Uşağın gələcəyi

Qaçqınlığın təzə vaxtıydı

Source:
Günel Mövlud
Günel Mövlud
Günel Mövlud – Banner
Günel Mövlud – Banner

Qaçqınlığın təzə vaxtıydı. Yəni iki ya üç il idi ki, qohum-əqraba pərən-pərən düşmüşdü. “Nizami”, “Məmmədəmin”, “Şirvan” dövrü. Bizim ailə və babamgil yaxın düşmüşdük. Arada məktəblərdə, uşaq bağçalarında, yataqxanalarda, vaqonlarda yerləşən qohum-əqraba bizə qonaq gəlirdi.

Günlərin bir günü yaxın qohum olan bir cavan qadın iki balaca uşağı ilə qonaq gəldi. Yaxın rayonlardan birində, uşaq bağçasında məskunlaşmışdılar, əri, qaynanası, baldızları ilə bir yekə otaqda yaşayırdılar.

Uşaqlar dəhşətli dərəcədə arıq idilər. Üzlərindən aclıq, əsəbilik və halsızlıq yağırdı. Elə arıq və heysiz uşaqları mən ancaq sonralar kütləvi aclıqdan əziyyət çəkən ölkələr barədə xəbərlərdə, verilişlərdə gördüm. Qabırğaları sayılan, ovurdları batmış, dəriləri tarıma çəkilmiş bu uşaqları görəndə, biz bütün ailəlikcə, oturub ağlamaq istədik. Əslində, qadın özü də çox arıqidi, amma uşaqların yanında onun hayına qalmaq mümkün deyildi.

Hamının diqqəti uşaqlarda idi.

Qadından səbəbini soruşanda, köksünü ötürüb, dedi ki, qaçqınçılıqdı da, kimin vəziyyəti bizimkindən yaxşıdı ki. Yeməyə heç nə tapmayan uşaq arıq olacaq.

Babamgil də, biz də təkid elədik ki, qadın uşaqları ilə bir müddət burda, bizim yanımızda qalsın. Anam dedi ki, aclıq bir il gedər, töhmət yüz il. O nə qohumluqdu ki, ilin-günün bu çağında sizi ac qoyaq. Bir müddət qalın, olanımızdan yesin-içsin uşaqlar. Gedənə qədər də bir az pay-puş düzəldərik, bir müddət də o çatar yeməyinizə.

Babam hardansa adam tapıb, qadının ərinə xəbər göndərdi ki, ailəsi bir müddət bizdə qalacaq. Uşaqlarla analarını dar, amma yorğan-döşəyi bol otağımızda yerləşdirdik, yerbəyer elədik. Başladıq uşaqlara qulluq eləməyə.

Sözün düzü, özümüz də çox kasıb idik. Onsuz da yemək-içməyimiz güclə çatırdı. Əlimizə gələn yardım pulunu, atamın Rusiyadan göndərdiyi pulu, yığdığımız pambığın pulunu – hamısını ərzağa verirdik, yenə də güclə çatırdı. Buna baxmayaraq, hamımız çalışırdıq ki, bir az qənaət edib, o uşaqlara yedirək. Toyuq yumurtlayan kimi qaçıb yumurtanı götürür, tavaya çırpıb, yedizdirirdik uşaqlara. Yemək çəkiləndə, boşqabımızdakının yarısını boşaldırdıq onların qabağına. Özümüz də balaca idik, amma uşaqların vəziyyəti o qədər pis idi ki, mərhəmət duyğumuzu bizdə o yaşda oyandırmışdı.

Təxminən ayyarım qaldılar bizdə. Ayyarıma uşaqlar da, anaları da biz az özlərinə gəldilər. Uşaqların qabırğaları gizləndi. Ovurdları bir az düzəldi.

Bir gün evin qadınları oturub söhbət edirdilər. Qadın anamdan soruşdu ki, bir az yamangünlük üçün pul yığıbmı. Anam dedi ki, rəhmətliyini qızı, nə yaman günlük, yaman gün elə budu da. Qadın dedi ki, sizin başınız xarab olub, biz elə yardımdan, pensiyadan, pambıqpulundan-zaddan 200 şirvan yığmışıq.

Hamının əli ağzında qaldı. O vaxtın pulu ilə 200 “şirvan”a iki yüz dəfə babat bazarlıq eləmək olardı. Hamı dəhşətə gəldi ki, birincisi kasıblıqda sən nə qədər qənaət etməlisən ki, bu qədər pul yığasan. Bir də ki, adam nə qədər daşürək olmalıdır ki, evdə bu qədər pul ola-ola, uşaqlarını acından öldürsün? Nəsə, çox üstün vurmadılar.

Bir gün anam olan-olmazdan bağlama düzəldib qadına verdi və yola saldı.

Yaxın qohum olduğundan bu ailə ilə tez-tez görüşürdük. Həmişə də elə dolanırdılar. Uşaqları yenə nə vaxt görsək, elə arıq, heysiz, qansız görünürdülər. Nə vaxt da dindirsək, qadın deyirdi ki, vəziyyətimiz pisdi, amma şükür allaha, bir az yamangünlük yığmışıq: “Pulu yeməyə verib, udmağa nə var ki, uşaqların gələcəyini fikirləşmək lazımdır. Bəlkə sabah universitetə, işə düzəltməyə pul lazım oldu, niyə gedib kiməsə ağız açaq?”

Dövlət köçkün qəsəbələri tikəndə, o ailənin birinci işi kubikdən hündür bir hasar tikmək oldu. İllərlə yığdıqlarını, uşaqların gələcəyinə hazırladıqları pulu daşa-quma xərclədilər.

Qızları universitetə öz biliyi ilə qəbul olundu, bitirdi, amma anareksiyadan əziyyət çəkir. 26 yaşlı qızdır, bədəni o qədər zəifdir ki, 7-ci sinif şagırdinə oxşayır. 40 kilo çəkisi var. Oğlanları isə əqli inkişafdan qaldı. Hamısı normal qidalanmamaqdan, qışın şaxtasında cır-cındır geyinməkdən. Beləcə, o ailə uşaqların gələcəyini fikirləşə-fikirləşə iki uşağı bədbəxt elədi.

Uşaqların gələcəyini fikirləşə-fikirləşə uşaqlarının yeməyindən, paltarından, əyləncəsindən kəsən nə qədər ailə var. Onlara həmişə elə gəlir ki, uşağa pul ancaq gələcəkdə, universitetə, vəzifəyə qoymaq üçün rüşvət şəklində lazımdır. Uşağın bir dəfə əylənməyə, kafeyə aparmır, ürəyi istəyəni alıb geyindirmir, amma rüşvətə, dərmana əlləri yaxşı açılır.

Ağıllarına gəlmir ki, o pulu verib uşağı musiqi məktəbinə qoysun, oyuncaq alsın, hovuza, şahmata aparsın, sonra da uşağın gələcəyi hansısa əclaf məmura rüşvət vermədən, özbacarığı hesabına düzəlsin. Uşağın gələcəyini düşünmək hər bir valideynin borcudur. Və uşağın gələcəyini yaxşı etmək üçün onun bugününü də yaxşı eləmək lazımdır. Yaxşı, layiqli, rifah dolu bu gün elə uşağın gələcəyidir.

Ana səhifəMənim FikrimcəUşağın gələcəyi