“Ukrayna müharibəsi Rusiyaya qarşıdır və bu savaşı ABŞ aparır” (VİDEO)

“Minsk razılaşması sentyabr razılaşmasının davamıdır. Çünki Yeni Rusiya ordusu Ukrayna ordusunu sıradan çıxardanda Avropa buna getməyə məcbur oldu. Ukrayna ordusu Donbasın infrastrukturunu və yaşayış məkanını dağıtmağı qarşısına məqsəd qoymuşdu. Bununla da digər regionların rusdilli əhalisini qorxudurlar. Suriyada da oxşar situasiyadır, iki ordu döyüşür, amma dinc əhali məhv olur. Amma Donbasda dinc əhali özünü Kiyevdən qoruyur”.

Bu açıqlamanı fevralın 16-da Rusiya İctimai Palatasının üzvü, politoloq Sergey Markov keçirdiyi mətbuat konfransında verdi. Politoloq düşünür ki, indiki razılaşma sentyabrdakından fərqlənməyəcək: “İndiki mərhələdə amerikalılar, ingilislər və polyaklar media, silah və maliyyə baxımından Kiyevə yardım edir. O cümlədən, MKİ və M-6 kəşfiyyatçıları ukraynadadır. Onların hərbi məsləhətçiləri də bu ölkələrdəndir, hətta Yeni Rusiya ordusuna qarşı döyüşənlər də var. Bu barədə çoxlu materillarımız da var. Rusiyanın dəstəyinə gəlincə, şəxsən mənim özümə çoxlu sayda könüllü müraciət edərək, Donbasa getmək istədiyini bildirib, çünki Moskva onları qəsdən sərhəddən buraxmır. Prezident Poroşenkonun Davosda Rusiya pasportlarını göstərməsi saxtakarlıqdır. Axı hərbçilər üstlərində pasport yox, hərbi bilet gəzdirirlər və onlar hərbiyə gedəndə pasportlarını Hərbi Komissarlığa verirlər. Görünür, Poroşenko hərbi xidmətdə olmadığından bu barədə məlumatsızdır. Razılaşmanın federallaşma hissəsinə gəlincə, bu bəndlər işləməyəcək. Federallaşma odur ki, hakimiyyət yerli xalqa verilməli və onlar  öz qubernatorun seçməlidir. Belə olanda, donbaslılar Kiyevə rədd cavabın verəcəklər. Amma Ukrayna hakimiyyətindəki banderiçilər federallaşmaya imkan verməyəcək. Donbas iki yolla Ukraynanın daxilində ola bilər, birinci hərbi yolla, bu isə mümkün deyil, çünki orda güclü ordu var. Hətta NATO ordusundan da. Və Putin özü də deyib ki, Donbasda genosidə imkan verməyəcəyik, bu barədə unudun. İkinci yol sülhdür. Onda gərək amnistiya elan olunsun. Amnistiya isə Odessada, Mariopulda, Maydanda dinc əhaliyə qarşı qırğın törədənlərə olmayacaq. O zaman araşdırma aparmalıdır ki, qırğınlara kimlər sifariş verib? Cavab məlumdur, Maydandakı qırğınları Ukrayna parlamentinin spikeri Turçinov, daxili işlər naziri Avakov və Andrey Porubiev verib. Onların həbsi isə inandırıcı deyil”.

S.Markov bildirdi ki, Ukrayna müharibəsi Rusiyaya qarşıdır və bu savaşı ABŞ aparır: “Əlimizdə konkret faktlar olmasa da, informasiyalara görə, mübaribə qərarı 2013-cü ilin yayında verilib. Bu qərarı verənlər 4 qrupdur: birinci, ABŞ hərbi-sənayesinə rəhbərlik edənlər. İkinci, neft-qaz şirkətləridir, onlar Xodorkovski və Rusiya enerji mənbələrini ələ keçirə bilmədiklərindən bu qərara gəliblər. Üçüncü qrup ABŞ xarici siyasətini aparanlardır, onlar Putinə Suriyadakı mövqeyinə görə cavab verirlər. Dördüncü qrup Edvard Snoudunu Vaşinqtona təhvil vermədiyinə görə Putinə qəzəbli olan kəşfiyyatı təmsil edənlərdir. Bütün bunların arxasında prezident Obama yox, Co Bayden dayanır”.

O, Donbasa Çeçenistan modelini təklif etdiklərini dedi.

Rusiyalı politoloq rəsmi Bakıya AŞPA-da Moskvaya dəstək verdiyi üçün təşəkkürünü bildirdi.

S.Markov Meydan TV-nin “son vaxtlar Rusiyadan Azərbaycana mesajlar gəlir ki, iki ölkənin münasibətləri yaxşılaşır və Moskva Dağlıq Qarabağ məsələsində Bakıya dəstək verə bilər. Bu dəstək nədən ibarət ola bilər” sualına belə cavab verdi: “Atəşkəs müqaviləsinin imzalanmasından keçən illər ərzində Azərbaycanın ordusu da, iqtisadiyyatı da inkişaf edib. Bunu hamı, o cümlədən ermənilər də hiss edir. Artıq blokada vəziyyəti onları bezdirməyə başlayıb. Əminəm ki, bölgədəki insanlar sülh içində yaşamaq və sosial şəraitlərini yaxşılaşdırmaq istəyirlər. Yeni mərhələ üçün isə, ilk növbədə, Dağlıq Qarabağ ətrafındakı rayonlar geri qaytarılmalı, hərbi gərginlik azaldılmalıdır. Ondan sonra xüsusi status ətrafında danışmaq olar. Ümid edirəm ki, 7 rayonun azad edilməsi ilə də bağlı danışıqlar gedir. Əgər bu, baş versə, Ermənistanın Türkiyə və Azərbaycanla ticarət əlaqələri yarana bilər. Rusiya yalnız vasitəçilik edə bilər”.

Ancaq rusiyalı ekspert münaqişənin ATƏT-in Minsk qrupu formatında həllini görmədiyini dedi. Çünki qrupda ABŞ var və daim prosesi bloklamaqla məşğuldur.

Ana səhifəVideo“Ukrayna müharibəsi Rusiyaya qarşıdır və bu savaşı ABŞ aparır” (VİDEO)