”Ünvanlı sosial yardımın verilməsi ilə bağlı nöqsanlar aşkarlanıb”

Müzakirədə iştirak edən deputatlar kino sahəsinə ayrılan vəsaitin azlığına etiraz ediblər

Foto: Hesablama Palatası
Hesablama Palatası
Hesablama Palatası


Müzakirədə iştirak edən deputatlar kino sahəsinə ayrılan vəsaitin azlığına etiraz ediblər

Hesablama Palatasının sədri Vüqar Gülməmmədov növbəti ilin büdcə layihəsində sosial sahəyə xüsusi diqqət ayrıldığını deyib. O bildirib ki, büdcədən bu sahəyə 6.4 milyard manat ayrılması nəzərdə tutulub ki, bu da 2018-ci illə müqayisədə 14 faiz çoxdur.

“2019-cu ilin büdcəsindən təhsil xərclərinə 2.3 milyard manat vəsait nəzərdə tutulub ki, bu da ÜDM-nin 2.8 faizini təşkil edir. 2019-u ilin büdcə layihəsində sosial müdafiə, sosial təminat sahəsində 2.6 milyard manat vəsait nəzərdə tutulub”.

Palata sədri bildirib ki, Hesablama Palatasının yardımların təyin edilməsi və ödənilməsi ilə bağlı apardığı nəzarət tədbirləri nəticəsində ünvanlı yardımın ailənin məişət şəraitinin müayinəsinin qanunvericiliklə müəyyən edilməsinə baxmayaraq, həyata keçirilmədiyi, yalnız müraciət edən şəxslərin məlumatları əsasında avtomatlaşdırılmış sistem tərəfindən təyinat aparıldığı, ailənin istifadəsində olan əmlak və ailənin gəlirləri, tərkibində dəyişikliklər haqqında düzgün olmayan məlumatarın qəbul edilməsi halları kimi nöqsanlar aşkarlayıb.

Hesablama Palatasının sədri Vüqar Gülməmmədov
Hesablama Palatasının sədri Vüqar Gülməmmədov

Onun sözlərinə görə, bu tədbirlərin nəticəsi ilə bağlı müvafiq nazirliyə məlumatlar göndərilib.

“Ünvanlılığın təmin edilməsi ilə bağlı aparılan tədbirlər nəticəsində cari ilin 9 ayında ünvanlı sosial yardım təyin edilən ailələrin sayı əvvəlki illə müqayisədə 37.1 faiz azalıb. Bu, çox ciddi rəqəmdir. Növbəti il üçün ünvanlı yardımın verilməsinə görə, ehtiyac meyarının 10 faiz artırılaraq 143 manat məbləğində proqnozlaşdırılması fonunda tələb olunan vəsaitdən 17 faiz az nəzərdə tutulması ünvanlı yardımın ünvanlılılıq prisnipinin təmin edilməsi istiqamətində bu tədbirlərin nəticəsi kimi qiymətləndirilməlidir”.

Şəhid ailələri üçün 50 milyon manat vəsait ayrılacaq

Maliyyə nazirinin birinci müavini İlqar Fətizadə bildirib ki, “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinə birdəfəlik ödənişlərin verilməsi proqramı növbəti ildə də davam etdiriləcək. Birdəfəlik ödənişlərin verilməsi proqramı növbəti ildə davam etdirilməsi üçün növbəti ildə dövlət büdcəsindən 50 milyon manat vəsait ayrılacaq.

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli deyib ki, növbəti ilin büdcəsində sosial məqsədlər üçün ümimilikdə 8 milyard manatdan çox vəsait ayrılıb ki, bu da büdcənin 33,4 faizini təşkil edir”.

Hadı Rəcəbli
Hadı Rəcəbli

Komitə sədri bildirib ki, son 10 ildə Azərbaycanda sosial məqsədlərə ayrılan vəsaitlər artırılıb.

AMEA-da çalışanların maaşı artırılmalıdır

Səhiyyə Komitəsinin sədri Əhliman Əmiraslanov elmə ayrılan vəsaitin azlığını diqqətə çatdırıb. O bildirib ki, növbəti il dövlət büdcəsində elmə ayrılan vəsaitin həcmi 0.2 faiz təşkil edir.

Əhliman Əmiraslanov
Əhliman Əmiraslanov

Deputat vurğulayıb ki, elmi tədqiqatların aparılması üçün vəsait lazımdır: “5-6 ildir ölkəmizdə kök hüceyrə mərkəzi yaradılmasını müzakirə edirik.

Bu mərkəzin yaradılmasını 100 minlərlə xəstə gözləyir. Müqayisə üçün deyim ki, İstanbul şəhərində belə mərkəzlərin sayı onlarladır. Amma Azərbaycanda hələ də belə mərkəzin yaradılması mümkün olmayıb”.

Komitə sədri Azərbaycan Milli Elmlər Akademiyasında çalışanların əmək haqqı aşağı olduğunu deyərək, artırılmasını təklif edib.

Efiri əksəriyyəti şit, mənasız və xəcalət verən kino və seriallar zəbt edib

Müzakirədə iştirak edən deputatlar kino sahəsinə ayrılan vəsaitin azlığına etiraz ediblər.

Deputat Elmira Axundova deyib ki, Azərbaycan kinosunun inkişafı ilə bağlı 2019-cu ilin dövlət büdcəsindən Mədəniyyət Nazirliyinə 1,5 milyon manat vəsait ayrılıb:

Elmira Axundova
Elmira Axundova

“Burada inkişaf sözü acı gülüş doğurur. Çünki bu vəsaitlə Azərbaycanda cəmi bir dənə ortabab səviyyəli bədii film çəkmək olar. Kino mütəxəssisləri mənə bildiriblər ki, hazırda Gürcüstanda, hətta bizdən daha imkansız olan Ermənistanda kino sənayesinin inkişafına qat-qat artıq vəsait ayrılır”.

O bildirib ki, 27 il müstəqillik dövründə bizdə tarixi, hərbi və digər ümummilli mövzulara aid sadəcə bir-iki dəyərli filmlər ərsəyə gəlib: “Bunun əvəzində efirləri və kino ekranlarını əksəriyyəti şit, mənasız və xəcalət verən kino və seriallar zəbt edib. Nəzərə alsaq ki, növbəti ilin büdcə gəlirləri 1 milyard 600 milyon manat artırılır, bu halda Azərbaycan kinosunun inkişafına da 1 milyon manat ayırmaq elə də çətin olmamalıdır”.



Nazir: “Kinoda məsələ yalnız pulla ölçülmür”

Maliyyə naziri Samir Şərifov son 2 ildə kino sahəsinə vəsaitin ayrılmasını məhdudlaşdırdıqlarını eiraf edib:

“Amma heç bir deputat əvvəlki illərdə kifayət qədər böyük həcmdə ayrılan vəsaitin müqabilində çəkilən hansısa kino əsərinin olub-olmaması məsələsinə toxunmur. Əvvəlki illərdə biz ildə təxminən 8 milyon dollara yaxın vəsait ayırırdıq. Bu, kifayət qədər böyük vəsaitdir. Elə kinolar var və yaxşı çəkilərək ictimaiyyətə göstərilir. Ona görə də burada sistem olmalıdır. Dövlət büdcəsinin ehtiyat imkanları var. Yəni burada daha səmərəli mexanizm yaradılarsa, bu, yüksək keyfiyyətə malik kino əsərlərinin yaradılmasına xidmət edəcək proqramın ərsəyə gəlməsi ilə nəticələnəcək.

Samir Şərifov
Samir Şərifov

Təkcə onu qeyd etmək istəyirəm ki, son 1-2 ildə özəl sektor tərəfindən çox gözəl filmlər çəkilir, bu da onu göstərir ki, bu məsələ yalnız pulla ölçülmür. Ona görə də gəlin bu məsələyə nikbin yanaşaq. Mən də kino sənayesinin inkişaf etdirilməsinin tərəfdarıyam . Amma hökumətin ümumi fikri ondan ibarətdir ki, burada müəyyən keyfiyyət yönümlü dəyişiklik baş verməlidir” – deyə nazir qeyd edib.

Maliyyə naziri Samir Şərifov bildirib ki, sosial ipotekanın əhatə dairəsini daha da artırmağa çalışacaqlar. Gələn ilin dövlət büdcəsi layihəsində güzəştli mənzillərin təminatı üçün 62 milyon manat vəsaitin ayrılması nəzərə tutulur. Ancaq nəzərə alınmalıdır ki, dövlət bunu hədsiz edə bilmir. Bundan əlavə, hərbi qulluqçular üçün ayrı vəsait, şəhid ailələri üçün ayrı vəsait, məcburi köçkünlər üçün də ayrı bir zərfdə vəsait nəzərdə tutulub. Bunları birlikdə toplayanda kifayət qədər samballı zərfdən söhbət gedir.

Büdcə zərfinə “2019-cu ilin dövlət büdcəsi haqqında”, “2019-cu il üçün yaşayış minimumu haqqında”, “2019-cu il üçün ehtiyac meyarının həddi haqqında”,

“Dövlət Sosial Müdafiə Fondunun 2019-cu il büdcəsi haqqında” qanun layihələri daxildir.

Büdcə zərfi komitələrdə müzakirə edildikdən sonra layihə parlamentin plenar iclasına çıxarılacaq. Layihə ilə bağlı noyabrın 13-14-15-23-30-da parlamentin plenar iclasları keçiriləcək.

Azərbaycanın 2019-cu il dövlət büdcəsinin gəlirləri 22 917,5 milyon manat, xərcləri 24 780,1 milyon manat proqnozlaşdırılır.

Ana səhifəReportaj”Ünvanlı sosial yardımın verilməsi ilə bağlı nöqsanlar aşkarlanıb”