Ülvi Həsənlinin vəkili Hərbi Məhkəməyə müraciət edib

Ulvi Hesenli

Ulvi Hesenli

"Məhkəmədə Ülvi Həsənlinin iştirakının təmin edilməsi tələbi qoymuşuq"

Vəkil Elçin Sadıqov NİDA Vətəndaş Hərəkatının idarə heyətinin üzvü, ictimai fəal Ülvi Həsənlinin saxlanılaraq, məcburi hərbi xidmətə aparılması ilə bağlı Bakı Hərbi Məhkəməsinə şikayət verib.

Bu barədə Meydan TV-yə vəkil özü məlumat verib. Bildirib ki, məhkəmədə Ülvi Həsənlinin iştirakının təmin edilməsi tələbi qoyub:

''Ülvi Həsənli hazırda Gəncə şəhərində yeni çağırılmışlar üçün nəzərdə tutulan "N" saylı hərbi hissədə saxlanılır''.

NİDA Vətəndaş Hərəkatının üzvü Ülvi Həsənli oktyabrın 26-da hərbi polis tərəfindən saxlanılıb. O, məcburi şəkildə hərbi xidmətə aparılıb.
Bu barədə Meydan TV-yə Ülvi Həsənli özü məlumat verib.

Bildirib ki, oktyabrın 26-da, səhər saat 12-də üç hərbçi onu saxlayaraq, məcburi şəkildə Səfərbərlik Xidmətinə aparıb:

“Orada 2017-ci ildə komissiyalardan necə keçməyim haqda izahat yazdırdılar. Bir-iki saat gözlətdilər. İdarədən çıxanda Gəncə Şəhər Hərbi Komissarlığının rəisi mənə “Bakı Hərbi Polisinə gedirik”, - dedi. 15-20 dəqiqə orda saxladıqları zaman mübahisə etdim ki, ailəm və dostlarım var. Məndən narahatdırlar. Bəlkə oğurlayıb, harasa aparırsınız. Bu insanları məlumatlandırmalıyam. Mənə Bərdə polisinə getdiyimizi dedilər”.

Vəkil Elçin Sadıqov deyir ki, Ülvi Həsənlinin 2019-cu ilədək möhlət hüququ var. Buna baxmayaraq, onun qanunsuz hərbi xidmətə aparılması son zamanlar NİDA-nın tədbirlərində fəal iştirakına görədir.

Ülvi Həsənli 2013-cü ildən NİDA Vətəndaş Hərəkatının üzvüdür.

NİDA Vətəndaş Hərəkatı isə 2011-ci ilin fevralında, Bakıda bir qrup gənc fəal tərəfindən yaradılıb. Hərəkatın manifestində bildirilir ki, məqsədləri hüququn aliliyinin təmin edilməsi və sosial-iqtisadi dəyişikliklərin həyata keçirilməsidir.

Təşkilatın bir neçə üzvü hazırda həbsdədir.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/07rn5p

Ən çox baxılan