Avqustun 7-də Kiyevdə, Azərbaycan səfirliyinin qarşısında siyasi məhbuslara azadlıq tələbilə piket keçirilib. Piketdə azərbaycanlı siyasi fəallar, Ukrayna, Belarus və Çeçenistandan olan ictimai – siyasi təşkilatların rəhbərləri iştirak ediblər.
Çeçenistandan olan siyasi fəal Əhməd Əlihacıyevə görə, Azərbaycan avtoritar idarəetmə üsulundan imtina etməlidir: “Biz azərbaycanlı qardaşlarımıza dəstək olmaq üçün bura gəlmişik. Azərbaycan hakimiyyətindən və prezidentindən Xədicə İsmayıl başda olmaqla, digər siyasi məhbusların azadlığa buraxılmasını tələb edirik. Ümid edirik ki, Azərbaycan post-sovet ölkələrinin diktator idarəetmə üsulundan imtina edib, Avropaya inteqrasiya olunacaq”.
Vyaçeslav Çernovo adına Müstəqil Junalistlər Fondunun prezidenti Dmitro Panamarçuk hesab edir ki, Azərbaycan hakimiyyəti siyasi təqiblərə son qoymalıdır: ”XXI əsrdə insanların söz və mətbuat azadlığı, azad Azərbaycan uğrunda həbs olunması yolverilməzdir. Bəziləri fikirləşir ki, biz Azərbaycana qarşı çıxırıq. Əslində Ukrayna Azərbaycanın yanındadır. Biz Azərbaycanı hüquqların aliliyinin qorunduğu, qanunlara riayət olunan və Ukrayna ilə sıx əlaqədə olan demokratik ölkə kimi görmək istəyirik”.
Aksiyanın sonunda siyasi məhbusların şəkilləri səfirliyin divarına yapışdırılıb.