Ureki – burda azərbaycanlılara daha çox rast gəlinir

Gürcüstandakı kiçik turizm şəhəri ucuzluğu ilə diqqət çəkir

Source:



Gürcüstandakı kiçik turizm şəhəri ucuzluğu ilə diqqət çəkir

Gürcüstana səyahət edənlərin arasında azərbaycanlılar üstünlük təşkil edir. Bunu Gürcüstanın rəsmi statistikası göstərir. Statistikaya əsasən, bu il Gürcüstana gələn turistlərin 49,1 faizi azərbaycanlıların payına düşür.

Azərbaycanlıların Tbilisi və Batumidən sonra ən çox üz tutduğu məkanlardan biri də Urekidir.


Müalicəvi qum

Ureki Qara dənizin sahilində, Batuminin 60 kilometr şimalında yerləşən kurort şəhəridir. İnsanlar bura daha çox qara qumun müalicəvi təsirinə görə gəlirlər. Deyilənə görə, buradakı qumun tərkibində maqnit olduğu aşkarlanıb. Əvvəllər bu qumdan dəmir almaq üçün istifadə olunsa da, 19-cu əsrdən başlayaraq qumun insan bədəninə bir çox faydası olduğu müəyyənləşib. Tibb elmi iddia edir ki, qumun tərkibindəki maqnit immunitet sistemini gücləndirir, bədəndə qanın dövranını tənzimləyir. Eyni zamanda bu qumun ürək-damar, sinir sistemi xəstəliklərinə, revmatizmə, onurğa və bel ağrılarına da faydalı olduğu deyilir. Maqnit tərkibli qumun uşaqlar üzərində də çox faydası var. Uşaqlarda sümük boşluğu, spinal iflic, onurğa və bel əyriliyi kimi xəstəliklərin müalicəsində bu qara qumun faydalı olduğu bildirilir. Bu səbəbdən daha çox uşaqlı ailələr müalicə məqsədilə Urekiyə üz tuturlar. Hətta burada çox sayda əlilliyi olan şəxs də görmək mümkündür.


Ureki həm də iqlimi ilə fərqlənir.

Bakı sakini Günel Tağıyeva deyir ki, 4 yaşlı qızı Aylin sümük boşluğundan əziyyət çəkdiyi üçün hər il bura gəlirlər:

“Övladımda xeyli dəyişiklik hiss etmişəm. Mənə buranı pediatr məsləhət gördü. O dedi ki, uşaq üçün buranın qumu çox faydalıdır. Eşitdiyimə görə, burada 12 yaşında yeriməyən uşaq gətirirlərmiş. Uşaq düzəlib və anası Urekidə böyük qonaqlıq verib. Söz vermişəm ki, qızımın problemi düzəlsin, mən də Urekinin mərkəzində böyük qonaqlıq təşkil edəcəm”.

Ureki, photo: courtesy
Ureki, photo: courtesy

Tovuz sakini Məsud Məmmədov isə ailəsi ilə birlikdə dincəlmək üçün Urekiyə gəldiklərinə deyir:

“Ureki həm ucuz şəhərdi, həm də çox təmizdi. İstədik Nabranda dincəlməyə gedək. Qiymətlərlə maraqlandıq. Burdan iki dəfə baha idi. Burda həm yemək, həm qalmaq ucuz başa gəlir. Yaxşı da istirahət edirik”.


Gürcüstanın tibb turizmi

Gürcüstanda tibb turizmi də geniş yayılıb. Ölkənin rəsmi dövlət statistikasına əsasən, 2016-cı ilin təkcə yanvar-fevral aylarında 126 min turist sağlamlıq və müalicə məqsədilə Gürcüstana üz tutub. Turistlərin tibb turizmi üçün üz tutduqları məkanlar sırasında Ureki də var. Belə ki, ürək-damar xəstəliklərindən, iflicdən, onurğa-bel ağrıları və əyriliklərindən, sinir sistemi xəstəliklərindən əziyyət çəkənlər Urekiyə və xüsusilə də “Kolxida” sanatoriyasında müraciət edirlər. Burada xəstələri əsasən maqnitli qumla müalicə edirlər. Sanatoriyanın həyətində geniş park, su hovuzu və sanatoriyanın xüsusi çimərliyi yerləşir. Otaqlarda hər cür şərait və təmizlik təmin olunub. Burada 2 nəfərlik otaq üçün gündəlik 80 dollar (1 nəfər 40 dollar) ödəməklə gündə 3 dəfə qidalanmaq, bütün növ tibbi xidmətlərdən istifadə edə etmək mümkündür. Otaqların dənizə və ya parka panoramasının olmasından asılı olaraq qiymətlərində cüzi fərqlər var. Həmçinin qiymətə sanatoriya daxilindəki bütün növ xidmətlərdən – su hovuzundan və çimərlikdən pulsuz istifadə daxildir. Sanatoriyanın rəhbəri Katiya Sarjveladze deyir ki, bu qiymətə tibbi müayinə və müalicələr də daxildir:

“Qiymətlərə həkim konsultasiyası, analizlər, xolesterinin, qanda şəkərin və kalsinin ölçülməsi, kardioqramma, tibb heyətinin nəzarətində maqnitli qum vannası, eyni zamanda yağışlı havada süni isidilmiş qum vannası, digər müalicəvi vannalar, masajlar, inqalyasiya daxildir”.

Gürcüstan maqnitli quma malik dünyanın ikinci ölkəsidir. K.Sarjveladze belə deyir:

“Urekini qumunun necə faydalı olduğu hamıya məlumdur. Bizim həkimlərimiz də çalışırlar ki, insanları bu qum vasitəsilə müalicə etsinlər. Çox xəstəmiz olub ki, öz problemindən tamamilə azad olub”.

Sanatoriya rəhbərinin sözlərinə görə, bura çox sayda azərbaycanlı müraciət edir:

“Sanatoriyamıza ruslar, türklər, azərbaycanlılar və ermənilər daha çox gəlir. Azərbaycanlılar xüsusilə xidmətlərimizdən və qiymətlərdən razı qaldıqlarını deyirlər. Ən çox uşaqlı ailələr bizə müraciət edir. Biz də əlimizdən gəldiyi qədər onların xidmətində durmağa çalışırıq”.

Sanatoriyada dincəlməyə gələn Bakı sakini Etibar Mahmudov artıq 5-ci ildir ki, bura gəldiyini vurğulayır:

“İki nəfər üçün 80 dollar ödəyirik. Ancaq həm sanatoriyanın həyəti dincəlmək üçün çox gözəldir, həm də masajlardan, vannalardan istifadə edirik. Başqa yerdə yemək yeyəndə burdan çox ödəyirsən. Burda gündə 3 dəfə yeməyimiz, müalicəmiz də daxil adambaşı günə 40 dollar ödəyirik”.

Şəmkir sakini Emil Məmmədov isə təəssüflənir ki, Azərbaycanda qiymətlər belə münasib deyil.

“Burda qiymətlərdən çox razıyıq. Elə Bakıda bir analiz üçün nə qədər pul ödəyirsən. Ən ucuz poliklinikada masaja gündəlik 25 manat pul ödəyirsən. Yemək, müalicə, su hovuzu – hamısı qiymətə daxildir. Həm də bura ailəvi yer olduğu üçün rahat dincəlmək olur. Bundan sonra da həmişə Urekiyə gəlməyi düşünürəm”.


Ucuz qiymətə istirahət…

Azərbaycanlıların Urekiyə üz tutmasının digər səbəbi də qiymətlərdir. Dənizə çox yaxın məsafədə yolboyu sıralanan otellərdə qiymətlər müxtəlifdir. Lakin buradakı qiymətlər Azərbaycanla müqayisədə çox ucuzdur.

Urekinin ən lüks oteli hesab olunan “Albatros”da qalmaq istəsəniz siz iki nəfərlik otağa bir gün üçün 50 dollar ödəməli olacaqsınız. Lakin bu qiymətə gündə 3 dəfə qidalanmaq (İsveç stolu), bütün növ xidmətlər, su hovuzu, əla şəraitli lüks otaqlar daxildir.

Digər tam şəraitli otellərdən biri hesab olunan “Premium Otel”də isə qidalanma daxil olmaqla 3 nəfərlik bir otağa 1 gün üçün 35-40 dollar ödəməklə qala bilərsiniz. Otaqlarda duş kabini, soyuducu, kondisioner, televizor və yemək masası olur. Bu qiymətə həmçinin siz çimərlikdə şezlonqdan pulsuz istifadə edə və otelin özəl kartı ilə diskotekaya pulsuz daxil ola bilərsiniz. Otel dənizdən 150 metr məsafədə yerləşir.

Nabrandakı otellərdə isə qiymətlər fərqlidir. Məsələn, “Atlant” istirahət mərkəzinda 1 sutka qalmaq adambaşına 55-85 manata başa gəlir.

Koteclər 110-165 manat arasında dəyişir. İsveç masasında və ya otelin daxilindəki restoranlarda qidalanmaq üçün isə əlavə pul tələb olunur.

Otel dənizdən uzaq yerləşdiyi üçün çimərliyə ancaq maşınla getmək mümkün olur.

“El Faro” oteldə iki nəfərlik otaq üçün 180 manat tələb olunur. Bura gündə 3 dəfə qidalanmaq da daxildir. 3 nəfərlik otağın qiyməti isə 245 azn-dir.

“Pavilion” Qonaq Evində isə 2 nəfərlik otaq üçün sadəcə səhər yeməyi daxil olmaqla 80 azn, 3 nəfərlik otaq üçün isə 120 manat ödəməli olacaqsınız.

Nabranda nisbətən ucuz hesab olunan “Dəniz” Qonaq Evində isə iki nəfərlik otaq üçün qiymətlər 54, iki nəfərlik kral otağı üçün isə otaqdakı əşyalardan asılı olaraq 94, 50-105 manat arasında dəyişir. Bu qiymətə yalnız səhər yeməyi daxildir. İsveç masası olmadığı üçün yeməklərin çeşidində məhdudiyyət var.


Urekiyə kasıb təbəqə də üz tutur

Urekidə bütün sosial təbəqələrə mənsub insanlar üçün seçim şansı var. Yerli xalq öz hostel və pansion üslubunda düzəltdikləri evlərini gündəlik kirayə verir. Siz hər çarpayı üçün gündəlik 10 lari ödəməklə normal şəraitli evlərdə qala bilərsiniz. Məsələn, 3 nəfər belə evlərdə qalmaq istəsə, gündəlik 30 lari ödəməli olacaq. Bu da indiki məzənnə ilə təxminən 15 manat edir. Burada hətta bəzi otaqların ayrıca hamamı və mətbəxi olur.

Otaqlarda tam şərait təmin olunur. Hətta bəzi ev sahibləri bir otaq üçün 20 lari pul tələb edir. Təbii ki, belə evlərdə mətbəx və hamamdan ümumi şəkildə istifadə olunur. Kirayə evdə yaşayan insanlar mətbəxdən istifadə edə və yeməklərini özləri hazırlaya bilirlər. Mətbəxdə soyuducu, qaz, su və sizə lazım olan bütün şərait təmin olunur. Urekidə yolboyu təşkil olunmuş bazarlar və mağazalar var. Burada hər cür ərzaq satılır. Siz burada ucuz qiymətlərlə alış-veriş edərək öz yeməyinizi hazırlaya bilərsiniz.

Azərbaycanla müqayisədə bu qiymətlər ucuzdur. Belə ki, Nabranda ən ucuz qala biləcəyiniz məkana adambaşına 8-10 manat ödəməli olacaqsınız. Lakin çox vaxt bu otaqlar şəraitsiz olur. Yalnız quru çarpayı və dörd divar. Evindən yemək, qaz plitəsi, ərzaq gətirənlər belə evlərdə 3 dəfə yemək ehtiyaclarını ödəyirlər. Hətta belə yerlərdə su, qaz problemi də çox olur. Sutkası 15-20 manatdan başlanan koteclərdə isə şərait nisbətən normal olur. Burada da yemək məsələsi ailənin öz öhdəsindədir. Bu halda 10 gün istirahət etmək istəyən vətəndaş adambaşına minimum 200 manat ev kirayəsinə verir. Urekidə isə 3 nəfərlik istirahət üçün bu məbləği ödəyirsən. Hətta kasıb gürcülər də ildə bir dəfə burada və ya Gürcüstanın daha ucuz məkanlarında istirahət edirlər.


Urekinin mərkəzində “Gəncə” mətbəxi

Bundan əlavə, Urekidə hər yerdə kafe-restoranlara rast gəlmək mümkündür. Gürcü mətbəxinin növbənöv təamları turistlərə təklif olunur. Burada yeməklərin qiymətləri Tbilisidəki ilə üst-üstə düşür. Siz adambaşına gündə 10-20 lari xərcləməklə normal qidala bilərsiniz. Təbii ki, sifarişdən asılı olaraq menyunun qiyməti dəyişir. Urekini çoxsayda erməni və azərbaycanlılar ziyarət edir. Eyni zamanda burada erməni restoranları ilə yanaşı, Azərbaycan restoranına da rast gəlmək mümkündür. “Gəncə” restoranı öz müştərilərinə Azərbaycan təamlarını təklif edir. Azərbaycan kababları, Gəncə buğlaması, xaşlama və xəngəl növləri ilə müştəriləri cəlb etməyi bacarır. Onu da qeyd edək ki, Gəncə restoranı həmişə, xüsusilə axşamlar dolu olur. Burada Azərbaycan dilində musiqilər səsləndirilir. Gəncə sakini olan restoran sahibəsi Leyla Nağıyeva deyir ki, bura hətta erməni qonaqlar da gəlirlər və Azərbaycan yeməklərinin dadına baxırlar:

“Yeməklərimiz təmiz və halaldır. Çalışırıq bura gələn turistlərə Azərbaycan mətbəxini nümayiş etdirək. Müxtəlif millətin nümayəndələri bizim mətbəxin dadına baxmağa gəlir. Azərbaycanlılar isə bizim daimi müştərilərimizdir. Onlar bizim yeməklərdən razı qaldıqlarını deyirlər. Gəncədən gələn müştərilərimizin sayı daha çox olur”.

“Bermuha” adlı gürcü restoranının da çox sayda azərbaycanlı müştərisi var. Restoranda Azərbaycan dilindən tərcümə olunmuş mahnılar Ureki küçələrində əks-səda verir. Qonaqlar Azərbaycan musiqisinin sədaları altında rəqs edirlər. Urekinin mərkəzində özünü Azərbaycandakı kimi hiss edirsən.

Ana səhifəXəbərlərUreki – burda azərbaycanlılara daha çox rast gəlinir