UNICEF və BMT-nin Azərbaycandan çıxışı: səbəblər, təsirlər və perspektivlər

UNİCEF və BMT. İllüstrasiya: ChatGpt

2025-ci ilin əvvəlindən etibarən Birləşmiş Millətlər Təşkilatının müxtəlif agentliklərinin, xüsusilə də UNICEF-in Azərbaycandakı fəaliyyətini dayandırması xəbərləri ictimaiyyət və insan hüquqları üzrə ekspertlər arasında müzakirələrə səbəb olub. Bu qərar regional əməkdaşlıqdakı dəyişikliklər, beynəlxalq təşkilatlarla gələcək münasibətlər və ölkə daxilində yarana biləcək sosial-hüquqi nəticələrlə bağlı suallar doğurub.

UNICEF və BMT hansı ölkələrdə və niyə fəaliyyət göstərir?

Beynəlxalq təşkilatlar bir ölkədə yalnız xeyriyyəçilik məqsədilə deyil, həm də dövlətlərlə əməkdaşlıq edərək müəyyən sosial, humanitar və inkişaf hədəflərinə çatmaq üçün fəaliyyət göstərirlər. Məsələn, UNICEF uşaq hüquqlarının müdafiəsi, erkən nikahla mübarizə, təhsilə çıxış imkanlarının artırılması, münaqişə bölgələrində uşaqların müdafiəsi kimi sahələrdə fəaliyyət göstərir. Bu fəaliyyətlər adətən hökumətlərlə bağlanmış əməkdaşlıq razılaşmalarına əsaslanır.

Eyni zamanda BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı (OHCHR), Əhali Fondu (UNFPA), Qadınlar üçün BMT (UN Women)  kimi qurumlar gender əsaslı zorakılıqla mübarizə, hüquqi maarifləndirmə, statistik hesabatların hazırlanması və beynəlxalq hüquqi mexanizmlərlə əməkdaşlıq sahəsində mühüm rol oynayır.

Bu agentliklərin fəaliyyətləri hökumətlərin rəsmi dəvəti və razılığı ilə həyata keçirilir. Onların fəaliyyəti həm dövlət qurumlarına texniki dəstək vermək, həm də vətəndaş cəmiyyətinə imkanlar yaratmaq məqsədi daşıyır.

Azərbaycan Xarici İşlər Nazirliyinin rəsmi səhifəsində qeyd edilib ki,  Azərbaycan ölkədə sosial, iqtisadi, mədəni və humanitar sahələrin inkişafını dəstəkləmək məqsədi ilə beynəlxalq təşkilatlarla geniş əməkdaşlıq edir. Məsələn, UN-Habitat işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və urbanizasiyası üçün texniki dəstək göstərir. UNHCR məcburi köçkünlər və qaçqınların hüquqlarının qorunması və onların həyat şəraitinin yaxşılaşdırılması üzərində işləyir. IOM kənd təsərrüfatının inkişafı, su resurslarının bərpası, miqrasiya idarəçiliyi və insan alverinə qarşı mübarizədə Azərbaycana dəstək verir. UNESCO, UNAOC, UNICEF və UNFPA kimi təşkilatlar mədəniyyətin qorunması, dialoqun təşviqi, uşaqların hüquqları, qadınların səlahiyyətləndirilməsi və gender bərabərliyi sahəsində fəaliyyət göstərir. WHO ilə əməkdaşlıq isə ölkədə sağlamlıq sisteminin gücləndirilməsi və pandemiyaya qarşı mübarizəyə yönəlib. Azərbaycan həmçinin gənclərin inkişafı və cəmiyyətdə fəal iştirakını artırmaq üçün NAM, EU4Youth və BMT-nin proqramları ilə sıx işləyir. Bu əməkdaşlıqlar ölkədə davamlı inkişaf, sosial inklüzivlik, sülh və regional sabitliyin təmin olunmasına xidmət edir.

UNICEF: “Azərbaycanda uşaq hüquqlarının müdafiəsində tərəfdaşlığımız mühüm töhfələr verib”

“Son 30 il ərzində əməkdaşlığımız uşaq ölümlərinin azalmasına, keyfiyyətli təhsilə çıxışın genişlənməsinə və uşaq müdafiəsi sistemlərinin gücləndirilməsinə töhfə verib,” – bunu UNICEF-in Avropa və Mərkəzi Asiya üzrə Kommunikasiya İdarəsinin regional rəhbəri İrina Mazur “Report”a açıqlamasında bildirib. O qeyd edib ki, UNICEF Azərbaycanda tərəfdaşlarla əməkdaşlığı regional ofis və baş qərargahı vasitəsilə davam etdirmək niyyətindədir.

Regiondan gedişin səbəbləri: siyasi, hüquqi və strateji amillər

APA-nın xəbərinə əsasən, Azərbaycan hökuməti artıq BMT-nin 4 yerli ofisi ilə yanaşı, Beynəlxalq Qırmızı Xaç Komitəsi (ICRC) və Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəzin (ICMPD) də yerli nümayəndəliyinin bağlanması ilə bağlı bildiriş göndərib.

“Azərbaycan vaxtilə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı ilə qaçqın, məcburi köçkün problemləri ilə bağlı əməkdaşlıq edib. Bu gün isə Azərbaycan vətəndaşlarını artıq azad edilmiş ərazilərə qaytarır. Özü də bunu öz vəsaitləri hesabına həyata keçirir. BMT və digər beynəlxalq təşkilatlar bu işə heç bir töhfə vermir”, Azərbaycan Milli Məclisinin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev APA-ya açıqlamasında deyib.

Deputatın da açıqlamasının yer aldığı bu xəbər, xarici işlər naziri Ceyhun Bayramovun BMT-nin İnkişafı Əlaqələndirmə Ofisinin Avropa və Mərkəzi Asiya üzrə Regional direktoru Qui-Yeop Sonla görüşündən bir gün sonra (4 mart 2025) paylaşılıb. Nazir Ceyhun Bayramov çıxışında BMT ilə Azərbaycan arasında son 33 ildə qurulan əməkdaşlığın səmərəli və konstruktiv xarakter daşıdığını, Azərbaycanın əvvəllər beynəlxalq yardımlardan faydalanan ölkə olduğu halda, bu gün artıq qlobal gündəliyə töhfə verən tərəfdaş kimi çıxış etdiyini vurğulayıb. Bu çərçivədə bəzi BMT qurumları ilə gələcək əməkdaşlığın layihə əsaslı və milli prioritetlərə uyğun şəkildə davam etdiriləcəyini diqqətə çatdırıb.

Lakin APA-nın yanvarda (8 yanvar 2025) yaydığı “UNDP-nin Azərbaycanda milyon dollarla ölçülən qanunsuz qrant əməliyyatları ifşa edilib – ARAŞDIRMA” başlıqlı yazısında UNDP-nin Azərbaycan nümayəndəliyi yerli QHT-lərə qanunsuz qrant verməkdə, saxtakarlıqda, Şuşa şəhərinə səfərdən imtinası ilə Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə açıq hörmətsizlik etməkdə ittiham edilir. Həmçinin həmin yazıda UNDP-nin Azərbaycan nümayəndəliyinin 2023-cü ildə Azərbaycanda mina əleyhinə proqramın genişləndirilməsinə 1.3 milyon dollar vəsait ayırdığı da qeyd olunub.

Xarici işlər naziri Ceyhun Bahramovun görüşdə vurğuladığı məsələlərin üzərinə deputatın verdiyi açıqlamada Azərbaycanın artıq BMT-yə ehtiyacı olmadığı bildirilsə də, təxminən iki ay əvvəl həmin mediada çıxan, yuxarıda adı keçən araşdırma Azərbaycanın beynəlxalq təşkilatlardan narazılığının fərqli motivini ifadə edir. Azərbaycanın artıq münaqişə ilə bağlı məsələdə köməyə ehtiyacı olmadığı bildirilsə də, 2023-cü ildə müharibənin təsirini aradan qaldırmaq üçün nəzərdə tutulan layihəyə 1.3 milyon dolların ayrılması faktı iddialar arasında başqa bir təzad yaradır. Eyni zamanda, xarici işlər nazirinin “milli prioritetlərə uyğun əməkdaşlıq” dedikdə nələri nəzərdə tutduğu izah edilmir.

“BMT-nin Azərbaycandakı nümayəndəliyi münaqişə bölgəsinə buraxılmadığı vaxt, Ermənistanda xəstəxanalarda zərərçəkmiş uşaqlarla görüşlər keçirilir, rəsmi səhifələrdə paylaşılırdı”

Foto: Jamnews

Sosial işçi olaraq uzun illər UNICEF-lə müxtəlif tədqiqatlarda əməkdaşlıq edən Sənubər Heydərova deyir ki, Azərbaycan tərəfi müharibə vaxtı UNICEF-i həmin ərazilərə buraxmamışdı; BMT təşkilatlarının tərəfdarlıq etdiyini düşünərək onların həmin ərazidə dəstək göstərməsinə, araşdırma aparmağına, bu barədə nəsə açıqlamasına icazə vermirdi:

“Azərbaycan hakimiyyəti tərəfindən UNICEF-in Azərbaycan ofisində işləyən adamlara müharibə bölgəsinə getmək qadağan edildiyi halda, UNICEF-in Ermənistandakı nümayəndələri oradakı uşaqların vəziyyətini işıqlandıra bilirdi. Azərbaycan haqlı olaraq düşünürdü ki, bizdə də xüsusilə Gəncə hadisələrindən sonra əziyyət çəkən uşaqlar var, nəyə görə BMT-nin Azərbaycandakı nümayəndəliyi bu barədə fikir bildirmir?Yalnız müharibə bitdikdən sonra uzun danışıqlar nəticəsində həmin təşkilatlara bölgələrdə layihə etməyə icazə verilmişdi”.

“2012-ci ildən tədqiqatlara nəzarət və məlumatların gizlədilməsi başladı”

Heydərova bildirir ki, UNICEF həmin illərdə Bakı və bölgələrdə ana və uşaq sağlamlığı, içməli suya çıxış, hüquq-mühafizə orqanları ilə təmasda olan uşaqların müdafiəsi və seysmik zonalarda məktəblilərin fövqəladə hallara hazırlığı kimi mövzularda həm tədqiqatlar aparıb, həm də bu tədqiqatların nəticələrinə uyğun təşəbbüslər həyata keçirib. Seysmik bölgələrdə aparılan araşdırmalardan sonra uşaqlara FHN tərəfindən təlimlər keçirilib, müdafiə bacarıqlarını artırmaq üçün məktəblərə kitablar paylanıb. Qadın məsləhətxanalarında ana və uşağın ilkin təmasına dair maarifləndirici materiallar, preparatlar və fol turşusu təqdim olunub. Hakimlərə, vəkillərə və polislərə uşaqlarla düzgün ünsiyyətə dair geniş təlimlər təşkil edilib. 2013-cü ildə ana və uşaqlardan qan nümunələri alınaraq aparılan qida tədqiqatı nəticəsinə əsasən, ölkədə un və duz məhsullarına yod əlavə olunmağa başlanılıb:

“Bu araşdırmalar əvvəl daha rahat aparılırdı, dövlət 2012-ci ildən nəzarət və məlumatlandırma məqsədi ilə bu araşdırmaların dövlət qurumları və ya nazirliklər ilə birgə aparılması qaydasını qoydu və ondan sonra tədqiqat statistikalarının bir hissəsi paylaşılırdısa, digər hissəsi paylaşılmırdı. Təbii ki, bu göstəricilər çox şeydən xəbər verirdi”.

“BMT-nin gedişi hüquqi məsuliyyəti yox etmir”

Foto: Meydan TV

BMT Qaçqınlar üzrə Ali Komissarlığı (BMTQAK) ilə əməkdaşlıq etmiş hüquqşünas Ruslan Əliyev deyir ki, qurum qaçqın hüquqları ilə bağlı konvensiyaların monitorinqini aparır, yerli qanunvericiliyin beynəlxalq hüquqa uyğunlaşdırılması məqsədilə analizlər həyata keçirir, eləcə də səlahiyyətli dövlət orqanları üçün təkmilləşdirmə təlimləri təşkil edirdi:

“BMT yalnız hüquqi mexanizm deyil, həm də bilik, resurs və yerli reallığı tanıyan dəstək şəbəkəsidir. Azərbaycan bu imkanlardan yararlanmağı bacarmalıdır”

Hüquqşünasın sözlərinə görə, BMT-nin hər hansı bir ölkədəki nümayəndəliyinin həmin ölkəni tərk etməsi o ölkənin beynəlxalq hüquqi öhdəliklərini aradan qaldırmır. BMT-nin ixtisaslaşmış təşkilatları dövlətlərin müxtəlif beynəlxalq öhdəliklərinin icrasına nəzarət funksiyasını daşıyır. Bu öhdəliklərin yerinə yetirilməsi sahəsində inzibati təcrübəsi zəif olan ölkələrə isə qurum peşəkar və ixtisaslaşmış dəstək göstərir.

Ana səhifəSiyasətUNICEF və BMT-nin Azərbaycandan çıxışı: səbəblər, təsirlər və perspektivlər