Komediyaçı-prezidentin partiyası əsas rəqibi Rusiyayönümlü Həyat üçün Müxalifət Platformasını məğlub edib
Ukraynanın Mərkəzi Seçki Komissiyası iyulun 21-də keçirilmiş erkən parlament seçkilərində verilmiş səslərin sayıldığını və Prezident Vladimir Zelenskinin Xalq Partiyasının qalib gəldiyini təsdiqləyib.
Azadlıq Radiosu xəbər verir ki, seçkilərin nəticələri iyulun 26-da komissiyanın saytında yerləşdirilib.
Nəticələrə görə, komediyaçı-prezidentin partiyası səslərin 43.16 faizini toplayaraq əsas rəqibi Rusiyayönümlü Həyat üçün Müxalifət Platformasını məğlub edərək birinciliyə sahib olub. Həyat Naminə Partiyası 13,05 faiz səs toplayıb. Keçmiş Baş nazir Yuliya Timoşenkonun Vətən Partiyası səslərin 8,18 faizini toplayaraq üçüncü yeri tutub. Keçmiş Prezident Petro Poroşenkonun Avropa Həmrəyliyi Partiyası isə vaxtından üç ay əvvəl keçirilən bu seçkilərdə 8.10 faiz səs toplayıb. Rok ulduzu Svyatoslav Vakarçukun Holos (Səs) Partiyası səslərin 5.80 faizini toplayaraq parlamentdə təmsil olunmaq üçün lazım olan beş faizlik həddi keçən növbəti namizəd olub.
Komissiyanın bildirdiyinə görə seçkidə fəallıq 49.2 faiz təşkil edib. Ukraynanın qarışıq seçki sisteminə əsasən, Rada yerlərinin yarısı partiyalar siyahısındakı səslərlə, qalanları isə bölgə üzrə qazanılan səsçoxluğuyla müəyyən edilir. Komissiya qanunverici orqanda yerlərin bölünməsi ilə bağlı bəyanat verməyib, lakin Zelenskinin partiyasının Ali Radada çoxluq qazanacağı gözlənilir. Ukraynanın müstəqillik tarixində ilk dəfə bir partiya parlamentdə çoxluğu qazanır.
Yerli media hesab edir ki, Zelenskinin partiyası 254 yerə sahib olub. Həyat üçün Müxalifət Platforması 43 yer, Vətən Partiyası 26 yer, Avropa Həmrəyliyi Partiyası 25 yer və Holos 20 yer əldə edib.
Seçkilərin yekun rəsmi nəticələri avqustun 9-dan gec olmayaraq müəyyən ediləcək. Parlamentin ilk iclası nəticələrin elanından sonra bir ay ərzində keçiriləcək.