Tez-tez dövlət məmurlarının, deputatların absurd, biabırçı fikirlərini eşidirik. Biri deyir: “Avropa gəlib, bizdən seçki sistemini öyrənsin”, o biri bahalaşmaya etiraz edənlərə “soğan ək, ailəni saxla” deyir, bir başqası qazla yaranan problemlə bağlı xalqa göstəriş verir ki, “pəncərələri bağlayın”. Bu xəbərləri eşitdikcə, adamın əli üzündə qalır. Düşünürsən yəni bunlar başqa planetdə yaşayırlar, yoxsa Azərbaycanda? Axı insan reallıq hissini nə qədər itirə bilər? Görünən odur ki, onların bu hissi iflic vəziyyətə düşüb. Buna başqa nə ad verəsən? Bu sualları düşünməyin özü belə insanın baş-beyin sisteminə ciddi şəkildə ziyan verir. Hətta həssas yanaşdıqca, əsəblərimizin, sinirlərimizin xərclənməsi hesabına öz bədənimizdə iflicolma riskini çoxaldırıq.
Bəlkə də onların elə əsas məqsədləri budur: Belə absurd fikirlərlə günü-gündən azalan, bir ovuc qədər sayı olan düşüncə və vicdan sahiblərinin ürəklərini partladıb, məhv olmasına gətirib çıxarmaq. Şübhə doğuran məqamdır. Psixoloji təsir faktoru danıla bilməz və praktiki şəkildə ən çox yayılmış üsullardan biridir. Despotik rejimlə idarə olunan ölkələrdə məhz belə təsir gücü ilə neçə-neçə insanları əsəb-ürək xəstəsi edib, tez ölmələrinə vasitəçi olurlar.
Bu yaxında daha bir ictimai fiqur, müəllimlərə “dolana bilmirsənsə, işdən sonra daş hör” məsləhəti ilə yadda qalan deputat Hadı Rəcəbli yenə özünəməxsus, analoqsuz ifadəsi ilə yadda qalıb.
Sitat: “Niyə Qarabağ əlilinə dərman, nəqliyyat pulsuz olmalıdır ki?!”
Dəhşətdir, deyilmi? Bax, bu xəbəri oxuyanda kompüter önündə sanki quruyub qalmışdım. Əllərim kompüterin klaviaturasının üzərindən sürüşüb süst halda yana düşdü. Bir müddət donuq vəziyyətdə qaldım. Monitora zillənmiş gözlərim dumanlandı. Sonra yavaş-yavaş reallığa qayıtdım. Göz önümdəki duman aradan çəkildi. Qollarımın yanlara düşdüyünü fərq etdim. Hətta üzümdə mimikaları yoxlamağa qərar verdim. Qaşlarımı, dodaqlarımı tərpətməyə başladım. Bir neçə saniyəlik süstlük elə bil üz ifadələrimə də təsir etmişdi. Bədənimlə bərabər, üzüm də keyimişdi. Üzümdəki mimikaları yoxladıqda şüuraltı narahatçılığı açıq duyurdum. İnsan üzündəki iflic əlamətlərinin yaranma hallarından xəbərim var. Bir anlıq donmanı iflic kimi başa düşmüşdüm.
Bu sətirləri yazdıqca belə daxilimdəki narahatlığı, ürəyimin bir başqa cür döyündüyünü aşkar duyuram. Bəli, bu ifadənin Azərbaycanda ictimai şəkildə səslənməsinin nə qədər təbii olduğunu da başa düşürəm. Amma yenə də təəccüblənməmək, sosial və psixoloji şok yaşamamaq öz əlimdə deyil. Bir çox adam ola bilsin bu qəbildən olan ifadələri rahat qəbul edir və adi də qarşılayır. Bu, onların öz işidir. Onsuz da onların belə halları adi, təbii qarşılaması və həzm etməsi hesabına bu cür pis günlərə gəlib çıxmışıq. Cəmiyyət affekt vəziyyətindədir. Neqativlər normativə çevirilib. İnsanlar dolayı və açıq yollarla təhqir və istismar olunmalarını adi şəkildə qarşılayırlar.
Kütləvi zombi əlamətlərinin baş aldığı cəmiyyətdə olsa belə, həmin ifadələr mənim və təəssübünü çəkdiyim xalqımın heysiyyatına toxunduğu üçün adi qarşılaya bilmirəm. Sözlərimdə heç bir populizm və psevdo toxumları yoxdur. Gözümün önündə Qarabağda ən böyük nemətlərdən biri sayılan sağlamlığını itirən insanlar canlanır. Vətən uğrunda yerimə qabiliyyətini itirən şəxslərin üzündəki kədər, qürur və xərclənmiş əsəbin notları gözümün önündən çəkilmir. Onlar sağlamlıq nemətlərini şərəflə, qarşılıqsız məhəbbətlə Vətənə qurban verdikləri halda, dövlət təmsilçisi bu gün onlara dərman və nəqliyyatı təmənna ilə vermək istəyir.
Bütün bunların fonunda isə mənasız idman yarışları zamanı ölkəyə gələn turistlərin yemək-içmək və nəqliyyat hesabları çox asanlıqla dövlət tərəfindən ödənilir. Bir daha belə nəticəyə gəlirik ki, Vətən uğrunda əlillik qazanan şəxsin dəyəri və hörməti hansısa xarici turistin dəyərinin yanında buxarlanıb, yox olur.
Belə vəziyyətdə isə Hadı kimi adamların hələ də “millət vəkili” adını daşıması Qarabağda savaşmış insanlara, eləcə də millətini sevən vicdanlı şəxslərə qarşı psixoloji təzyiq üsuludur. Yəni deyirlər ki, qoy, ürəyiniz partlasın…