iclasından öncə məlum olub. İddia USAGM-nin “Azad Avropa/Azadlıq Radiosu”nun maliyyəsini kəsmək cəhdindən irəli gəlir.

Bu o deməkdir ki, “Azadlıq” radiosu martın 1-dən 14-dək olan dövr üçün 7.46 milyon dolları alacaq.

USAGM-nin məhkəməyə təqdim etdiyi məktubda pulun martın 26-dək ayrılacağı, “Azadlıq” radiosunun isə vəsaiti ayın sonunadək alacağı deyilir.

“Ümid edirik, Konqresin “Azadlıq” radiosuna ayırdığı iki həftəlik maliyyənin dərhal ödənməsi məhkəmə daha böyük iş üzrə qərar verənədək işığımızı sönməyə qoymayacaq. Qanunun tərəfimizdə olmasından əminik, çünki ABŞ Konstitusiyası Konqresə xəzinə üzərində eksklüziv səlahiyyət tanıyır. Konqresin bu maliyyə ilinin qalanı üçün “Azadlıq” Radiosuna ayırdığı maliyyənin verilməməsi qanunsuzdur”, – “Azadlıq” radiosunun prezidenti Stiven Kapus bəyanatında deyib.

ABŞ Prezidenti Donald Tramp 2025-ci il martın 14-də yeddi federal agentlik, o cümlədən “Azadlıq” radiosu və digər federal yayımçılara nəzarət edən USAGM-də böyük ixtisarlarla bağlı fərman imzalayıb.

Fərmanın dərcindən bir neçə saat sonra USAGM-in adından göndərilmiş məktubda Konqresin “Azadlıq” radiosuna ayırdığı qrantın kəsildiyi bildirilib.

USAGM 50 dildə informasiya yayımına nəzarət edir. Hər həftə bu informasiya 361 milyon izləyiciyə ötürülür.

2025-ci ildə USAGM-in ümumi büdcəsi 950 milyon dollar nəzərdə tutulub.

“Azadlıq” radiosu üçün bu il 153 milyon dollara yaxın büdcə istənilib.

Ardlnca, martın 18-də “Azad Avropa/Azadlıq Radiolar”ı (RFE/RL) ABŞ Qlobal Media Agentliyini (USAGM), eləcə də bu qurumun rəsmiləri Keri Leyk və Viktor Moralesi məhkəməyə verdiyini açıqlayıb.

İddiada bildirilib ki, Konqresin “Azadlıq” radiosu üçün nəzərdə tutduğu vəsaitin verilməməsi federal qanunların və ABŞ Konstitusiyasının pozulmasıdır. Konstitusiya Konqresə federal xərclər üzərində müstəsna səlahiyyət tanıyır.

İddia Kolumbiya Dairəsi üzrə ABŞ Dairə Məhkəməsində qaldırılıb.

Morales USAGM-in rəhbəri vəzifəsini icra edir, Leyk isə onun baş müşaviridir.

Martın 24-də Vaşinqton məhkəməsi maliyyələşdirmənin dayandırılması ilə bağlı “Azadlıq” radiosunun USAGM-ə qarşı ilk iddiasına baxıb.

Kolumbiya Dairə Məhkəməsi hər iki tərəfin bu iş üzrə arqumentlərini dinləyib.

Məhkəmədən yayım korporasiyasına dəyən ziyanı məhdudlaşdırmaq üçün mart vəsaitlərinin ödənilməsi ilə bağlı USAGM-ə qarşı müvəqqəti qadağa əmri (TRO) çıxarması xahiş olunur.

“Azadlıq” radiosu sentyabrın 30-da başa çatacaq 2025-ci büdcə ili üçün Konqresin ona ayırdığı qrant vəsaitlərinin qalan hissəsini almaq üçün digər hüquqi tədbirlər də görür. Qalan məbləğlə bağlı müvəqqəti qadağa əmri üçün ilkin dinləmələr aprelin ortalarına təyin edilib.

USAGM öz ərizəsində bildirib ki, Kolumbiya Dairə Məhkəməsi işə baxılması üçün uyğun yer deyil və Konqres USAGM-ə qrant alanlara nəzarət etmək üçün geniş səlahiyyətlər verib.

“Azadlıq” radiosu 23 ölkədə, 27 dildə yayımlanır.

Ana səhifəDünyaUSAGM Konqres tərəfindən ayrılan vəsaitin bir hissəsini “Azadlıq” radiosuna verməyə razılaşıb