Ölkə daxilində köç edənlərin humanitar yardıma ehtiyacı var
4 milyon 542 min 857 nəfər ukraynalı qonşu ölkələrə köç edib.
Bu, fevralın 24-dən bu yana olan rəqəmlərdir.
Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının yaydığı məlumatda belə deyilir. Məlumata görə, qaçqınların böyük əksəriyyəti Polşa ərazisində məskunlaşıb.
“Ukraynada münaqişənin kəskinləşməsi sivil insanların ölümünə və mülki infrastrukturun məhvinə səbəb olub. İnsanlar təhlükəsiz mühit, müdafiə və yardım axtararaq evlərini tərk etməyə məcbur qalıb”, – məlumatda bildirilir.
Ali Komissarlıq əlavə edir ki, müharibənin ilk beş həftəsi ərzində Ukraynadan olan dörd milyondan çox qaçqın sərhədləri keçərək qonşu ölkələrə gedib. Bu rəqəmdən daha çox insan isə ölkə daxilində köçmək məcburiyyətində qalıb:
“Onların müdafiəyə və dəstəyə ehtiyacı var. Fövqəladə vəziyyət, Ukraynadan olan qaçqınların humanitar ehtiyaclarının miqyası fonunda, qaçqınlara ev sahibliyi edən ölkələrdə regional qaçqın məntəqələri yaradılıb. Onlara göndərilən yardım və dəstək buradan həyata keçirilir”.
Köçkünlərə yardım BMT, müxtəlif QHT-lər və digər müvafiq tərəfdaşları bir araya gətirib. Beynəlxalq standartlara uyğun olaraq, qaçqınların və Ukraynadan qaçan üçüncü ölkə vətəndaşlarının əraziyə təhlükəsiz girişini təmin etmək üçün ev sahibi ölkə hökumətlərinə dəstək verməyə yönəlib:
“Həmçinin məcburi mühafizə xidmətləri və humanitar yardım göstərilməsinə üstünlük verilir. Çünki yerdəyişmə və ehtiyaclar daimi olaraq artmaqda davam edir”.
Rusiya fevralın 24-də Ukraynada hərbi əməliyyatlara başlayıb.
Ondan 2 gün öncə isə Rusiya Prezidenti Vladimir Putin açıqlama verərək Ukraynanın şərqindəki separatçı qurumları tanıdığını bəyan edib.
Ukrayna, Qərb liderləri hərbi əməliyyatları pisləyib, Putinin buna görə cavab verəcəyini bildirib.
Bundan sonra Avropa Birliyi ölkələrindən, eləcə də ABŞ-dan Rusiyaya qarşı sanksiyalar gəlməyə başlayıb.
Sanksiya tətbiq edilən 600-dən çox şəxsin içində oliqarxlar, yüksək rütbəli hərbçilər, şirkət sahibləri, biznesmenlərlə yanaşı, Rusiya Prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrov da var.
Aprelin 7-də isə BMT Baş Assambleyası Rusiyanın təşkilatın İnsan Hüquqları Şurasından çıxarılması ilə bağlı qətnamə qəbul edib.