Atası: “Oğlumu Ukraynadakı Azərbaycan diasporunun nümayəndələrinə təhvil verəcəklər”
Martın 17-da Ukraynada girov götürlən Dövlət Universitetinin 3-cü kurs tələbəsi Hüseyn Abdullayev azad edilib.
Bu barədə onun atası Amin Abdullayev Meydan TV-yə danışıb.
Amin Abdullayev oğlunun aprelin 12-də saat 12 radələrində buraxıldığını, hazırda Zaporoje şəhərinə aparıldığını bildirib.
“Oğlumu Ukraynadakı Azərbaycan diasporunun nümayəndələrinə təhvil verəcəklər. Özüylə az danışdım, yanında adam var idi”, – tələbənin atası belə deyib.
Neftçala şəhərində yaşayan A.Abdullayev oğlu ilə sonuncu dəfə martın 17-də əlaqə saxladığını, onun çeçenlər tərəfindən əsir götürüldüyünü bildirmişdi.
2002-ci il doğumlu Hüseyn Abdullayev Mariupol Dövlət Universitetinin Ekologiya fakütəsinin 3-cü kursunda təhsil alır.
Xatırlatma
Rusiya fevralın 24-də Ukraynada hərbi əməliyyatlara başlayıb.
Ondan 2 gün öncə isə Rusiya Prezidenti Vladimir Putin açıqlama verərək Ukraynanın şərqindəki separatçı qurumları tanıdığını bəyan edib.
Ukrayna, Qərb liderləri hərbi əməliyyatları pisləyib, Putinin buna görə cavab verəcəyini bildirib.
Bundan sonra Avropa Birliyi ölkələrindən, eləcə də ABŞ-dan Rusiyaya qarşı sanksiyalar gəlməyə başlayıb.
Sanksiya tətbiq edilən 600-dən çox şəxsin içində oliqarxlar, yüksək rütbəli hərbçilər, şirkət sahibləri, biznesmenlərlə yanaşı, Rusiya Prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrov da var.
Aprelin 7-də isə BMT Baş Assambleyası Rusiyanın təşkilatın İnsan Hüquqları Şurasından çıxarılması ilə bağlı qətnamə qəbul edib.