Uşağın uşağı

12 yaşlı qızın atalığından hamilə qalması xəbəri hər gün qarşıma çıxır.

Source:
Günel Mövlud – Banner
Günel Mövlud – Banner

Hazırda Almaniyada həkim kimi çalışan bir dostumuz var. Varlı bir ailədə doğulub, ölkədə ciddi problemi olmayıb, bununla belə, çıxıb getmək qərarını verib. Bir dəfə ondan bu qərarının səbəbini soruşduq. Bizə bir hadisə danışdı.

Dedi ki, Tibb Universitetini təzəcə bitirmişdim. Bir xəstəxananın baş həkimi atamın yaxın dostu idi. Atam ona zəng elədi, dedi ki, məni özünə assistent götürsün. Beləliklə, onun yanında işləməyə başladım. Universiteti təzəcə bitimişəm, sənətim barədə yüksək fikirdəyəm, düşünürəm ki, insanları xilas etmək necə ali bir əməldir. Təbii, həmkarlarıma da belə baxıram, düşünürəm ki, yəqin onlar da bu romantika ilə işləyirlər.

Bir gün baş həkimin otağında oturmuşduq. Mən nəsə yazırdım, o da oturub krossvord həll edirdi. Düşünürdüm ki, bütün günü qan, əməliyyat, stress. Yəqin ki, əsəblərini dincəldir. Birdən qapı açıldı, bir xəstənin qohumu girdi içəri. O xəstə də süni nəfəs aparatına qoşulmuşdu. Baş həkim xəstənin qohumunu görən kimi hirsləndi: “Əə, hanı pul? Neçə gündür o aparata qoşuludu xəstəniz? Niyə pulu gətirmirsiz? Ya indi pulu ödəyəcəksən, ya da aparatı söndürürük”.

Xəstə yaxını yalvardı ki, bir-iki günə pulu taparıq, amma nə olar, aparatı söndürməyin. Baş həkim qışqırdı ki, bura sizin üçün sanatoriya-kurort zad deyil. Sonra da həkimlərdən birini çağırdı ki, get, aparatı söndür. Həkim getdi, beş dəqiqədən sonra qayıtdı ki, söndürdüm. Baş həkim də sakitcə oturub, başladı krossvord həll eləməyə. Mən dəhşət içində quruyub qalmışdım. Gördüklərimə, eşitdiklərimə inana bilmirdim. Birtəhər dilə gəlib, dedim ki:

  • Doktor, axı siz indicə bir adamı öldürdünüz?!

Baş həkim krossvorddan başını ayırmadan dedi:

  • Guya o adam yaşayıb, nə qələt edəcəkdi ki?

Dostumuz deyir, o hadisədən sonra başa düşdüm ki, mən bu ölkədə nə həkim ola, nə də yaşaya bilərəm.

Bir aya yaxındır 12 yaşlı qızın atalığından hamilə qalması xəbəri hər gün qarşıma çıxır. Hər gün bu xəbərlə bağlı istəmədən bir yenilənmə görürəm. İstər açdığım yerli saytlarda, istə sosial şəbəklərdə bu xəbər, hadisənin inkişafı özü məni tapır, mən istəmədən bu barədə məlumatlanmış oluram.

Bir aydır ki, mən bu xəbərlə sakit bir mübarizə aparıram, oxumaq istəmirəm, daha çox məlumat almaq istəmirəm. Səbəbi də sadədir, özüm də anayam, başqa bir ananın uşağının zorlanması, sonra hamilə qalması, hamiləliyin geri dönüşü olmayan bir mərhələyə gəlməsi xəbəri məni sadəcə dəhşətə gətirir.

Amma internet əsrinin yan effektlərindən biri də budur, sən alacağın xəbəri artıq özün seçmirsən, xəbər səni seçir, tapır, xəbər sən istəməsən də sənə çatır.

Hələ bu xəbər ətrafındakı müzakirələri demirəm. Nə qədər insan özünü əxlaq tədrisçisindən tutmuş, həkimə qədər hər şey hesab edir və fikir, təklif, ittiham, tələb yağdırır: “Qız abort etdirməlidir!”, “Qızın anası günahkardır, niyə başa düşməyib?!” “Onun doğacağı o uşaq kimə lazımdır, abort etdirsin!”

Hələ bu gün dəhşətli bir şey oxudum. Jurnalistlərdən biri 12 yaşlı qızın bətnindən qeysəriyyə əməliyyatı ilə götürülüb, süni nəfəs aparatına qoşulan 7 aylıq körpənin öldürülməsini təklif edirdi. Hələ ona dəstək verən nə qədər adam vardı. Ən maraqlısı isə o idi ki, körpənin öldürülməsini təklif edən adamlar bunu canları yandığından edirdilər. Onu əsas gətirirdilər ki, axı qızı zorlanan ana, atalığının təcavüz etdiyi 12 yaşlı qıza o uşaq lazım deyil, rüsvayçılıq, bədbəxtlik, dəhşətin nişanəsidir, “Uşaq ev”ində isə o körpəni döyülmələr, təhqirlər, alçala-alçala, başqalarına qarşı nifrətlə böyüməkdən başqa heç nə gözləmir.

Dəhşətli olan da budur ki, axı bu adamlar qorxularında haqlıdırlar. Tələblərində yox, 7 aylıq bir körpəni ona həyat verən aparatdan ayırmaq tələblərində yox, o körpənin gələcəyindən, onun yaşayacağı məşəqqətlərdən qorxmaqda haqlıdırlar. Dəhşətli olan adamların bir körpənin ölümünü tələb etməsi deyil, dəhşətli olan budur, görün ölkə nə gündədir, körpələrin dünyaya gəlmədən ölümünü tələb edirlər ki, o uşaq ölümdən daha dəhşətləsini yaşamasın gələcəkdə.

Görün mentalitet necədir ki, insanlar bilir, uşağı zorlanan ana o körpə nədir, zorlanan qızının da ölümünə razı olardı bəlkə, təki bu söz-söhbətin üstü örtülsün. Görün, ölkədəki “Uşaq ev”ləri nə gündədir ki, insanlar bir uşağın orda yaşama ehtimalındansa, ölümünü üstün tuturlar. İlahi, bütün bunlar çox dəhşətlidir axı.

Bugünlərdə o Avropada yaşayan həkim dostumuzun hiss etdiklərini hiss edirəm. Çünki az qala ölkənin yarısı o baş həkim kimi danışır.

Ana səhifəMənim FikrimcəUşağın uşağı