Guillermo Cano mükafatı 1986-cı ildə meksikalı narkobaronlar tərəfindən qətlə yetirilən jurnalistin şərəfinə təsis edilib
Azadlıq Radiosunun həbsdə olan araşdırmaçı jurnalisti Xədicə İsmayıl aprelin 8-də
UNESCO-nun 2016-cı il Guillermo Cano
adına Dünya Mətbuat Azadlığı Mükafatına layiq görülüb.
Media üzrə müstəqil beynəlxalq peşəkar münsiflər heyəti onu bu mükafata çətin şəraitdəki tövhələri, jurnalist araşdırmalarına görə layiq görüb.
Guillermo Cano mükafatının münsiflər heyətinin prezidenti Ljiljana Zurovac Xədicə İsmayılın bu mükafata layiq olduğunu, onun peşəkarlığı və cəsarətinin tanınması, dəyərləndirilməsindən məmnun olduğunu deyib.
Təqdimat mərasimi bu il mayın 3-də-Beynəlxalq Mətbuat Azadlığı Günündə Finlandiyada olacaq.
UNESCO-nun Guillermo Cano mükafatı 1986-cı ildə meksikalı narkobaronlar tərəfindən qətlə yetirilən jurnalistin şərəfinə təsis edilib.
Mükafat 25 min avro dəyərindədir.
Jurnalist 2014-cü il dekabrın 5-də həbs edilib. O, mənimsəmə, qanunsuz sahibkarlıq, vergidən yayınma və vəzifə səlahiyyətlərindən sui-istifadə maddələri ilə təqsirli bilinərək 7 il yarım azadlıqdan məhrum edilib.
O, ittihamları rədd edir, həbsinin peşə fəaliyyəti ilə bağlı olduğunu deyir.
Beynəlxalq Amnistiya Təşkilatı Xədicə İsmayılı vicdan məhbusu elan edib.