Ümummilli seçkinin qara qutusu

Bir əyalət gündəliyi

Source:
Seçki
Seçki

Bir əyalət gündəliyi

Qutularda, protokollarda əmələ gələn rəzalət bir yana, ölkədə sadəcə insanlıq cəhətindən seçki bərbad bir şeyə çevrilib. Bunu havadan-sudan deyil, şəxsi təcrübəmdən bilirəm.

1990-cı ilin ilk demokratik seçkilərində rayon sakini Ramiz Bilalov adlı şəxs o zaman “ərazi” adlanan dairədə onun nümayəndəsi olmağımı xahiş etdi. Yerli qəzetin ştatsız gənc müxbiri olaraq bu, mənim seçkiyə qatılmağımın başlanğıcı oldu. Təbii ki, gərgin mübarizədə “partokrat” rəqiblər bizi yedilər, amma rahatlukum kimi deyil.

1995-ci ilin parlament seçkilərində həmin dairədən deputatlığa namizəd kimi qeydiyyatda cəmi iki gün qala bildim. Fəttah Heydərovun Qəbələdən ilk dəfə deputat təşkil edilməsi münasibətilə bizi – müstəqil namizədləri bir gecənin içində polis şöbəsinə təpdilər.

…Həmin o gecə evdən qəfil götürülən biz “rəqiblər” şöbənin darısqal dəhlizində min ilin doğmaları kimi görüşdük. Flora Kərimovanın qardaşı Akif Kərimovu üzünü qırxdığı yerdən sabunlu-sulu götürmüşdülər. Mənim ayağımda anamın balaca qaloşları vardı. Rezin barmaqlarımı elə sıxırdı ki, qaloşları çıxardıb ayaqyalın oturdum. Kimsə nazik köynəkdə titrəyirdi deyə yalvar-yaxar edib “on beş sutkalıqdan” adyal aldıq. Gərgin anlar idi, amma deyib-gülürdük. Səsimizə gələn yaşlı polis bizə mənalı-mənalı baxıb:

“Baho, deputatların hamısı burdadı ki, Nofəli də gətirin, məsələ bitsin”, – dedi.

Dairənin sədri Nofəl Süleymanov həmin zaman rəisin otağında bizim “maddələrimizi” ləğv etdirməyə çalışırdı. Məsələn, mənə aid olanlarda kənd dükanında işləyən qardaşıma və bacımın “Kamaz”la yeddi uşaq dolandıran ərinə “torba” tikilibmiş. Bir də, vəkilim olacaq jurnalist dostumun həbsi vardı. Digərləri üçün də “hüquqi” əsaslarla cəzalar kəsilibmiş. Prezidentin təyinatı ilə göndərilən gömrük nazirinin atasının qarşısına çıxmağın bədəlini hərəmiz bir cür ödədik…

Neçə kitablıq o rüsvayçı seçkidə çox şeylər yaşandı. Ən çox canımı yandıran isə o gecənin səhərinə yaxın buzlamış ayaqlarımı şalın arasına büküb qoynuna qoyan anamın gizlincə için-için ağlamasıdır. Və indiyə qədər düşünürəm: – Dəyərdimi iqtidar daxil bütün deputat yerləri o məsum insanın göz yaşlarına?

1998-ci ilin prezident seçkilərində Nofəl Süleymanovla bir də qarşılaşdıq. O sədr kimi, mən müxalifətdən dairə üzvü olaraq. Onda Heydər Əliyevin ən az səs aldığı bizim dairənin sədri qara siyahıya düşdü. Heydərovların özəl Qəbələdəki nüfuzlarına xələl gətirən demokratik seçkini Nofələ bağışlamadılar. O seçki yaddaşımda daha çox Nofəl Süleymanovun boynundakı öhdəliklə vicdanının arasında çırpınmasıyla qalıb. Bir müddət sonra ürəyi qəfil dayanan Nofəlin ölümü hamını sarsıtdı. Allah rəhmət eləsin.

2000-ci ilin növbəti parlament seçkilərini İcra Hakimiyyətinin müavini Oqtay Hacıyevə həvalə etdilər. Fəttah Heydərovun ikinci deputatlığının əmələ gəlmə saatlarında “dəhşətli” xətaya yol verildi. Belə ki, Heydərov üçün hazırlanmış faizlər MSK-ya cəbhəçi Rövşən Qocayevin adına dəyişik ötürüldü. Təbii ki, paytaxtdan gələn qəzəbli nidalar Qocayevin birinciliyinə son qoydu. Efirdə getmiş “yanlış” məlumatı dərhal düzəldib “mütləq qələbə”ni Heydərova qaytardılar. Rəzil günə düşmüş Oqtay Hacıyev seçkidən sonra canını ağır infarktla birtəhər qurtardı. Hazırda başını stressdən kənar yüngül işlərlə dolandırmaqla məşğuldur.

2003-cü ildə dairəyə müvəqqəti işsiz Adil Vəlibəyovu qoydular. İndiki prezidentin ilk seçkisinə Qəbələdən rekord faiz yazıldı. Etimadı can-başla doğruldan YAP-çıya

isə iş verilmədi. İllərboyu vəzifədə olmuş adam başladığı yerə – sıravi müəllimliyə qayıtdı. Həyat dolu Adil müəllimin ürəyi qısa bir müddətdən sonra qəfil dayandı. Allah rəhmət eləsin.

2005-ci ilin parlament seçkilərində Qəbələ dairəsinə bəzi şəxsi keyfiyyətləri ilə fərqlənən Ramiz Əsədov sədr təyin edildi. Gərgin, qapalı rejim az vaxtda onu istər-istəməz seçki peşəkarına çevirib, səhhətində ciddi problemlər yaratdı.

2010-cu ildə Oğuz-Qəbələ seçki dairəsinə ürəyinin yağını yeyə-yeyə sədrlik edən Aydın Mustafayev qısa bir zamanda şəkərə tutulub dünyasını dəyişdi. Allah rəhmət eləsin.

2010-cu ilin parlament seçkilərində Ramiz Əsədov öz dairəsindən Fəttah Heydərovun mandatını kəskin ürək ağrıları altında təkrar “reallaşdırdı”.

2013-cü ilin prezident seçkilərində Ramiz Əsədovun səhhəti yaxşı deyildi.

2015-ci ilin parlament seçkilərində Qəbələ dairəsi Fəttah Heydərovun beşinci ənənəvi deputatlıq missiyasını rəsmiləşdirdi. Həmin ərəfədə Ramiz Əsədovun ürəyində əməliyyat aparılmışdı. Allah şəfa versin.

2018-ci ilin yazında Ramiz Əsədov dairədə növbədənkənar növbəti seçkini yola verməlidir…



Yazı müəllifin fikirlərini əks etdirir və Meydan TV-nin mövqeyi ilə üst-üstə düşməyə bilər.

Ana səhifəMənim FikrimcəÜmummilli seçkinin qara qutusu