UNICEF-in Azərbaycandakı Nümayəndəliyinin fəaliyyəti sentyabrın 3-dən etibarən dayandırılacaq.
Bunu Report-a UNICEF-in Avropa və Mərkəzi Asiya üzrə Kommunikasiya İdarəsinin regional rəhbəri İrina Mazur deyib.
“UNICEF-in Azərbaycandakı fəaliyyəti 3 sentyabr 2025-ci il tarixində dayandırılacaq. UNICEF Azərbaycandakı tərəfdaşlarla əməkdaşlığını regional ofisi və baş qərargahı vasitəsilə davam etdirəcək”,– o bildirib.
Təşkilat Azərbaycanda 1993-cü ildən fəaliyyyət göstərirdi.
Bu ilin martında “Caliber.az” yazırdı ki, BMT-nin İnkişaf Proqramı (UNDP), Qaçqınlar üzrə Ali Komissarlığının İdarəsi (UNHCR), Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) və BMT-nin Uşaq Fondunun (UNICEF) Bakı nümayəndəliklərinə Azərbaycanı tərk etməli olduqları bildirilib və bu qərar müvafiq səviyyədə onlara çatdırılıb.
Bu il martın 3-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov BMT-nin İnkişafı Əlaqələndirmə Ofisinin Avropa və Mərkəzi Asiya üzrə Regional direktoru Qui-Yeop Son ilə görüş çərçivəsində bəzi BMT qurumları ilə bundan sonrakı tərəfdaşlığın milli prioritetlərə uyğun şəkildə layihə əsaslı əməkdaşlıq mexanizmi vasitəsilə və birbaşa mənzil qərargahları ilə işləməklə davam etdiriləcək.
İyulun 29-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov UNICEF-in Azərbaycandakı nümayəndəsi Saja Farooq Abdullahı diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.
Azərbaycanda fəaliyyəti dövründə UNICEF-lə əməkdaşlığın inkişafı istiqamətində göstərdiyi səylərə görə Saja Farooq Abdullaha təşəkkür edilib, ona gələcək fəaliyyətində uğurlar arzulanıb.
Martda Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndəliyi, mayın 2-də isə BMT-nin İnkişaf Proqramının (UNDP) nümayəndəliyi, mayın 5-də də BMT-nin Əhali Fondu (UNFPA), mayın 6-da BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının İdarəsi (UNHCR) Azərbaycanda fəaliyyətini dayandırmalı olub.