42 min insanın daşqın təhlükəsi altında olduğu bildirilir
Dnepr çayının üzərindəki bəndin dağılması yaxın əraziləri sel suları altında qoyub.
Suyun səviyyəsi getdikcə qalxdığı üçün sakinlər Ukraynanın cənubuna qaçmağa məcbur olub.
İyunun 6-da Ukraynada Dnepr çayının üzərindəki bənd partladılıb.
Hadisəyə görə Rusiya və Ukrayna bir-birlərini günahlandırıb.
Böyük bəndin dağıdılması ilə on minlərlə mülki şəxsin həyatının təhlükə altına düşəcəyi gözlənilirdi.
“Reuters” yazır ki, sakinlər uşaqları çiyinlərində, qucaqlarında ev heyvanları evlərini tərk etməli olub.
Xilasedicilər suların boy hündürlüyünə çatdığı ərazilərdə rezin qayıqlardan istifadə ediblər.
Ukrayna və Rusiya hər biri digərini müharibənin əsas dönüş nöqtəsində çarəsizlik içində “Nova Kaxovka” bəndini qəsdən dağıtmaqda ittiham edib.
“Hər şey suya qərq olub, bütün mebellər, soyuducu, yeməklər, çiçəklər, hər şey üzür. Nə edəcəyimi bilmirəm”, – 53 yaşlı Xerson sakini Oksananın sözləridir.
Ukrayna 42 min insanın daşqın təhlükəsi altında olduğunu və yüz minlərlə insanın içməli sudan məhrum qalacağını bildirir.
Oleksandr adlı daha bir sakin isə bildirib ki, su daha bir metr qalxsa, evlərini itirəcəklər.
Sakinlər fəlakətdə günahı qarşı sahildəki mövqelərindən bəndə nəzarət edən rus qoşunları ilə əlaqələndirdilər.
“Onlar bizə nifrət edirlər”, – Oleksandr bildirir.
Mütəxəssislər deyir ki, bu fəlakətin nəticələri onilliklər ərzində Ukraynanın cənubunda hiss olunacaq.
Bəndin arxasındakı nəhəng su anbarı 2014-cü ildə Rusiya tərəfindən ələ keçirilən Krım da daxil olmaqla dünyanın ən böyük taxıl ixrac edən ölkələrindən birində kənd təsərrüfatı torpaqlarının böyük hissəsini suvarırdı.
BMT-nin yardım rəhbəri Martin Griffiths Təhlükəsizlik Şurasına deyib ki, daşqın cəbhə xəttinin hər iki tərəfində Ukraynanın cənubundakı minlərlə insan üçün evlərini, qidalarını, istifadə etmək üçün lazım olan suyu itirməklə nəticələnəcək:
“İnsanlar dolanışıq vasitələrini itirməklə ağır vəziyyətə düşəcək. Fəlakətin böyük miqyası yalnız yaxın günlərdə tam şəkildə görünəcək”, – o deyib.
Müharibə zamanı bəndləri hədəfə almaq Cenevrə Konvensiyaları ilə açıq şəkildə qadağandır.
Dnepr çayı üzərindəki bəndin dağıdılması ilə bağlı heç bir tərəf kimin günahkar olduğunu göstərən açıq sübut təqdim etməyib.
“Bütün dünya Rusiyanın bu müharibə cinayətindən xəbər tutacaq”, – deyən Ukrayna Prezidenti Volodimir Zelenski iyunun 6-da gecə müraciətində hadisəni “kütləvi qırğın və ekoloji bomba” adlandırıb.
Kremlin sözçüsü Dmitri Peskov isə deyib ki, Ukrayna diqqəti yeni əks-hücumdan yayındırmaq üçün bəndi sabotaj edib.
Vaşinqton bildirib ki, hələ də kimin günahkar olduğuna dair sübutlar toplayır.
İlkin baxış o istiqamətdədir ki, Ukraynanın öz ərazisinə belə ziyan vurmaq üçün heç bir əsası yoxdur.
ABŞ-ın BMT-dəki səfirinin müavini Robert Vud jurnalistlərə açıqlamasında oxşar fikir səsləndirib:
“Ukrayna bunu öz ərazisinə və xalqına qarşı niyə etsin? Torpaqlarını su altında qoysun, on minlərlə insanı evlərini tərk etməyə məcbur etsin? Bunun heç bir məntiqi əsası, mənası yoxdur”.
Ukrayna hökuməti bildirir ki, evakuasiya davam edərkən belə, Rusiya çayın o tayında Ukraynanın nəzarətində olan əraziləri atəşə tutub.
Şəhər qubernatoru bu atəşlər nəticəsində bir nəfərin öldüyünü bildirib.
Boşalan su anbarı həmçinin Zaporojiyadakı Avropanın ən böyük nüvə stansiyasını soyudan suyu təmin edir.
BMT-nin Nüvə Nəzarəti Təşkilatı bildirib ki, stansiyada reaktorlarını “bir neçə ay” ərzində başqa su mənbəsindən soyutmaq üçün kifayət qədər su olmalıdır.