Umbakı Penitensiar Kompleksində saxlanılan 13 inanclı fəal aclıq aksiyasına başlayıb

İllüstrasiya: Meydan TV

Qapalı rejimli Umbakı Penitensiar Kompleksində saxlanılan 13 inanclı fəal yanvarın 26-dan aclıq aksiyasına başlayıb.

Bu barədə məlumatı Müsəlman Birliyi Hərəkatı onların yaxınlarna istinadla yayıb.

Məlumatda Elvin Cəfərov, Elgün, Yusif, Mirvasif, İlham və adları açıqlanmayan digər dini inanclıların onlara qarşı yol verilən qanunsuzluqlara və haqsız rəftara etiraz əlaməti olaraq aclıq etdikləri bildirilir.

Yaxınlarının hərəkata verdiyi məlumata əsasən, həmin şəxslər son 6-7 ay ərzində sistemli şəkildə qanun pozuntularına məruz qalıblar.

“Bildirilir ki, onlar heç bir qanuni əsas olmadan artıq 7-8 aydır Umbakıda saxlanılır və qanunvericiliyin tələblərinə uyğun olaraq cəzaçəkmə müəssisələrinə köçürülmürlər. Dini inanclılar bu vəziyyətin Azərbaycan Respublikasının qanunvericiliyinə, eləcə də beynəlxalq insan hüquqları normalarına zidd olduğunu bildirərək, haqlı və qanuni tələblərinin yerinə yetirilməsini tələb edirlər”.

Onlar bəyan edirlər ki, tələbləri yaxın zamanda təmin olunmadığı təqdirdə, etiraz aksiyasını daha ağır mərhələyə – quru aclıq aksiyasına keçirmək məcburiyyətində qalacaqlar. 

“Bu isə saxlanılan şəxslərin sağlamlığı və həyatı üçün ciddi risk yaradır və məsuliyyət birbaşa aidiyyəti qurumların üzərinə düşür”, – bəyanatda qeyd olunur.

Müsəlman Birliyi Hərəkatı aidiyyəti dövlət qurumlarını, hüquq-mühafizə orqanlarını, Ombudsman Aparatını, eləcə də yerli və beynəlxalq insan hüquqları təşkilatlarını baş verənlərə dərhal reaksiya verməyə, qanun pozuntularını araşdırmağa və aradan qaldırmağa çağırıb.

“Azərbaycanın Siyasi Məhbuslarının Azadlığı Uğrunda İttifaq”ın ölkədə siyasi məhbus sayılan şəxslərin yanvar ayına olan siyahısında 192 inanclı fəal yer alıb. Siyasi məhbus hesab olunan şəxslərin ümumi sayı isə 340-dır.

Ana səhifəSiyasətUmbakı Penitensiar Kompleksində saxlanılan 13 inanclı fəal aclıq aksiyasına başlayıb