Ülvi Həsənli: Ölkədə görünməyən bir proses gedir


”Universitetlərin gənclərə vermədiyi təhsili və təcrübəni gənclər hərəkatları verir”


Ötən həftə gənclərdən formalaşmış NİDA Vətəndaş Hərəkatı 6 yaşını qeyd etdi. Meydan TV bu münasibətlə təşkilatın İdarə Heyətinin üzvü Ülvi Həsənli ilə söhbətləşib.




– Ülvi bəy, siz müstəqil gənclər təşkilatlarında ən çox təcrübəsi olan gənclərdənsiniz. Gənclər hərəkatındakı illər bir gəncə nə qazandırır?

–  İctimai-siyasi fəaliyyət insana çox şey verir. Əsas onu qeyd etmək istəyərdim ki, bu illər gənclərə əvəzolunmaz həyat təcrübəsi, bilik və bacarıqlar qazandırır. Dəfələrlə ictimai-siyasi, yaxud sosial fəaliyyətlərdə, təşkilatlarda olan gənclərlə çayxanalarda, internet klublarında və ya evdə oturan gəncləri müqayisə etmək şansımız olub. Tam əminliklə demək olar ki, bu iki təbəqənin dünyagörüşü arasında yerlə-göy qədər fərq var. Ola bilər kimlərsə gənclər sektorunda, hərəkatında olub, ancaq tam yararlana, faydalana bilməyib və bu cür fəaliyyəti pisləməyə başlayıb, yaxud hökumətyönümlü insanlar məqsədli şəkildə bunun əksi fikirlər  səsləndirib, ictimai fəaliyyəti gözdən salmağa çalışıb, amma elə deyil.

Hər kəsə məlumdur həmin insanlar niyə elə deyir. Bunlara baxmayaraq, birmənalı şəkildə demək olar ki, son 10 ildə Azərbaycanda fəaliyyət göstərən gənclər təşkilatları xeyli insanı maarifləndirib, dünya görüşünü dəyişib, zövqünü formalaşdırıb və ən əsası ən azı demokratik düşərgə daxilində ölkədəki dəyişikliklərə ümid yaradıb. On ikinci ildir ictimai-siyasi fəaliyyətlə məşğulam, indiyə qədər itirdiklərim də olub, qazandıqlarım da. Bəlkə də bu sahədə olmasaydım, əmi, dayı, tanış hesabına daha “prestijli” yerdə idim, amma heç vaxt gənclər hərəkatında olduğuma görə peşman olmamışam. Əksinə, sistemdə başımı aşağı salıb əmr icra etmədiyimə, yaxud passiv həyat sürmədiyimə görə ictimai sektora, ictimai-siyasi fəaliyyətə borcluyam. Çünki bu illər ərzində başqa yerlərdə qazana bilməyəcəyim bilik-bacarıqlar, təcrübə əldə etmişəm. Ona görə başqa gənclərə də tövsiyə edirəm ki, hansısa gənclər qruplarına qoşulsunlar, vaxtlarını daha yaxşı dəyərləndirsinlər, aktiv olsunlar və bu aktivlikdən yararlansınlar.

Bu barədə maraqlı bir nümunəni qeyd etmək istəyirəm. Bizə bu nümunəni Amerikada təcrübədə olarkən tələbə təşkilatları assosiasiyasının rəhbəri demişdi. Həmin birlik Birləşmiş Ştatlardakı ən böyük tələbə təşkilatı idi. O deyirdi ki, il ərzində Amerikada təkcə “Americorps” və “PeaceCorps”-a qoşulmaq istəyən 4-5 milyon gənc müraciət edir, amma onların böyük bir hissəsi qəbul edilmir. Yəni gənclər həmin təşkilatlarda bir neçə il könüllü təcrübə keçməkdən ötrü ciddi yarışa dururlar. Çünki bilirlər ki, həmin təşkilatlar onlara əvəzolunmaz təcrübə, bilik və bacarıqlar verəcək, karyeraları üçün onlara çox lazım olacaq. Fərqi yoxdur siyasətdə olasan, biznesdə olasan, ictimai işlərdə olasan, məmur olasan və s. Amma bizim ölkədə hətta qeyri-siyasi təşkilatlara belə qoşulmaq istəyənlərin sayı çox azdır. Yaxşı, tutaq ki, siyasi hərəkatlar təhlükəlidir, cəsarət, risk tələb edir, bəs qeyri-siyasi, təhlükəsiz təşkilatlara qoşulub maariflənmək, öyrənmək, təcrübə yığmaq olmazmı?




Ümumiyyətlə, belə bir yanaşma var bizdə. Deyirlər, gənclər dərslərini oxusalar, özlərini inkişaf etdirsələr, daha çox iş görmüş olarlar, nəinki siyasi təşkilat yaratmaq, siyasətə qoşulmaqla. Nə fikirləşirsiz bu haqda?

– Bir az əvvəl də dediyim kimi, birinci növbədə bizim ölkədə universitetlərin vermədiyi təhsili, dünya görüşünü, təcrübəni gənclər hərəkatları, ictimai sektor, siyasi partiyalar verir. Hətta bu şəraitsizlikdə onların gənclərə, vətəndaşlara verdiyi bilgiləri heç bir universitet vermir. Buna görə o yanaşma qüsurludur, birinci növbədə elə ona görə gənclər hərəkatlara qoşulmalı, öyrənməli, özlərini inkişaf etdirməli, oxumalı, təcrübə qazanmalıdırlar. İkinci növbədə, biz ölkəmizi dəyişməsək, normal şərait, mühit yaratmasaq, insana hörmət edilən vətən qurmasaq, öyrəndiklərimizin heç bir funksionallığı, faydalılığı olmayacaq. O qədər savad, bilik əldə et ki… Əgər onu istifadə edə bilməyəsənsə, o, kimə lazım olacaq? Çünki artıq ölkə o vəziyyətə çatıb ki, ya kölə olmalısan, müdir, rektor, rəis, rəhbər nə deyirsə,  səhv də, düz də olsa, şəxsiyyəti alçaldan hərəkət də olsa onu icra etməlisən, ya da evdə oturmalısan. Müstəqil bir sahə qalmayıb ki, insanlar öyrəndiklərini, əldə etdiklərini reallaşdırsınlar. Ya da üçüncü bir yol var, o da bilik-bacarıq əldə edib ölkədən getməkdir. Bunun da çıxış yolu olduğunu düşünmürəm. Problemdən qaçmaqla insan yalnız özünü xilas edə bilər, amma ailə üzvləri, yaxınları, dostları, ümumilikdə milyonlarla insan yenə də həmin ağır şərtlər altında yaşamağa davam edəcək. Ona görə dəyişiklikləri həyata keçirmək vacibdir. Bunun da yolu beyinləri dəyişmək, insanların gözünü açmaq, savadlandırmaq, maarifləndirmək, yalan saçan təbliğatın təsirindən çıxarmaq və insanları haqları uğrunda mübarizəyə gətirməkdir. Bütün dünyada ölkəni gənclər dəyişiblər, əsas təkanverici qüvvə tələbələr olub. Ona görə həm cəmiyyətin maraqları baxımından, həm də insanın elə öz maraqları baxımından gənclər hərəkatlarına qoşulmaq, ictimai-siyasi fəaliyyətlə məşğul olmaq hər zaman faydalıdır.




Üzvü olduğunuz NİDA Vətəndaş Hərəkatı siyasi təzyiqlərə məruz qaldı. Hazırda təşkilatınızda vəziyyət nə yerdədi?

– Demək olar 4 ildən artıqdır NİDA Vətəndaş Hərəkatının rəhbərliyi, üzvləri mütəmadi olaraq təzyiqlərə məruz qalır, həbs olunurlar. Amma bütün bunlara baxmayaraq, hakimiyyət NİDA ilə bağlı məqsədinə nail ola bilmədi. Onlar istəyirdi ki, hərəkatı tam məhv etsin, gənclərin gözünü açan, cəmiyyətə ümid verən, inam yaradan gəncliyi yox etsin. Dəfələrlə buna müxtəlif formalarda cəhd oldu, amma heç nəyə  baxmayaraq, NİDA var, fəaliyyətini davam etdirir və etdirəcək. Çünki NİDA artıq yalnız bir neçə yüz nəfərdən ibarət gənclər qrupu deyil, ideyası, məramı, məqsədi, hədəfi, enerjisi olan gəncləri ətrafında toplayan hərəkatdır. NİDA artıq bir yoldur. Bu hərəkatı şəxsləri çəkindirməklə, həbsə atmaqla, qorxutmaqla dayandırmaq mümkün deyil. Təşkilatımızda fəaliyyət stabil olaraq davam edir, sıralarımıza yeni gənclər qoşulur, hər ay tədbirlərimiz olur, kitab çap edirik, videolar və təbliğat materialları hazırlayırıq, sosial mediada fəaliyyətimizi davam etdiririk.




Bu cəzaların və sizə qarşı aparılan qaralama kampaniyası nə dərəcədə sizin işlərinizə, təşkilata təsir etdi?

–  Əlbəttə ki, təsir etdi, böyük bir repressiya aparatı gənclərin üstünə gəlir, onun qarşısında durmaq asan deyil. Bizim də itirdiklərimiz oldu, ehtiyat edən, çəkilən insanlar oldu, hökumət hərəkatın enerjisinin bir hissəsini həbsxanalara, təzyiqlərə yönəltdi. Bu təbiidir, biz bunu anlayırıq, ona görə həvəsdən düşmürük. Amma bir tərəfdən də hakimiyyət bizim adımızı bütün ölkəyə yaydı, məhdud informasiya resursları ilə bizim edə bilmədiyimizi hökumətin özü etdi. Artıq ölkədə böyük bir hissə belə bir gəncliyin olmasından, NİDA-nın mövcudluğundan xəbərdardır. İndiki məqamda bu xüsusi üstünlük verməsə də, gələcəkdə qorxunun, xofun sınmasında hansı effektin verəcəyini çox adam bilir.




Ülvi bəy, çoxu deyir ki, bu həbslərin, işgəncələrin olmaması üçün başqa hansısa formada mübarizə aparmaq olar. Əslində siz hökumətdən nə istəyirsiz və qarşılığında nə cavab alırsız?

–  Düzdür, belə bir qayə ara-sıra trend olur ki, bəlkə mübarizəni elə aparaq həbs olunmayaq, təzyiqlərə məruz qalmayaq. Yaxud belə bir təkliflər olur ki, bəlkə ancaq maarifçi fəaliyyətlə məşğul olaq, belə nəticəsizdir, onda qələbə daha realdı və sairə. Əslində Azərbaycan gəncliyinin mübarizə dövrü elə uzun olmasa da, bu təcrübələri görməsi baxımından uzun yol keçib. Bu fəaliyyətlərlə məşğul olan xeyli sayda təşkilat, qurum olub. Amma hökumət hamısını məhv edib, hətta cinayət işi açdığı olub. Bunun ən bariz nümunəsi AFU olub. Azad Fikir Universiteti nə edirdi? Birbaşa hökumətə qarşı mübarizə elan etmişdi, yoxsa gəncləri təşkilatlandırıb mitinqlərə çıxarırdı? Ya da inqilaba səsləyirdi? AFU yalnız mühazirələr verirdi. Gənclərin, tələbələrin universitetlərdə əldə etmədikləri bilikləri təqdim edirdi. Amma hökumət nə etdi? Bu layihəni də özünə düşmən gördü və 2013-cü ildə NİDA-ya qarşı hücuma keçəndə AFU-nu da həmin cinayət işinə qoşdu və həmin faydalı işə də cinayət işi qaldırdı. Halbuki AFU-nun işi yalnız maarifçilik idi. Son dövrlər həmin aydın, fədakar insanlar xüsusilə ehtiyatlı davranırdılar. Yəni deməyim odur ki, o insanlar fəaliyyətlərinin davam etməsi üçün maksimum çalışdılar, amma hökumət qeyri-siyasi, maarifçi bir təşkilatın da fəaliyyətinə dözə bilmədi. Bu, hələ 4 il bundan əvvəl olub. Ondan sonra hökumət daha da repressiv, daha da dözümsüz olub.

Ona görə o yanaşmanı düzgün hesab etmirəm ki, həbsdən, təzyiqlərdən yan keçmək mümkün olsun. Bizim üstümüzə son dörd ildir hökumət dayanmadan gəlir. Biz xüsusi bir hərəkət etmirik ki, həbs olunaq. Sadəcə sosial şəbəkələrdə aktivik, hər ay açıq tədbirlər keçiririk, mühazirlər, debatlar təşkil edirik, kitablar çap edirik, hökumətin ölkəni uçuruma apardığını insanlara açıq izah edən videolar çəkirik, mitinqlər olanda iştirak edirik, gənclərlə, tələbələrlə görüşüb ölkədəki vəziyyəti və ondan çıxış yollarını danışırıq. Hökumət isə sərhədləri çox aydın müəyyənləşdirib: Çoxu kimi susmalısınız, mövcud olsanız, müstəqil fikirlərinizi ifadə etsəniz, həbs edəcəyik. Başqa seçim yoxdur. Artıq elə bir dövrdür ki, nala-mıxa vurmaq mümkün deyil, ya deyirsən bu hökumət korrupsionerdir, ölkəni uçuruma aparır, milli maraqlarımızı qorumur, ya da ən yaxşı halda sakit durub ölkədəki özbaşınalıqlara göz yumursan. Bu hökumət xüsusilə son 4-5 ildə ölkəni elə bir yerə gətirib çıxarıb, nə vətəndaş cəmiyyəti qalıb, nə müstəqil mətbuat, nə də QHT qalıb ki, insanlar birbaşa siyasətlə məşğul olmadan hansısa faydalı işlər görsünlər. Hətta son dövrlər “mən siyasətə qarışmıram” deyən insanlar regionlarda, paytaxtda lokal aksiyalar edirlər. Çünki problemlər hədsiz dərəcədə artıb.

foto sosial şəbəkə



– Sizcə, hökumət daha çox hansı növ fəaliyyəti təhlükəli hesab edir?

– Hakimiyyət Azərbaycandakı vəziyyəti o səviyyəyə gətirib ki, artıq ən adi aktivlikdən, hətta tam maarifçi fəaliyyətdən, mədəni aktivlikdən, flaşmobları keçirən qrupların işində belə narahatdır. Ona görə tam əminliklə deyə bilərik ki, bu hökumət istənilən fəallıqdan ehtiyat edir və onu müəyyənləşdirdiyi vaxt qarşısını almağa çalışır. Məsələn, kitab oxuyan bir qrup gənci görən kimi polislər müdaxilə edir ki, toplu halda hansısa hərəkəti etmək qadağandır. Yəni səviyyə bu həddədir.




İndi ölkədə elə bir proses var ki, gənclər onun üçün həbs olunmağı gözə alsın?

– Biz həbs olunmamaq üçün hər şey edirik, amma hökumət o qədər repressivdir ki, dayanmadan həbs edir. Hər il bizim bildiyimiz, ictimai-siyasi fəaliyyətlə, sosial problemlərdən bezib etiraz edən, səsini yüksəldən onlarla, bəzən yüzlərlə insan həbs edilir. Bizim bilmədiyimiz, informasiya blokadasında məlumatlarının gəlib çatmadığı sosial şəbəkələrdə hökuməti tənqid edən xeyli sayda insan var ki, hakimiyyət onları həbsxanalara salıb. Dəfələrlə o insanlardan xeyli sonra məlumat əldə edə bilmişik, amma ailələri istəmədiyinə görə onlarla bağlı heçnə etmək mümkün olmayıb. Yəni nə məhkəmə sənədi verirlər, nə məsələni ictimailəşdirmək, danışmaq istəyirlər. Həmin insanları elə qorxudurlar ki, onlar lap pis olacağını düşünüb sakit dururlar.

Ölkədə görünməyən bir proses gedir. Əslində müstəqil televiziyalar, müstəqil mətbuat olsaydı, real mənzərəni daha aydın görə bilərdik. Proses gedir, getməsəydi bura çoxdan Şimali Koreya, Türkmənistan, Özbəkistan olmuşdu. Ölkənin ən qorxulu nazirliyinin, yəni MTN-nin Anti-terror İdarəsi uzun illər sırf müxalif fikirli insanlarla məşğul olub. Gəncləri, siyasətçiləri həbs ediblər. Bu prosesin davam etməsinin göstəricisidir. Əminliklə deyirəm ki, gələcəkdə bu tarixə baxıb bütün xalqımız fəxr edəcək. Necə ki, 1918-ci il cümhuriyyət vaxtına, ikinci respublikanın elan olunması tarixinə baxıb millətimiz fəxr edirsə, ölkəmizin avtoritarizmdən xilas olması dövrünə baxıb insanlar “yaxşı belə vətəndaşlarımız” olub deyəcəklər. Ona görə bu prosesin bir parçası olmağa, gələcəyimiz, yaxınlarımız, ailəmiz, övladlarımız üçün bu cür proqressiv hərəkatlarda olmağa dəyər.




Universitetlərdə yaradılmış gənclər təşkilatlarındakı uşaqların idealları ilə sizin təşkilatınızdakı gənclərin ideallarını nə fərqləndirir?

– Universitetlərdə gənclər təşkilatlarının heç bir cəlbediciliyi yoxdur. Onlar yalnız dekanlığın, rektorluğun tapşırıqlarını yerinə yetirməklə, dövlət, hökumət fondları tərəfindən ayrılan vəsaitləri maksimum səmərəsiz fəaliyyətlərə xərcləməklə və hökumətə yaltaqlanmaqla məşğuldurlar. Orda olursansa, sənin heç bir müstəqilliyin ola bilməz, sən ancaq gənc kölə olursan. Bu yaxınlarda elə İdarəçilik Akademiyasında maraqlı hadisə baş vermişdi. Tələbə Gənclər Təşkilatının sədri uğrunda seçki keçirilir və saxtakarlıqlara rəğmən rektoratlığın istədiyi gənc sədr olmur. Üstündən biraz keçir, müstəqil olan, sədr seçilən gənci müxtəlif bəhanələrlə vəzifəsindən uzaqlaşdırırlar. Sonra yenidən sədr seçkisi keçirilir, bu dəfə də saxtakarlıq olur, yenə “lazım olan” adam seçilmir və artıq buna dözməyən Kamal Abdullanın oğlu, prorektor Mehdi Abdullayevin səyi nəticəsində seçkili vəzifə olan posta qeyri-qanuni təyinat olur. Belə bir vəziyyətdə universitetlərdəki gənclər təşkilatları ilə bizim ideallarımız üst-üstə düşə bilməz. Ali təhsil ocaqlarında xeyli müstəqil gənclər var, onların az bir hissəsi ictimai-siyasi proseslərə qoşulur, böyük bir hissəsi isə universitetlərini itirəcəklərini düşünərək müstəqil gənclər təşkilatlarına qoşulmurlar.




Ülvi, sizcə, bu ölkədəki gənclərin nə kimi problemləri var? Ümumiləşdirsək, gənclərimiz hansı problemlərdən əziyyət çəkirlər?

– Hazırda Azərbaycan gəncliyinin ən böyük problemi, ən böyük bəlası təhsilsizlik mühitinin genişlənməsi, savadsızlığın artırılmasının dövlət siyasətinə çevrilməsidir. Məktəblərdə rüşvət tüğyan edir, ali təhsil ocaqlarında vəziyyət bərbad haldadır, universitetlərə qəbul il-ildən aşağı düşür. Başqa problem isə son dövrlər daha da artan işsizlikdir. Keçən il böhranla əlaqədar minlərlə gənc iş yerini itirdi. Ümumiyyətlə, ölkədə problemlər o qədər çoxdur ki, sadalamaqla bitməz, çünki ölkə sürətlə geri gedir. Gərək ölkə belə bir yarıtmaz hakimiyyətdən xilas olsun, sonra hər şey sıfırdan başlasın. Bu hökumətdən gəncliyin, ümumilikdə ölkə vətəndaşlarının problemlərinin həllini gözləmək yox, bu rejimi arxivə göndərmək lazımdır. Çünki onlar bu ölkənin problemlərini həll etməyiblər, əksinə daha da dərinləşdiriblər.

Xüsusilə gənclik bu rejimdən onların getməyindən başqa heçnə gözləməməlidir. Bundan sonra, ümumiyyətlə, Azərbaycan gəncliyi üçün heç bir yaxşı addım atmayacaqlar. Yaxşı bir-iki hadisə var idi, onları da kökündən məhv etdilər. Sistem başdan ayağa korrupsiya içindədir. Vəzifələrə gətirilən gənclər də o sistemin bir parçasına çevrilir. Ona görə dövlət strukturu sıfırdan formalaşdırılmalı, yaradılmalıdır. Belə təfəkkürə, ağıla sahib adamlardan artıq sübut edib ki, onlar Azərbaycan, gənclik, vərəndaşlar üçün heç nə etməyəcəklər.

Ana səhifəVideoÜlvi Həsənli: Ölkədə görünməyən bir proses gedir