Hadisəni törədən şəxsə qəsdən sağlamlığa yüngül zərər vurma maddəsi verilib
Bərdədə qonşunun 10 yaşlı oğlunun cinsiyyət orqanını qayçı ilə kəsən qadına verilən cəza zərərçəkmiş tərəfi qane etmir. Uşağın anası Ülviyyə Mirzalıyeva hesab edir ki, təqsirləndirilən Aidə Əzizovaya kəsilən 6 aylıq azadlığın məhdudlaşdırılması cəzası çox yüngüldür. Onun fikrincə, təqsirləndirilən şəxsə verilən ittiham maddələri də, cəza da ağırlaşdırılmalıdır.
Hadisə ötən il aprelin 13-də axşam saat 18 radələrində Bərdə şəhərində baş verib. İttihama əsasən, 40 yaşlı Aidə Əzizova öz evində 10 yaşlı uşağın cinsiyyət orqanının dərisini qayçı ilə kəsib.
Aidə Əzizova ifadəsində bu addımını qonşunun oğlunun onun 3 yaşlı qızına qarşı əxlaqsız hərəkətlər etməsiylə əsaslandırıb.
Təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsilə ittiham verilib. Bu maddədə 1000 manatdan 1500 manata qədər cərimə; 240 saatdan 360 saata qədər ictimai işlər və ya 1 ilə qədər islah işləri; 1 ilədək azadlığın məhdudlaşdırılması və ya eyni müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub. Bərdə Rayon Məhkəməsi də Aidə Əzizovanın 6 ay azadlığının məhdudlaşdırılması haqda hökm çıxarıb. Hökmə əsasən, o, olduğu yerin nəzarətdə saxlanması üçün üzərində elektron qolbaq gəzdirməli, gecə saat 23.00-dan səhər saat 07.00-a qədər yaşayış yerini tərk etməməlidir.
Ülviyyə Mirzalıyeva bu hökmdən apelyasiya şikayəti versə də, nəticə dəyişməyib – Gəncə Apelyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb.
Zərərçəkmiş tərəf Ali Məhkəməyə şikayət verib. Ülviyyə Mirzalıyeva həm apelyasiya, həm də kassasiya instansiya məhkəmələrinə şikayətlərində bildirib ki, qonşunun əməli düzgün tövsif olunmayıb. O iddia edir ki, Aidə Əzizovaya yüngül maddə ilə ittiham verib. Onun fikrincə, Cinayət Məcəlləsinin 128-ci maddəsi törədilən əmələ adekvat deyil. Ülviyyə Mirzalıyeva tələb edib ki, təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 133 (əzab vermə) və 145-ci (qanunsuz azadlıqdan məhrum etmə) maddələrilə cəzalandırılsın.
Ülviyyə Mirzalıyeva vurğulayıb ki, hadisə nəticəsində uşağı fiziki xəsarətlə yanaşı, həm də psixoloji zərbə alıb. Uşağın uzun müddət qorxu içində olduğunu deyən ananın sözlərinə görə, hadisədən sonra yaşayış yerini dəyişmək məcburiyyətində qalıb.
Ali Məhkəmə də zərərçəkmiş tərəfin şikayətini təmin etməyib. Qərarda göstərilib ki, məhkəmələr təqsirləndirilən şəxsə qarşı irəli sürülməyən ittihama baxa bilməz. Yəni, hansı maddə ilə ittiham verilibsə, o maddə üzrə də cəza təyin olunur.
Qanuna əsasən, məhkəmə əməlin verilən ittiham maddəsinə adekvat olmadığı nəticəsinə gəlsə, bu halda, işi istintaqa qaytarmalıdır. İstintaq orqanı təkrar araşdırma aparıb, ittihamı dəyişə bilər.
Aidə Əzizova “Azad Azərbaycan” telekanalında (ATV) yayımlanan “Bizimləsən” verilişində çıxışında qonşunun uşağının cinsiyyət orqanını kəsdiyini etiraf etmişdi. O zaman da qadın bu addımını azyaşlı qızına qarşı seksual hərəkətlərlə izah etmişdi.
Efirdə zorakılıq halına açıq şəkildə haqq qazandırılmasıyla bağlı fikirlərin yayımına görə Teleradio Şurası telekanalı cəzalandırmışdı – “Bizimləsən”in yayımı bir günlük dayandırılmış, ATV telekanalı 4000 manat cərimələnmişdi.