Zelenski qadağaların nədən ibarət olduğunu açıqlamayıb
Ukrayna Rusiya hakimiyyətinin 606 nümayəndəsinə qarşı sanksiya tətbiq edib.
Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski sentyabrın 7-də “Telegram” kanalında paylaşım edib.
“Bu gün Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurası mühüm qərar qəbul edib: Rusiyanın hakim elitasına aid olan 606 şəxsə sanksiya tətbiq edilib. Rusiya Təhlükəsizlik Şurasının 28, Federasiya Şurasının 154, Dövlət Dumasının 424 deputatı siyahıya daxil edilib”, – deyə Zelenski bildirib.
Prezident əlavə edib ki, artıq bu şəxslərə qarşı hüquqi, diplomatik və siyasi tədbirlər görülüb.
Ancaq Zelenski tədbirlərin nədən ibarət olduğunu açıqlamayıb.
Xatırlatma
Rusiya Prezidenti Vladimir Putin Ukraynanın şərqindəki separatçı qurumları tanıdığını bəyan etdikdən 2 gün sonra, fevralın 24-də Ukraynaya qarşı müharibəyə başlayıb.
Dünyanın əksər ölkəsi Rusiyanın hücumunu pisləyib. Bundan sonra Avropa Birliyi ölkələri, eləcə də ABŞ Rusiyaya qarşı sanksiyalar tətbiq edib.
600-dən çox rusiyalı oliqarx, yüksək rütbəli hərbçilər, şirkət sahibləri, biznesmenlərlə yanaşı, Rusiya Prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrov sanksiyalara məruz qalıblar. Rusiyada təşkil olunacaq yarışlar təxirə salınıb, bu ölkənin adı mühüm tədbirlərdən və təşkilatlardan çıxarılıb.
Aprelin 7-də isə BMT Baş Assambleyası Rusiyanın təşkilatın İnsan Hüquqları Şurasından çıxarılması ilə bağlı qətnamə qəbul edib.
Rusiya isə Avropa Şurası üzvlüyündən çıxıb.
Rusiya ordusunun Buça və digər Ukrayna şəhərlərində kütləvi qətliamlar və müharibə cinayətləri törətdiyi iddia olunur.
İyunun 25-də Avropa İttifaqının 12 ölkəsi Rusiya qazının tədarükündən tamamilə və ya qismən imtina edib.