“Meydan TV işi” üzrə həbs olunmuş jurnalist Ülviyyə Əlinin sentyabrın 16-da Xətai Rayon Mənkəməsində həbs qətimkan tədbiri daha 3 ay uzadılıb.
Ülviyyə Əli (Quliyeva) mayın 7-də Meydan TV ilə əlaqəli cinayət işinə görə saxlanılıb. Onun barəsində həbs qətimkan tədbiri seçilib.Ona qarşı əvvəlcə Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
2025-ci il avqustun 28-də Meydan TV işi üzrə ittihamlar ağırlaşdırılıb və daha 7 maddə əlavə olunub. Bu iş üzrə Cinayət Məcəlləsinin 192.2.2 (küllü miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 192.2.3 (mütəşəkkil dəstə tərəfindən törədildikdə), 193-1.3.1 (Cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma), 193-1.3.2 (…xeyli miqdarda törədildikdə), 206.4 (mütəşəkkil dəstə tərəfindən qaçaqmalçılıq), 213.2.1 (vergiləri ödəməkdən yayınma – mütəşəkkil dəstə tərəfindən törədildikdə), 320.1 (sənəd saxtalaşdırma), 320.2 (saxta sənədlərdən istifadə etmə) maddələri ilə yeni ittihamlar irəli sürülüb.
Jurnalistin məhkəmədiki çıxışını olduğu kimi təqdim edirik:
“Azərbaycan elə bir ölkədir ki, heç kimin işıqlı gələcəyə dair ümidi yoxdur. Hətta sistemə canla-başla qulluq edənlər belə ona güvənmirlər.
Artıq 133 gündür ki, qanunsuz olaraq Cinayət Məcəlləsinin 7 maddəsi ilə saxta ittihamlarla həbsdəyəm.
133 gündür ki, nədə ittiham olunduğumu anlamıram. Hazırda özümü müdafiə etməliyəm, amma nədən müdafiə olunacağımı bilmirəm. Çünki, sistem üçün heç bir səbəb olmadan ittiham etmək, həbs etmək, məhkəmə şouları qurmaq və ardınca ədalətsiz hökm çıxarmaq artıq vərdişə çevrilib.
Bu müddət ərzində saxta istintaq aparan müstəntiqlərin ölkədən getmək arzusunda olduqlarını, Avropaya viza almaq üçün çalışdıqlarını eşidirəm.
Görün necə absurd haldır ki, həbs olunacağını bilə-bilə ölkəni tərk etməyənləri, jurnalist fəaliyyətinə qorxmadan davam edənləri ölkədən qaçıb getmək istəyənlər şərləyib həbs edirlər. Çünki, ümidləri yoxdur.
Bəlkə də, biz də ümidsiz olanlardanıq, lakin heç nəyə baxmayaraq biz barışmadan yaşayanlardanıq deyə indi tikanlı məftillər ardında – həbsdəyik.
“Dövlətə qulluq” şüarı altında cinayətlərinə haqq qazandıranlar heç də rahat olmasınlar. Əsl cinayət məhz bu sistemə qul olmaqdır!”- deyə jurnalist məhkəmədki çıxışında bildirib.