Ukrayna və ABŞ nümayəndə heyətləri Ciddədə görüşür

ABŞ-Ukrayna. Foto: Reuters

Volodimir Zelenski də Səudiyyə Ərəbistanındadır, lakin onun danışıqlarda iştirak etməyəcəyi bildirilir

Səudiyyə Ərəbistanının Ciddə şəhərində Ukrayna və Amerika nümayəndə heyətləri arasında danışıqların başladığı bildirilir.

Bu barədə Ukrayna Xarici İşlər Nazirliyi xəbər verib.

Məlumata görə, danışıqlarda Ukraynanı Prezident aparatının rəhbəri Andriy Yermak, xarici işlər naziri Andriy Sibiqa, müdafiə naziri Rustem Umerov və Prezident aparatının rəhbərinin müavini Pavlo Palisa təmsil edir.

Amerika nümayəndə heyətinə isə dövlət katibi Marko Rubio və milli təhlükəsizlik üzrə müşaviri Mayk Uolz daxildir.

Ukrayna Prezidenti Volodimir Zelenski də Səudiyyə Ərəbistanındadır, lakin onun danışıqlarda iştirak etməyəcəyi bildirilir.

Ciddə görüşündən əvvəl Rubio deyib ki, bu danışıqlar Amerikanın Kiyevə hərbi yardımının bərpası üçün “açar” olacaq.

O, həmçinin qeyd edib ki, ABŞ hələ də təbii sərvətlər üzrə saziş bağlamağa ümid edir, lakin Səudiyyə Ərəbistanında keçiriləcək görüşdə bunun razılaşdırılacağı inandırıcı deyil.

Bir gün əvvəl “CNN” xəbər vermişdi ki, Donald Tramp administrasiyasının nümayəndələri bu həftə Səudiyyə Ərəbistanında təkcə Ukrayna deyil, həm də Rusiya nümayəndə heyəti ilə görüşəcək.

Telekanalın mənbəsi danışıqlarda Amerika və Rusiya tərəfdən kimin iştirak edəcəyini dəqiqləşdirməyib. Dəqiq tarix də açıqlanmayıb.

Eyni zamanda Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bəyan edib ki, bu həftə Rusiya və ABŞ arasında Səudiyyə Ərəbistanında danışıqların yeni mərhələsi planlaşdırılmır.

2025-ci il fevralın 28-də Ağ Evdə Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Tramp və Vitse prezident Ceyms Devid Venslə görüşü zamanı tərəflər arasında mübahisə yaranıb.

Zelenski nadir torpaq metalları sazişini imzalamaq üçün Vaşinqtonda olarkən ABŞ-nin Rusiya ilə diplomatik əlaqələr qurmaq siyasətini tənqid edib.

Buna cavab olaraq Tramp Zelenskini Ukraynaya maliyyə dəstəyi və silah tədarükünə görə hörmətsizlikdə və kifayət qədər minnətdar olmamaqda ittiham edib.

Trampla mübahisədən sonra Zelenski Ağ Evi erkən tərk edib. Daha sonra baş tutmalı olan müqavilənin imzalanması ləğv edilib.

Bir neçə gün sonra “Reuters” və “The Wall Street” nəşrləri mənbələrinə istinadla ABŞ-nin Ukraynaya hərbi yardımı dayandırdığını yazıblar.

Ağ Ev məsələ ilə bağlı rəsmi açıqlama verməyib. Zelenskinin ofisi və Ukraynanın Vaşinqtondakı səfirliyi məsələni şərh etməyiblər.

Rusiya 2022-ci il fevralın 24-dən Ukraynaya qarşı müharibəyə başlayıb.

Ana səhifəDünyaUkrayna və ABŞ nümayəndə heyətləri Ciddədə görüşür