“Bu, aktyorların ölüm-dirim savaşı oynadıqları kino deyil”
Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Oleksiy Danilov danimarkalı rejissor Lars fon Trieri tənqid edib. Avqustun 22-də Trier “İnstagram”ında Danimarkanın Ukraynaya 19 F-16 verməsini pisləmişdi.
Rejissor statusunda Ukrayna Prezidenti Volodimir Zelenskiyə və Danimarkanın Baş naziri Mette Frederiksenə müraciət edərək, “Rusların həyatı da önəmlidir”, – yazmışdı.
Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi isə Trieri bu sözlərinə görə saxta hümanizmdə ittiham edib:
“Bu, aktyorların ölüm-dirim savaşı oynadıqları kino deyil. Yaşayan hər bir rus terrorçusunun arxasında öldürülmüş bir ukraynalı dayanır. Sənətkarın da qurbanla cəllad arasında ikincini seçməsi, faciəyə çevrilir. Ukrayna mücərrədlikdə deyil, rusların qatil olduğu qəddar reallıqda yaşayır”.
Danilov rejissora reallıqda baş verənləri görməsi üçün özünü müharibədən zərər çəkənlərin yerinə qoymasını istəyib:
“Məşhur rejissora sadə bir məsləhət: təsəvvür edin ki, rus raketləri hər gün sizin şəhərinizi bombalayır. Sizin ata-ananızı öldürüblər, nəvələrinizi də Ukraynadan çıxarıb, Rusiyaya aparıblar. Rusiyalı qarətçilər isə arvadınızı zorlayıb, evinizi yandırıblar. Belə olan halda, ikiüzlü humanizm tamam başqa– uydurma yox, real həyat xüsusiyyətləri qazanır”.
Bir neçə gün öncə Ukrayna Prezidenti Volodimir Zelenski Danimarka və Niderlandın dövlət rəsmiləri ilə görüşüb. Qarşılıqlı razılaşma əsasında bildirilib ki, hər iki dövlət Ukraynanı F-16 qırıcı təyyarəsi ilə təmin edəcək.
Rusiya 2022-ci il fevralın 24-də Ukraynaya qarşı hərbi əməliyyatlara başlayıb.