Ukrayna Putinin atəşkəs çağırışını ikiüzlülük adlandırdı

Rusiya-Ukrayna. Svetlana Turchenick/shutterstock

Timoşenko atəşkəs dövründə bir ailənin Rusiya tərəfindən məhv edildiyini deyib

Rusiya Prezidenti Vladimir Putin müdafiə naziri Sergey Şoyquya 6 yanvar saat 12:00-dan 7 yanvar 24:00-dək Ukraynanın bütün təmas xətti boyunca atəşkəs rejiminin tətbiq edilməsini tapşırıb.

Putin bu addımını Patriarx Kirillin müraciəti əsasında atdığını qeyd edib.

Bu barədə məlumatı Kremlin.ru yayıb.

“Pravoslavlığı qəbul edən çoxlu sayda vətəndaşın hərbi əməliyyatların aparıldığı ərazilərdə yaşadığına əsaslanaraq, biz Ukrayna tərəfini atəşkəs elan etməyə və onlara Milad ərəfəsində, eləcə də bayram günü mərasimlərdə iştirak etmək imkanı verməyə çağırırıq”, – deyə Putin bildirib.

Ukrayna Prezidentinin Ofisi Putinin 6-7 yanvar tarixlərində elan etdiyi atəşkəs rejimini ikiüzlülük adlandırıb.

Bu barədə Prezident Aparatı rəhbərinin müşaviri Mixail Podolyak “Twitter”də yazıb.

“Ukrayna Rusiya kimi xarici ərazilərə hücum etmir və mülki insanları öldürmür. Ukrayna yalnız öz ərazisində işğalçı ordunun üzvlərini məhv edir. Rusiya işğal etdiyi əraziləri tərk etməlidir. Yalnız bundan sonra “müvəqqəti barışıq” əldə oluna bilər. “İkiüzlülüyü özünüzə buraxın…”, – deyə Podolyak əlavə edib.

Ukrayna Prezident Ofisi rəhbərinin müavini Kiril Timoşenko isə Ukrayna ərazilərinin hələ də atəşə tutulduğunu deyib.

“Berislav, Xerson vilayəti… Bu gün şəhərdə faciəvi xəbər var. İşğalçıların atdığı mərminin evə düşməsi nəticəsində bir ailə həlak olub. Rusiya səhər “Milad atəşkəsi” haqqında danışır, lakin günortaya qədər bütün ailəni öldürür. Ata, ana və onların 12 yaşlı oğlunun günahı nədir? Əlbəttə, onların, sadəcə, ukraynalı olması faktı“, – Timoşenko vurğulayıb.

Tarixçə

Sentyabrın 30-da Vladimir Putin Rusiyanın nəzarəti ələ keçirdiyi ərazilərlə müqavilə imzalayıb.

Sentyabrın 23-dən -27-dək Rusiyanın işğal altında saxladığı Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərində referendum keçirilib.

Referendumda üç sual qoyulub: “Siz regionun Ukraynadan ayırılmasının, müstəqil dövlət yaradılmasının və Rusiyanın tərkibinə daxil olmasının tərəfdarısınızmı?”

Rusiyanın açıqladığı nəticələrə görə, həmin vilayətlərin sakinləri Rusiyanı dəstəkləyib.

Ana səhifəDünyaUkrayna Putinin atəşkəs çağırışını ikiüzlülük adlandırdı