Ukrayna Prezidenti 31, ABŞ rəsmiləri 70 min hərbçinin həlak olduğunu deyirlər
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya ilə müharibə başlayandan indiyədək 31 min hərbçinin həlak olduğunu deyib.
Prezident yaralı və itkin düşən hərbçilərin sayını açıqlamayıb.
O, Rusiyanın müharibədəki itkilərini də dəyərləndirib.
Zelenskinin iddialarına görə, iki il ərzində davam edən döyüşlərdə 180 min Rusiya hərbçisi həlak olub.
O əlavə edib ki, yaralılar da daxil olmaqla ümumilikdə bu rəqəm 500 min nəfər təşkil edir.
İndiyə kimi Ukrayna hakimiyyəti hərbi sirləri əsas gətirərək canlı hərbi itkilərlə bağlı rəsmi məlumat açıqlamırdı.
2022-ci ilin dekabrında Ukrayna Prezidentinin aparat rəhbərinin müşaviri Mixail Podolyak bildirmişdi ki, həlak olan hərbiçilərin sayı 10 mindən 13 minə qədərdir.
Rusiya Müdafiə Nazirliyi ölənlərin sayını sonuncu dəfə 2022-ci ilin sentyabrında açıqlayıb.
Bildirilib ki, 5937 rus hərbçi müharibə zamanı həlak olub.
Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Rodion Miroşnik deyib ki, Ukrayna hakimiyyəti ölən hərbçilərlə bağlı məlumatları açıq şəkildə gizlədir.
Eyni zamanda, Qərb mediası Ukraynada itkilərin yüz minlərlə ola biləcəyi ilə bağlı versiyalar səsləndirib.
“The New York Times” yazır ki, Zelenskinin Ukraynanın hərbi itkiləri ilə bağlı səsləndirdiyi rəqəm Pentaqon rəsmilərinin statistikasından kəskin fərqlənir.
ABŞ rəsmiləri keçən yay əldə etdikləri məlumatlar əsasında bildirmişdilər ki, Ukrayna ordusu 70 min civarında hərbçi itirib, 120 minə yaxın isə yaralı var.
Müharibənin xronikası
2022-cil il Rusiya Prezidenti Vladimir Putin Ukraynanın şərqindəki separatçı qurumları tanıdığını bəyan etdikdən 2 gün sonra, fevralın 24-də Ukraynaya qarşı müharibəyə başlayıb.
Dünyanın əksər ölkəsi Rusiyanın hücumunu pisləyib.
Bundan sonra Avropa Birliyi ölkələri, eləcə də ABŞ Rusiyaya qarşı sanksiyalar tətbiq edib.
Çoxsaylı rusiyalı oliqarx, yüksək rütbəli hərbçi, şirkət sahibləri, biznesmenlərlə yanaşı, Rusiya Prezidenti Vladimir Putin və Xarici işlər naziri Sergey Lavrova qarşı sanksiyalar tətbiq edilib. Rusiyada təşkil olunacaq yarışlar təxirə salınıb, bu ölkənin adı mühüm tədbirlərdən və təşkilatlardan çıxarılıb.
2022-ci il aprelin 7-də isə BMT Baş Assambleyası Rusiyanın təşkilatın İnsan Hüquqları Şurasından çıxarılması ilə bağlı qətnamə qəbul edib. Rusiya isə Avropa Şurası üzvlüyündən çıxıb.
Rusiya ordusunun Buça və digər Ukrayna şəhərlərində kütləvi qətliamlar və müharibə cinayətləri törətdiyi iddia olunur.
2022-ci il iyunun 25-də Avropa İttifaqının 12 ölkəsi Rusiya qazının tədarükündən tamamilə və ya qismən imtina edib.
2022-ci ilin sentyabrın 30-da Vladimir Putin Rusiyanın nəzarəti ələ keçirdiyi ərazilərlə müqavilə imzalayıb.
Sentyabrın 23-dən 27-dək Rusiyanın işğal altında saxladığı Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərində referendum keçirilib.
Rusiyanın açıqladığı nəticələrə görə, həmin vilayətlərin sakinləri Rusiyanı dəstəkləyib.
Ukrayna və Qərb ölkələri isə referendumu saxta adlandırıb.