Volodimir Zelenski: “Bunu başqa bir ölkə etməlidir, Rusiyaya etibar etmirik”
“Ukrayna Türkiyə və BMT ilə taxıl ixracı ilə bağlı danışıqlar aparır”.
Ukrayna Prezidenti Volodimir Zelenski belə deyib.
O bildirib ki, hazırda Ukrayna limanlarından taxıl ixracına zəmanətin təmin edilməsi üçün Türkiyə və Birləşmiş Millətlər Təşkilatı (BMT) ilə danışıqlar ərəfəsindədirlər.
Zelenski bu sözləri İsveçin Baş naziri Maqdalena Anderssonla birgə mətbuat konfransında səsləndirib.
O, taxıl ixracının çox vacib olduğunu bildirib.
Ukrayna Prezidenti deyib ki, kimsə bu və ya digər ölkə üçün gəmilərin təhlükəsizliyinə zəmanət verməlidir:
“Bunu Rusiyadan başqa bir ölkə etməlidir. Çünki biz hazırda Rusiyaya etibar etmirik. Odur ki, başqa ölkələrin bizə ərzaq məhsulları yükləmək üçün bura gələcək gəmilərin təhlükəsizliyinə zəmanət verməsinə ehtiyacımız var”.
Zelenski Ukraynanın BMT-nin baş katibi Antonio Quterreslə bu məsələdə “birbaşa” işlədiyini və təşkilatın “moderator kimi deyil, aparıcı rol oynadığını” da söyləyib.
Son həftələrdə yayılan xəbərlərdə belə danışıqların tezliklə Türkiyədə keçiriləcəyi bildirilib.
Dünyanın aparıcı taxıl ixracatçılarından biri olan Ukrayna Rusiyanı gəmilərinin hərəkətinə mane olmaqda günahlandırır.
Zelenski hazırda 22 milyon ton taxılın ilişib qaldığını və payızda təxminən 60 milyon ton məhsulun gözlənildiyini söyləyib.
Rusiya isə taxılın daşınmasına mane olduğunu inkar edir və hərəkətin olmamasına görə Ukraynanı günahkar sayır.
Ukrayna həmçinin Rusiyanı onun anbarlarından taxıl oğurlayıb ölkədən çıxarmaqda ittiham edib.
İyulun 4-də Türkiyə rəsmisi bildirib ki, Türkiyə Qara dəniz sahillərində Rusiya bayraqlı yük gəmisini dayandırıb və Ukraynanın oğurlanmış taxıl daşıdığına dair iddiasını araşdırır.
Fevralın 24-də Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən bu yana dünya bazarlarında buğda və unun qiymətləri qalxıb.
Bu, Azərbaycan bazarına da təsir edib.
Rəsmilər də etiraf edib ki, bahalaşma var və bu, təkcə, Azərbaycanda yox, bütün dünyada belədir.