Dövlətin rəsmi siyasətinin ictimai fikirdən fərqli olması daha düzgün sayılır
Uzun müddətdir “Rusiya Ukraynaya hücum edəcək, ya yox” sualına fevralın 24-ü səhər saatlarında cavab verildi. Və təssüf ki, bu cavab minlərlə insanın həyatına təhlükə, ümumiyyətlə müstəqil bir ölkənin dövlətçiliyinə son qoya biləcək xarakterlidir.
Bəli, Rusiya Ukrayna ərazisində hərbi əməliyyatlara başladı. Nəticələrin necə olacağını zaman və Ukrayna ordusunun dözümlülük qabiliyyəti göstərəcək. Amma hadisələrin bu həddə necə gəlib çatması barədə danışmaq olar.
İlk növbədə aydındır ki, müharibə Rusiya-Qərb qarşıdurmasının nəticəsidir və Ukrayna arada “qurbanlıq”dır. Rusiyanın müharibəyə başlaması göstərir ki, 2021-ci ilin sonunda ABŞ və NATO qarşısında irəli sürdüyü şərtlər qarşı tərəfdən qəbul edilməyib.
Rusiya NATO-dan 1997-ci il sərhədlərinə geri çəkilməyi, Ukrayna və Gürcüstanın NATO və Avropa İttifaqına inteqrasiyasının dayandırılmasını tələb edib, öz təhlükəsizliyinə təminat istəyib. Rusiya rəsmiləri tələbləri irəli sürərkən bu şərtlərdən geri çəkilməyəcəklərini qeyd etmişdilər.
Müharibənin qaçılmaz olduğunu Putinin Azərbaycan Prezidenti İlham Əliyevlə fevralın 22-də Moskvada görüşdə dediyi “keçmiş sovet respublikalarının ərazi bütövlüyünə hörmət edirik, amma Ukrayna bu məsələdə istisnadır” sözləri aydın göstərdi.
Putin Rusiyasının ambisiyaları göz qarşısındadır – keçmiş SSRİ sərhədlərində öz nüfuzunu bərpa etmək, keçmiş SSRİ-ə daxil olan respublikaların yalnız onun orbitində olmasını təmin etmək, demokratik hakimiyyətləri ləğv etmək, Qərbə bu bölgənin yeganə söz sahibi olduğunu nümayiş etdirmək.
Burada kollektiv Qərbin də məsuliyyətini qeyd etmək lazımdır. Putinin NATO-nun Rusiyanın sərhədlərinə tam yaxınlaşdığını deməsində həqiqət var. Qəribə səslənsə də, Rusiya kimi böyük dövlətin, nüvə silahına sahib bir ölkənin təhlükəsizlik baxımından maraqları nisbətən kiçik dövlətlərin maraqlarından tam fərqli olur. Bu baxımdan Ukraynanın NATO-ya inteqrasiyasını Rusiya təhdid kimi qəbul edir. Hesab edir ki, soyuq müharibə SSRİ-nin dağılması ilə bitsə də, NATO-nun şərti düşməni dəyişməyib. Belə olan halda Rusiya Ukraynanı NATO ilə öz arasında bufer zonası kimi qəbul edir.
Bu, o demək deyil ki, Rusiyanın hərbi təcavüzünə haqq qazandırmaq olar, amma onu şərtləndirən amilləri də nəzərə almaq lazımdır. Kollektiv Qərbin hazırki vəziyyətdə məsuliyyəti də məhz Ukraynanı metodik olaraq, NATO-ya cəlbetmə cəhdlərindədir. Faktiki olaraq hazırda Ukrayna, 2008-ci ildə Gürcüstanın vəziyyətini xatırladır. Fərq yalnız insan resurslarının daha geniş, ordunun Gürcüstan silahlı qüvvələrindən nisbətən hazırlıqlı olmasındadır.
O vaxt Saakaşvilinin arxalandığı Qərb həlledici anda ona yardım etmədi, daha doğrusu, yardım etməyə imkan tapmadı. O zaman Gürcüstanı tam işğaldan Polşanın hazırda dünyasını dəyişmiş prezidenti Kaçinski xilas etdi. İndi Avropada belə bir rolu üzərinə götürəcək qətiyyətli siyasi lideri axtarmaq lazımdır. Zelenskinin fevralın 24-dən 25-ə keçən gecə xalqa müraciətində dedikləri Saakaşvilinin hakimiyyətdən getdikdən sonrakı sözlərini xatırladır. Ukrayna prezidenti bildirdi ki, NATO-a daxil olan bir çox dövlətin liderindən ölkəsini alyansa qəbul etməyə hazır olub-olmamasını soruşsa da, onların hamısı cavab verməkdən qorxub. Saakaşvili də hakimiyyətdən getdikdən sonra avqust müharibəsi haqqında danışanda demişdi ki, bir çox liderə zəng etsə də, heç kimlə danışa bilməyib.
Bəli, sanksiyalar qəbul edilir və bundan sonra da qəbul ediləcək. Amma olan Ukraynaya olur və bu sanksiyaların Putini dayandıracağına inanmaq sadəlövhlükdür. Konkret hərbi zərbələr Ukraynaya dəyir və müharibənin hər hansı bir nəticəsindən asılı olmayaraq, bu yaralar uzun müddət sağalmayacaq. Ölkənin güclü olmayan iqtisadiyyatı elə bir zərbə alıb ki, özünə gəlməsi üçün uzun müddət tələb olunacaq.
Bu konteksdə Azərbaycanın mövqeyindən danışmamaq olmur. Ölkə prezidenti İlham Əliyevə daxili siyasətlə bağlı münasibətin hansı formada olmasında asılı olmayaraq, xarici siyasətdə düzgün mövqe tutduğunu inkar etmək olmur. Belə ki, milli maraqların qorunması baxımından İlham Əliyev üçün vəziyyət bəlkə də 2020-ci ildə 44 günlük müharibə zamanı yaranmış vəziyyətdən daha da mürəkkəbdir. Rusiyanın Ukrayna ilə davranışı göstərir ki, Kreml rəhbərliyindən istənilən addımı gözləmək olar. Azərbaycan əleyhinə tədbirləri dəstəkləmək üçün qonşu Ermənistanın daim hazır olduğu da heç kimə sirr deyil. Qarabağda Rusiya sülhməramlılarının nəzarət etdiyi ərazilərdə yaşayan ermənilər arasında Rusiya pasportlarının paylanması barədə ara-sıra çıxan xəbərlər də optimistliyə imkan vermir. Rusiya ilə bağlı siyasətdə kiçik bir səhv addım böyük bir faciənin əsasını qoya bilər. “DXR” və “LXR” liderlərinin Kremldə Putinlə sənəd imzalamaq üçün oturduqları kürsülərin birində, günlərin bir günü Arayik Arutuyan da otura bilər. Fevralın ortalarında Arutunyanın Moskva şəhərinə səfər etməsini hazırda kim şəxsi səfər kimi qiymətləndirə bilər?
Bəli, Azərbaycan ictimai fikrində əsasən Ukrayna təəssübkeşliyi var. Bunu da ədalətin tərəfində dayanan cəmiyyət kimi ancaq müsbət qiymətləndirmək olar. Amma bu məhz o hallardandır ki, dövlətin rəsmi siyasətinin ictimai fikirdən fərqli olması daha düzgün sayılır. Ukraynaya təəssübkeşlik etməklə, ölkənin təhlükəsizliyinə şəxsən cavab vermək tam fərqli bir məqamlardır. Məhz belə anlarda sadə vətəndaşlarla prezidentin məsuliyyəti arasında fərq daha aydın görünür.
İstənilən halda Rusiyanın Ukraynaya hərbi təcavüzü təkcə Şərqi Avropada deyil, Cənubi Qafqazda da vəziyyəti gərginləşdirir. Bu proseslərdən mümkün qədər az itkilərlə, yalnız tam praqmatik siyasətlə çıxmaq mümkündür. Görünən budur ki, Azərbaycan hakimiyyəti məhz belə bir siyasətə üstünlük verib.