Ukrayna Rusiya ordusunun sürətlə geri çəkildiyini iddia edir

Ukrayna, Donetsk. Foto: Reuters

Zelenski Putinin ilhaq etdiyi ərazilərdə onlarla qəsəbənin geri alındığını deyir

Ukrayna iki cəbhədə rus qoşunlarının sürətlə geri çəkildiyini bildirir.

Prezidenti Volodimir Zelenski deyib ki, Ukrayna ordusu ötən həftə Rusiya qüvvələrinə qarşı böyük və sürətli irəliləyişlər əldə edib.

O bildirib ki, Rusiyanın ilhaq etdiyi cənub və şərq bölgələrində onlarla qəsəbəni geri götürüblər.

Prezident qeyd edir ki, təkcə bu həftə, Rusiya psevdoreferendumundan sonra onlarla yaşayış məntəqəsi azad edilib.

“Bunlar hamısı birlikdə Xerson, Xarkov, Luqansk və Donetsk vilayətlərindədir”, – deyə Zelenski oktyabrın 4-də etdiyi çıxışında səsləndirib.

Sentyabrın 23-dən etibarən Rusiya Ukrayna ərazilərində bir neçə gün ərzində referendumlar keçirib.

Bundan sonra Rusiya bu bölgələri ilhaq etmək üçün hərəkətə keçib.

Rusiya Prezidenti Vladimir Putin onların ilhaqını ötən həftənin cümə günü elan edib.

Zelenski cənubda Xersonda səkkiz yaşayış məntəqəsinin bu yaxınlarda geri alındığını deyib.

“Reuters” onun ifadələrini təsdiq edə bilməyib. Üstəlik, Rusiya tərəf bu çıxışla bağlı hər hansı açıqlama verməyib.

Ukrayna Müdafiə Nazirliyi tərəfindən yayımlanan videoda isə Xersonda həmin icmalardan biri olan Davydiv Brid üzərində Ukrayna bayrağının qaldırıldığı əks olunub.

Ukrayna rəsmiləri və bölgədəki Rusiya tərəfindən dəstəklənən qondarma qurumun lideri bildirib ki, Ukrayna qüvvələri bazar ertəsi strateji Dnepr çayı boyunca bir neçə kəndi qabaqcadan geri alıb.

Şərqdə Ukrayna qüvvələri Donetskin şimalında, Liman şəhərinin əsas rus qalasını ələ keçirdikdən sonra hücumu genişləndirir.

Donetsk və Xerson vilayətlərindəki Rusiya qüvvələri son günlər geri çəkilmək məcburiyyətində qalıb. Görünür, getdikcə Qərb tərəfindən təchiz edilən Ukrayna ordusunu dayandırmaq üçün mübarizə aparır.

“Cəbhə xəttinin bəzi ərazilərində nəzarət etdiyimiz ərazini 10 km-dən 20 km-ə qədər genişləndirmək mümkün olub”, – çərşənbə günü Ukrayna Silahlı Qüvvələrinin (UAF) cənub əməliyyat komandanlığı bildirib.

UAF-ın gündəlik hesabatında deyilir ki, Rusiya qüvvələri Ukraynanın irəliləyişini ləngitmək üçün onların sursat ehtiyatlarını məhv edir, körpüləri və keçidləri dağıtmağa çalışır.

Eyni zamanda, hesabatda bildirilir ki, Xersonda geri çəkilən rus qoşunları “infrastruktur obyektlərinə” və evlərə minalar qoyub.

Bundan başqa, Rusiya iddia etdiyi dörd bölgədən heç birinə – Ukraynanın şərqində Donetsk və Luqansk, cənubda Zaporojjya və Xersona tam nəzarət etmir və Kreml ilhaq etdiyi ərazinin sərhədlərini hələ müəyyənləşdirmədiyini bildirib.

Rusiyanın ilhaq cəhdi, hərbi səfərbərlik və ərazisini qorumaq üçün nüvə silahına müraciət oluna biləcəyi barədə xəbərdarlıqlarla yeddi aylıq müharibəsini gücləndirib.

Moskva ümid edir ki, iki həftə əvvəl elan etdiyi “qismən səfərbərlik” bir sıra döyüş meydanındakı uğursuzluqları aradan qaldırmağa kömək edəcək.

Müdafiə naziri Sergey Şoyqu çərşənbə axşamı bildirib ki, Rusiya indiyədək planlaşdırılan 300 min əsgərdən 200 mindən çox ehtiyatda olan hərbçini çağırıb.

Çərşənbə axşamı təqdim edilən Rusiya Müdafiə Nazirliyinin xəritələrində Rusiya qüvvələrinin Ukrayna əks-hücumunun şiddətli təzyiqinə məruz qaldıqları Ukraynanın şərqi və cənubundakı bölgələrdən sürətlə geri çəkildiyi görünür.

Nazirliyin gündəlik video brifinqindəgeri çəkilmə barədə heç bir məlumat verilməyib, lakin Rusiyanın iddia edilən zərbələrinin yerini göstərmək üçün istifadə edilən xəritələrdə Rusiyanın hərbi nəzarətini təyin edən kölgəli sahə əvvəlki gündən xeyli kiçik idi.

Şərq cəbhəsində Rusiyanın dəstəklədiyi Donetsk lideri Denis Puşilin bildirib ki, Rusiya qüvvələri geri çəkildikdən sonra Kreminna şəhəri ətrafında ciddi müdafiə xətti qurur.

Oktyabrın 4-də açıqlama verən Zelenski isə deyib ki, Putinlə hər hansı danışıqları “mümkünsüz”dür.

O, yeni lider olacağı təqdirdə Moskva ilə danışıqlara qapını açıq qoyub.

Kreml bildirib ki, Kiyev danışıqları istisna etsə, Ukraynada “xüsusi hərbi əməliyyat” adlandırdığı əməliyyat bitməyəcək və əlavə edib ki, danışıq üçün iki tərəf lazımdır.

Ana səhifəDünyaUkrayna Rusiya ordusunun sürətlə geri çəkildiyini iddia edir