Uşağını öldürməkdə ittiham olunan anaya hökm oxundu

Source: abzas.net

23 yaşlı qadına 14 il həbs cəzası verildi

10 ay əvvəl – 2022-ci il sentyabrın 9-da 1 yaşlı oğlu Yusifi öldürməkdə ittiham olunan Nərgiz Bağıyevanın işi üzrə məhkəmə araşdırmaları yekunlaşıb. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmüylə o, 14 il azadlıqdan məhrum edilib.

Cinayət işinin materiallarında iddia olunur ki, 23 yaşlı Nərgiz Bağıyeva uşağa gündəlik qayğı tələb olunduğuna, başqa kişi ilə görüşməsinə mane olduğuna görə oğlunu öldürmək qərarına gəlib. Bu məqsədlə uşağın yeməyinə hidrogen peroksid (perekis) qataraq ona verib. Özü isə süd almaq üçün mağazaya gedib. Təxminən 20-25 dəqiqə sonra mağazadan uşaq bezi alıb, geri qayıdanda oğlunun ağzından köpük gəldini və onun ağladığını görüb. İttihamda yazılanlara əsasən, Nərgiz Bağıyeva uşağın ölmədiyini görüb, onu boğub.

Amma ardınca uşağı ağır vəziyyətdə götürüb, həmin ərəfədə görüşdüyü Xəlil adlı balıqçının işlədiyi mağazaya aparıb. Ona uşağın durumunun pis olduğunu bildirib. Bundan sonra körpəni birlikdə xəstəxanaya aparıblar. Lakin orada həkimlər deyiblər ki, uşaq artıq ölüb.

Nərgiz Bağıyeva məhkəmədə ifadə verməkdən imtina edib. Amma məhkəməyə ərizə təqdim edib. Orada yazıb ki, əməlindən çox peşmandır. Özü uşaq evində böyüyüb, ana qayğısından məhrum olub.

O, istintaqa ifadəsində göstərib ki, 2011-ci ildə atasını itirib. Anası yaşadıqları Hövsan qəsəbəsində qabyuyan işləyir. Uşağının atası 2021-ci ildə tanış olduğu Ziya adlı narkotik istifadəçisi olub. Hamilə qalsa da, həmin şəxs uşağa sahib çıxmaq istəməyib. Onun sözlərinə görə, öz anası Leyla Bağıyeva da əvvəllər uşağı istəmirdi. Amma sonradan ona çox bağlanmışdı. Hətta özü oğlunu uşaq evinə qoymaq istəsə də, anası imkan vermirdi.

O, istintaqa ifadəsində oğlunu öldürmək qərarı verməsini belə izah edib: “Uşağa baxdığım üçün özümə baxa, öz qayğıma qala bilmirdim”.

Nərgiz Bağıyevanın anası Leyla Bağıyeva məhkəmədə bildirib ki, qabyuyan işlədiyi restorana uşağı da özüylə birlikdə aparır, orada işləyə-işləyə nəvəsinə də baxırdı:

“O uşaq iki saatın badına getdi. Mən restoranda qabyuyan işləyirdim, o uşağı qab yuya-yuya saxlayırdım. Həmin gün də uşaq mənim yanımda olub. Gəlib dedi ki, təkəm, darıxıram, ver, aparım baxım”.

Leyla Bağıyeva hesab edir ki, qızının psixi problemləri var. O iddia edib ki, vaxtilə Nərgiz Bağıyeva təcavüzə məruz qalıb. Bununla əlaqədar hüquq-mühafizə orqanlarına şikayət olunsa da, rüşvət müqabilində məsələ ört-basdır edilib.

Ana səhifəXəbərlərUşağını öldürməkdə ittiham olunan anaya hökm oxundu