Universitet tələbələrə verdiyi töhməti ləğv etdi

Töhmət verən fakültə dekanı Sevda Vahabova ilə bağlı müvafiq ölçü götürüləcək

Source:


Töhmət verən fakültə dekanı Sevda Vahabova ilə bağlı müvafiq ölçü götürüləcək

YAP-ın iclasına getmədikləri üçün ADU-da təhsil alan tələbələrə töhmət verilməsi təkcə həmin universitetin deyil, bütün universitetlərin tələbələrinin etirazına səbəb olub.

ANS PRESS-in məlumatına görə, ADU-nun Filologiya və Jurnalistika fakültəsinin dekanı Sevda Vahabova YAP-ın iclasında iştirak etməyən 14 tələbəyə töhmət verəcəyi ilə bağlı əmr verib.

Əmrin şəkli Meydan TV-nin Facebook səhifəsində yayıldıqdan sonra tələbələr bununla bağlı etirazlarını bildiriblər. Məsələn, sosial şəbəkə istifadəçisi Rüstəm Cəfər deyir ki, “universitet tələbəyə töhməti yalnız o zaman verə bilər ki, o, universitetin qaydalarını pozsun. YAP təhsilə aidiyyəti olmayan siyasi partiyadır və bunun fakültəyə heç bir dəxli yoxdur”.

ADU-nun mətbuat xidmətinin rəhbəri Kazımova Şəfaqət bildirdi ki, dekanın əmrindən nə universitet rəhbərinin, nə də idarə heyətinin xəbəri olmayıb. Onun sözlərinə görə, əmr dekanatlıq daxili verilib.

Kazımova Şəfaqət
Kazımova Şəfaqət

“Bununla bağlı bu gün iclas keçiriləcək. Fakültə dekanı Sevda Vahabova ilə bağlı müvafiq ölçü götürüləcək. Bizim universitetdə ümumiyyətlə heç kim YAP-a üzv olmağa məcbur edilmir. Kimsə də üzv olubsa, onu iclasa məcbur göndərmirik. Odur ki, həmin tələbələrə qarşı töhmət mümkün deyil”.

Sosial şəbəkə istifadəçilərinin məlumatına görə, analoji hadisə ötən il Azərbaycan Dövlət Pedaqoji Universitetində də yaşanıb. Filologiya fakültəsinin dekanı konsert proqramına məcbur hər qrupdan jurnal siyahısı ilə 15 tələbənin getməsini əmr edib. Konsert dərsdən sonra axşam saat 19:00-da olub. Konsertdə iştirak etməyən tələbələrə isə ertəsi gün töhmət verilib.

Ana səhifəXəbərlərUniversitet tələbələrə verdiyi töhməti ləğv etdi