Ukraynada müharibə zamanı 423 uşağın həlak olduğu bildirilir

Ukrayna. Foto: Ruslan Shugushev/shutterstock

Ümumilikdə 1233 uşağın zərər çəkdiyi deyilir

Rusiyanın silahlı təcavüzü nəticəsində Ukraynada indiyədək 423 uşağın həlak olduğu, 810 uşağın yaralandığı bildirilir.

Məlumatı Ukrayna Baş Prokurorluğu “Telegram” kanalında yayıb.

Oktyabrın 14-ə olan məlumata görə, Rusiyanın silahlı təcavüzü nəticəsində Ukraynada 1233-dən çox uşaq zərər çəkib:

“423 uşaq ölüb, 810-dan çoxu müxtəlif dərəcəli bədən xəsarətləri alıb”.

“Uşaqlar ən çox Donetsk vilayətində, Xarkovda, Kiyevdə, Nikolayevdə, Çerniqovda, Zaporojyedə, Luqanskda, Xersonda və Dnepropetrovskda zərər çəkiblər”, – deyə Baş Prokurorluq əlavə edib.

Xatırlatma

Rusiya Prezidenti Vladimir Putin Ukraynanın şərqindəki separatçı qurumları tanıdığını bəyan etdikdən 2 gün sonra, fevralın 24-də Ukraynaya qarşı müharibəyə başlayıb.

Dünyanın əksər ölkəsi Rusiyanın hücumunu pisləyib.

Bundan sonra Avropa Birliyi ölkələri, eləcə də ABŞ Rusiyaya qarşı sanksiyalar tətbiq edib.

600-dən çox rusiyalı oliqarx, yüksək rütbəli hərbçilər, şirkət sahibləri, biznesmenlərlə yanaşı, Rusiya Prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrov sanksiyalara məruz qalıblar.

Rusiyada təşkil olunacaq yarışlar təxirə salınıb, bu ölkənin adı mühüm tədbirlərdən və təşkilatlardan çıxarılıb.

Aprelin 7-də isə BMT Baş Assambleyası Rusiyanın təşkilatın İnsan Hüquqları Şurasından çıxarılması ilə bağlı qətnamə qəbul edib.

Rusiya isə Avropa Şurası üzvlüyündən çıxıb.

Rusiya ordusunun Buça və digər Ukrayna şəhərlərində kütləvi qətliamlar və müharibə cinayətləri törətdiyi iddia olunur.

İyunun 25-də Avropa İttifaqının 12 ölkəsi Rusiya qazının tədarükündən tamamilə və ya qismən imtina edib.

Ana səhifəDünyaUkraynada müharibə zamanı 423 uşağın həlak olduğu bildirilir