Ülvi Həsənli aclıq aksiyasını dayandırıb

Ülvi Həsənli. Foto: Meydan TV

Həbsdə olan AbzasMedia-nın direktoru Ülvi Həsənli aclıq aksiyasını dayandırıb.

Bu barədə məlumatı onun yaxınları paylaşıb. Onlar Ülvinin sağlamlığından narahat olduqlarının deyiblər. 

Ülvi Həsənli ailəsinin və yaxınlarının onun üçün narahat olduğunu, sağlamlıqlarına zərər dəyə biləcəyini nəzərə alaraq bu addımı atıb.  

Məlumatda həmçinin qeyd edilir ki, onun aksiyanı dayandırmasına səbəb “AbzasMedia işi” üzrə Apellyasiya Məhkəməsinin vaxtının təyin olunması da olub.  

Məhkəmə prosesi avqustun 12-nə təyin olunub.

2025-ci il iyunun 20-də Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə AbzasMedianın direktoru Ülvi Həsənli, baş redaktor Sevinc Vaqifqızı, araşdırmaçı jurnalist Hafiz Babalı, Azadlıq Radiosunun jurnalisti, iqtisadçı Fərid Mehralızadə 9 il, reportyorlar Nərgiz Absalamova və Elnarə Qasımova 8 il, direktor müavini Məhəmməd Kekalov isə  7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Onlar qaçaqmalçılıq və digər cinayətlərdə təqsirli biliniblər.

Jurnalistlər irəli sürülən ittihamları rədd edir, həbslərinin apardıqları korrupsiya araşdırmalarına görə siyasi sifariş olduğunu bildirirlər.

Ülvi Həsənli 17 gündür ki, aclıq aksiyası edirdi. 

AbzasMedia-nın həbsdəki direktoru Ülvi Həsənli iyulun 20-dən aclıq edirdi.

Onun etirazına səbəb Bakı İstintaq Təcridxanasına köçürülməməsidir.

AbzasMedia-nın həbsdəki baş redaktoru Sevinc Vaqifqızı və əməkdaşları Nərgiz Absalamova və Elnarə Qasımova iyulun 28-də, aclığın 7-ci günündə aksiyanı dayandırıblar.

Onlar bunu ailə üzvlərinin pisləşən səhhəti ilə əlaqələndiriblər.

Həyat yoldaşının “Facebook”da yazdığına görə o, 16 gündə 15 kq çəki itiribi, hazırki çəkisi 63 kq-a qədər düşüb.

Ülvi Həsənli aclıq etdiyinə görə cəza kamerasına (karsa) salınmışdı. 

“Orada nə pəncərə, nə də havalandırılmaya aid bir şey yoxdur. Bu istiyə görə Ülvi nəfəs almaqda əziyyət çəkir, nəfəs darlığı yaranıb. Ürək döyüntüləri şiddətlənib, ürəyi elə döyünür elə bil yerindən çıxacaq. Bu baş verənlərin nəticəsində orqanizmdə qan dövranı zəifləyib, ürəyə qan çox zəif getdiyinə görə ayaqları donur. Bədənindən soyuq tər gedir, orqanizm sağ qalmaq uğrunda mübarizə aparır. Böyrəklərində də arğılar yaranıb, təyziqi zəifdir. Heç bir həkim nəzarəti yoxdur. Nəzarətçiyə valerianka veriblər ki, Ülvinin halı pis olsa ona 2 ədəd tabletka versin. Göz görə-görə adamı öldürürlər”, – həyat yoldaşı belə yazırdı. 

Ana səhifəSiyasətÜlvi Həsənli aclıq aksiyasını dayandırıb