Ursula Rusiya qazı ilə bağlı Avropaya çağırış edib

Rusiya qazı. Foto: Victoria Viper B/shutterstock

“Avropa ən pis ssenariyə hazır olmalıdır”

“Avropa Rusiyadan qaz tədarükünü tamamilə dayandırmağa hazırlaşmalıdır, onsuz da bu, gec-tez baş verəcək”.

Bunu Avropa Komissiyasının sədri Ursula fon der Leyen deyib.

Ursula fon der Leyen bildirib ki, hazırda Rusiya ittifaqın 12 üzvünü qismən qazla təmin edir və ya ümumiyyətlə, mavi yanacaq vermir:

“Buna görə də Avropa ən pis ssenariyə hazır olmalıdır, bu, gec-tez qaz tədarükünün tamamilə dayandırılması ola bilər”.

Komissiya sədri Rusiya qazından az asılı olan ölkələri də enerjiyə qənaət səylərində iştirak etməyə çağırıb.

Onun sözlərinə görə, Avropa İttifaqının iqtisadiyyatları bir-biri ilə sıx bağlıdır, qaz böhranı bu və ya digər formada bütün üzv ölkələrə təsir edəcək.

Onun fikrincə, Rusiyadan qaz tədarükünün dayandırılması üçün qeyri-adekvat hazırlıq iqtisadi istehsalın orta hesabla 0,9-1,5% azalmasına səbəb ola bilər.

Ursula fon der Leyen. Foto: Alexandros Michailidis/shutterstock

“Əminəm ki, energetika nazirləri öz məsuliyyətlərini dərk edirlər. Söhbət hər kəs üçün təhlükəsizlik sisteminin yaradılmasından gedir ki, onlar növbəti iki qışdan təhlükəsiz şəkildə sağ çıxa bilsinlər”, – deyə komissiya rəhbəri fikrini yekunlaşdırıb.

Avropa Komissiyası iyulun 20-də yaydığı sənəddə üzv ölkələri 2023-cü ilin martın 31-dən sentyabrın sonuna qədər qaz istehlakının könüllü şəkildə 15% azaldılması planlarını təqdim etməyə çağırıb.

Xatırlatma

Rusiya Prezidenti Vladimir Putin Ukraynanın şərqindəki separatçı qurumları tanıdığını bəyan etdikdən 2 gün sonra, fevralın 24-də Ukraynaya qarşı müharibəyə başlayıb.

Dünyanın əksər ölkəsi Rusiyanın hücumunu pisləyib. Bundan sonra Avropa Birliyi ölkələri, eləcə də ABŞ Rusiyaya qarşı sanksiyalar tətbiq edib. 600-dən çox rusiyalı oliqarx, yüksək rütbəli hərbçilər, şirkət sahibləri, biznesmenlərlə yanaşı, Rusiya Prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrov sanksiyalara məruz qalıblar.

Rusiyada təşkil olunacaq yarışlar təxirə salınıb, bu ölkənin adı mühüm tədbirlərdən və təşkilatlardan çıxarılıb.

Aprelin 7-də isə BMT Baş Assambleyası Rusiyanın təşkilatın İnsan Hüquqları Şurasından çıxarılması ilə bağlı qətnamə qəbul edib.

Rusiya isə Avropa Şurası üzvlüyündən çıxıb.

Rusiya ordusunun Buça və digər Ukrayna şəhərlərində kütləvi qətliamlar və müharibə cinayətləri törətdiyi iddia olunur.

İyunun 25-də Avropa İttifaqının 12 ölkəsi Rusiya qazının tədarükündən tamamilə və ya qismən imtina edib.

Ana səhifəDünyaUrsula Rusiya qazı ilə bağlı Avropaya çağırış edib