“Məhkəmədə Ülvi Həsənlinin iştirakının təmin edilməsi tələbi qoymuşuq”
Vəkil Elçin Sadıqov NİDA Vətəndaş Hərəkatının idarə heyətinin üzvü, ictimai fəal Ülvi Həsənlinin saxlanılaraq, məcburi hərbi xidmətə aparılması ilə bağlı Bakı Hərbi Məhkəməsinə şikayət verib.
Bu barədə Meydan TV-yə vəkil özü məlumat verib. Bildirib ki, məhkəmədə Ülvi Həsənlinin iştirakının təmin edilməsi tələbi qoyub:
”Ülvi Həsənli hazırda Gəncə şəhərində yeni çağırılmışlar üçün nəzərdə tutulan “N” saylı hərbi hissədə saxlanılır”.
NİDA Vətəndaş Hərəkatının üzvü Ülvi Həsənli oktyabrın 26-da hərbi polis tərəfindən saxlanılıb. O, məcburi şəkildə hərbi xidmətə aparılıb.
Bu barədə Meydan TV-yə Ülvi Həsənli özü məlumat verib.
Bildirib ki, oktyabrın 26-da, səhər saat 12-də üç hərbçi onu saxlayaraq, məcburi şəkildə Səfərbərlik Xidmətinə aparıb:
“Orada 2017-ci ildə komissiyalardan necə keçməyim haqda izahat yazdırdılar. Bir-iki saat gözlətdilər. İdarədən çıxanda Gəncə Şəhər Hərbi Komissarlığının rəisi mənə “Bakı Hərbi Polisinə gedirik”, – dedi. 15-20 dəqiqə orda saxladıqları zaman mübahisə etdim ki, ailəm və dostlarım var. Məndən narahatdırlar. Bəlkə oğurlayıb, harasa aparırsınız. Bu insanları məlumatlandırmalıyam. Mənə Bərdə polisinə getdiyimizi dedilər”.
Vəkil Elçin Sadıqov deyir ki, Ülvi Həsənlinin 2019-cu ilədək möhlət hüququ var. Buna baxmayaraq, onun qanunsuz hərbi xidmətə aparılması son zamanlar NİDA-nın tədbirlərində fəal iştirakına görədir.
Ülvi Həsənli 2013-cü ildən NİDA Vətəndaş Hərəkatının üzvüdür.
NİDA Vətəndaş Hərəkatı isə 2011-ci ilin fevralında, Bakıda bir qrup gənc fəal tərəfindən yaradılıb. Hərəkatın manifestində bildirilir ki, məqsədləri hüququn aliliyinin təmin edilməsi və sosial-iqtisadi dəyişikliklərin həyata keçirilməsidir.
Təşkilatın bir neçə üzvü hazırda həbsdədir.